İsmayıl Hüseynov toxunulmazdırmı?-Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini ilə bağlı müəmmalı məqamlar çoxalır

İki il əvvəl, 25 iyun 2018-ci il tarixdə prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilən İsmayıl Hüseynovun karyerasında sual doğuran çoxsaylı məqamlar olsa da, bu ona vəzifə pillələrində sürətli yüksəlişə mane olmayıb. 

İsmayıl Hüseynov ilk ali  təhsilini 1996-cı ildə alsa da gömrük orqanlarında 1995-ci ildən xidmət edir. Məlumatlı mənbə “Yeni Sözçü” qəzetinə bildirir ki, həmin dövrdə qüvvdə olan “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən gömrük orqanlarına tam ali təhsilli və hərbi xidmətdə olmuş şəxslər qəbul edilə bilərdi. 21 yaşlı İsmayıl Hüseynovun tam ali təhsili olmadan və hərbi xidmətdə olmadan gömrük orqanlarına xidmətə qəbul edildiyi haqqında məlumatın ciddi izaha ehtiyacı var. 

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynovun karyerasında sual doğuran ikinici müəmma isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Avtonəqliyyat Baş Gömrük İdarəsində üzə   çıxardığı 2 milyon 27 min 800 manatlıq mənimsəmənin üstünün ört-basdır edilməsidir. Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzov eyni hal üzrə istintaqa cəlb edildiyi halda Avtonəqliyyat Baş Gömrük İdarəsindəki 2 milyon 27 min 800 manatın mənimsənilməsi ilə bağlı heç bir tədbir görülməməsi çox müəmmalıdır. Bakı Baş Gömrük İdarəsindən fərqli olaraq Avtonəqliyyat Baş Gömrük İdarəsində mənimsənilmiş milyonların geri qaytarılmasının təmin edilməməsi isə nonsensdir. 

Qeyd edək ki, Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat mənimsəmə 15.12.2017- 31.12.2017-ci il tarixində, yəni 16 gün ərzində baş verib. Bu olay zamanı isə Avtonəqliyyat Baş Gömrük İdarəsinə hazırda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini olan İsmayıl Xəlil oğlu Hüseynov rəhbərlik edib. Onun rəhbərlik etdiyi idarədə 2 milyon 27 min 800 manat mənimsəmə faktı Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən üzə çıxarılsa da, bu İsmayıl Hüseynovun öncə Bakı Baş Gömrük İdarəsinin rəisi, ardınca da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilməsinə mane olmayıb.

İsmayıl Hüseynovun rəis olduğu zaman Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat mənimsənənilməsinə görə cinayət işinin başladılmaması, büdcə vəsaitinin geri qaytarılmasının təmin edilməməsi və üstəlik vəzifə pilləsində daha da yüksəlməsi bu şəxsin karyerasında ikinci böyük müəmmalı məqamdır. 

 

İndi isə üçüncü müəmmlı məqamdan bəhs edək. Dövlət Təhlükəsizlik Xidmətinin casusluqda şübhəli bilərək saxladığı və məhkəmə qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilən Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının işi ilə bağlı İsmayıl Hüseynovun adı hallanır. Belə ki, həbs edilən Abbasquliyeva Lamiyə Elxan qızının Dövlət Gömrük Komitəsinin birinci müavini İsmayıl Hüseynovun yaxın qohumudur.

Xatırladaq ki, gömrük generalının hədəfə gəlməsi onun barəsində son günlər ölkə mətbuatında haqqında yazılanlardır. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) casusluqda şübhəli bilərək saxladığı və məhkəmə qərarı ilə həbs edilən Azərbaycan vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının işi ilə bağlı İsmayıl Hüseynovun adı hallanır. Belə ki, həbs edilən Abbasquliyeva Lamiyə Elxan qızının Dövlət Gömrük Komitəsinin birinci müavini İsmayıl Hüseynovun yaxın qohumu olduğu bəlli olub. Abbasquliyeva Lamiyə Elxan qızı İsmayıl Hüseynovun bibisi qızıdır. 

Lamiyə Abbasquliyevanın qardaşı Emin Hacıyev də Dövlət Gömrük Komitəsinin əməkdaşı olub və onun adı 1 300 000 manatlıq yeyintidə hallanır. 

Çox maraqlıdır ki, karyerası müəmmalı məqamlarla zəngin olan  İsmayıl Hüseynov hələ də Dövlət Gömrük Komitəsinin birinci müavini vəzifəsində çalışır. Bu müəmmalı məqamlara İsmayıl Hüseynovun aydınlıq gətirməsinə çalışacağıq. 

Sozcu.info


Oxşar Xəbərlər

Xəbər lenti