Azərbaycan büdcəsinə nə xalq, nə də Milli Məclis nəzarət edə bilir? - TƏHLİL

B

Dünya üzrə büdcə şəfafflığına dair hesabatlar açıqlanıb. Hər il ənənəvi olaraq açıqlanan hesabatda Azərbaycan büdcəsinin şəffaflıq üzrə göstəriciləri xeyli yaxşılaşıb. Gerçəkdənmi Azərbaycan büdcəsi açıq və şəffafdır? Bu suala cavab axtarmaqdan öncə gəlin qısaca hesabatla tanış olaq.

2022-ci ildə bir qayda olaraq 2 ildən bir hazırlanan Açıq Büdcə İcmalı-2021– in (ABİ-2021) nəticələri açıqlanıb. Azərbaycan Açıq Büdcə İndeksi tarixində ilk dəfə olaraq 120 ölkə arasında 44-cü pillədə (100 mümkün baldan 57 bal) qərarlaşıb.

Bu da 2019-cu illə müqayisədə 37 pillə irəliləyiş deməkdir. Nəticələr hətta bir sıra mütəxəssislər üçün sürpriz oldu və artıq indeks ətrafında xeyli müzakirələr gedib.

Sual olunur, doğrudanmı əldə edilən uğur reallığı tam əks etdirir? Başqa sözlə, dövlət büdcəsinin şəffaflığı və hesabatlılığı ilə bağlı mövcud problemlər fonunda bu irəliləyiş yanlışdır, yaxud metodoloji məsələdir? Hurriyyət.az iqtisad elmləri doktoru, professorİnqilab Əhmədovun bu suallara cavablarını təqdim edir:

“Xatırladıram ki, Açıq Büdcə İcmalı (ABİ) 2006-cı ildən bəri Beynəlxalq Büdcə Tərəfdaşlığı (BBT) tərəfindən tərtib edilir və sonuncu icmal sayca səkkizincidir. Azərbaycan indiyə qədər açıqlanan bütün indekslərdə iştirak edib. 2017-ci ilə qədər Açıq Büdcə İndeksi adlanan bu qiymətləndirmə həmin tarixdən bəri artıq Açıq Büdcə İcmalı adlanır və özündə 3 komponenti ehtiva edir: büdcə şəffaflığı, ictimai iştirakçılıq və büdcəyə nəzarət. Çaşdırıcı məqam ondan ibarətdir ki, büdcə şəffaflılığını, yəni qiymətləndirmə predmeti olan 8 əsas büdcə sənədinin ictimaiyyət üçün əlçatan olmasını qiymətləndirən komponent də Açıq Büdcə İndeksi adlanır.Beləliklə, Azərbaycanın məhz həmin indeksdəki uğuru bilərəkdən və ya bilməyərəkdən bütövlükdə Açıq Büdcə İcmalının nəticəsi kimi təqdim edilir və bununla müəyyən mənada çaşqınlıq yaradılır” deyə professor qeyd edir.

İnqilab Əhmədov hesab edir ki, əslində digər istiqamətlər üzrə geriləmə də var.

BBT son dövrdə büdcə şəffaflığı ilə bağlı yanaşmada (onu da qeyd edək ki, BBT-nin metodologiyası əlahiddə olaraq onun özünün yaratdığı məhsul deyil, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüs və digər qlobal standartlara əsaslanır) prioritetləri dəyişir.

Belə ki, son İcmal üzrə hesabat öncə iştirakçılıq komponenti üzrə sıralamanı (Azərbaycan bu komponent üzrə 100 mümkün baldan cəmi 9 bal toplayıb), bundan sonra büdcə üzərində nəzarət və yalnız sonda şəfafflıq komponentini təqdim edib.

Beləliklə, bir indeksdə, yəni Açıq Büdcə İndeksində əldə edilmiş uğur doğrudan da reallığı əks etdirir, amma onu bütün büdcə idarəetməsinə və xüsusilə, iştirakçılıq üzərində qurulan inklüziv büdcə prosesinə aid etmək düzgün olmazdı.

Yəni büdcənin tərtibi, təqdimatı üzrə irəliləmə olsa da onun idarəedilməsinə dair hesabatlılıq əlçatan deyil.

Professor hesab edir ki, şəfaff büdcə anlayışında ictimai iştirakçılıq mühim bir məqamdır. “Büdcə prosesində ictimai iştirakçılıq bir qayda olaraq büdcə prosesinin legitimliyinə, hökumətə inamın artımına və bununla da prosesin inklüzivliyinin təminatına gətirib çıxarır. Təbiidir ki, ictimaiyyətin iştirakı olmayan büdcə prosesi cəmiyyətin hakimiyyətə inamını azaldır, ən effektiv büdcə siyasəti həyata keçirilərsə belə (hərçənd ki, iştirakçısız büdcə prosesi, digər amillər nəzərə alınmazsa, iştirakçı büdcə ilə müqayisədə, adətən, səmərəsiz olur), tənəzzül dövrlərində hökuməti bütün məsuliyyəti öz üzərinə götürməyə məcbur edir. Halbuki, ictimai iştirakçılıq təmin olunarsa, bu məsuliyyəti bölüşmək olardı”.

Çox maraqlıdır ki, ictimai iştirakçılıqla bağlı vəziyyət daha pisdir. Azərbaycan bu istiqamətdə hətta qonşu Gürcüstandan xeyli geridədir.

Məsələn, əgər ictimai iştirakçılıq komponentində birinci 3 pillədə müvafiq olaraq Cənubi Koreya, Böyük Britaniya və Yeni Zelandiya qərarlaşıbsa, şəffalıq indeksində bu yerləri Gürcüstan, Cənubi Afrika və İsveç bölüşür. Halbuki Cənubi Afrika Respublikası büdcə şəffaflığında 2-ci yerdə olsa da, ictimai iştirakçılıq komponentində 36-cı yerdədir. Lakin bu o deməkdir ki, adı çəkilən istiqamətlərin, ümumiyyətlə, əlaqəliliyi yoxdur?

İ.Əhmədov hesab edir ki, davamlı olaraq yüksək pillədə qərarlaşmaq üçün ilk növbədə büdcə prosesi institutlaşmalıdır. Büdcə sənədlərinin açıqlığı bu və ya digər dövlət qurumunun şəxsi təşəbbüsü olanda onun davamlılığı şübhə doğurur. Misal kimi son indeksdə Aralıq İcmal sənədinin açıqlanmasını göstərmək olar. Bu sənədin davamlı olaraq ictimaiyyət üçün tam, zamanında və beynəlxalq standartlara cavab verən formatda açıqlanması üçün hazırda heç bir qanunverici və institusional tələb yoxdur. Belə çıxır ki, prioritetlər dəyişəndə və ya şəxsi təşəbbüslər olmayanda gələcəkdə bu sənəd açıqlanmaya da bilər. Bu baxımdan Büdcə Sistemi Haqqında qanun xeyli köhnəlib, müasir çağırışlarla ayaqlaşa bilmir.

Parlamentin 3 əsas funksiyası (təmsilçilik, qanunların qəbulu, nəzarət) büdcə prosesində tam öz əksini tapır. Qanunverici orqan öz seçicilərini təmsil etməklə, onların dövlət xərcləmələrində prioritet maraqlarını, büdcə qanununun qəbulunu və nəhayət, büdcə prosesinə nəzarəti həyata keçirir. Azərbaycanda qanunverici orqanın birinci və üçüncü funksiyaları yerinə yetirməsi sual doğurur. Çünki ölkədə parlament seçkiləri azad və ədalətli deyil və büdcənin prioritetlərini qanunverici orqan deyil, prezident müəyyən edib onların qəbuluna nəzarət edir. səbəbdən hər payız Milli Məclisdə büdcə müzakirələri bir növ simvolik xarakter daşıyır.

Azərbaycan məhz bu istiqamətdə xeyli geriləyib. Hurriyyet.az xəbər verir ki, hesabata əsasən ABİ-nin büdcəyə nəzarət komponentində isə yaxşı mövqe (100 mümkün baldan 68 bal) Hesablama Palatasının ümumən peşəkar fəaliyyəti ilə bağlıdır. Məsələ ondadır ki, büdcə nəzarəti 2 alt komponent üzərində qurulur: büdcə üzərində qanunverici orqanın nəzarəti və audit (Hesablama Palatası) nəzarəti. Qanunverici orqan nəzarəti 2019-cu illə müqayisədə 8 pillə geriləyərək hazırkı icmalda 50 bal təşkil edib, audit nəzarəti isə stabil olaraq ən yüksək səviyyədə qiymətləndirilir – 100 mümkün baldan 87. Bu iki nəzarət növünün ortalama qiyməti 68 bal təşkil edib.

Deməli qeyd edilən irəliləyiş faktiki olaraq tərtib və təqdimatı ifadə edir. Büdcə necə xərclənir, hara xərclənir maddələrinə isə ictimai və qanunverici orq1an nəzarəti yoxdur. Bu da ortaya ciddi şübhələr və cavabsız suallar çıxarır.

İqtisadiyyat şöbəsi



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}