AZƏRBAYCAN TÜRK DÜNYASINDA ÖNƏMLİ MİSSİYASINI DAVAM ETDİRİR

“...imkanları cəmləsək, türkdilli dövlətlər dünya miqyasında böyük gücə çevrilər!”

İlham Əliyev (2009-cu il).
Əsası 2009-cu il oktyabr ayının 3-də Azərbaycanın Naxçıvan şəhərində keçirilən Türk dövlətləri başçılarının IX zirvə görüşündə qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Şurası, Türk Birliyi Türk Dünyasının siyasi və iqtisadi gücünün birləşdirilməsinə yeni yön verdi. O zaman qonaqları qədim Naxçıvan torpağında salamlayan Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətlərini birliyə səsləyərək demişdir: “Axı türkdilli dövlətlərin bütün imkanları var-təbii resursları, neft-qaz yataqları, əlverişli coğrafi mövqeyi, güclü iqtisadiyyatı, istedadlı insanları, yeni infrastrukturu. Bütün bu imkanları cəmləsək, türkdilli dövlətlər dünya miqyasında böyük gücə çevrilər!”
Həqiqətən də aradan keçən illər ərzində “Türk Dövlələri Təşkilatı”na çevrilən bu birlik sıralarını genişlətməklə bərabər həm də bütün dünyaya, sözün əsl mənasında, qardaşlıq nümunəsi göstərir.

Son bir neçə ildə Azərbaycanın istər Türkiyə, istər Özbəkistan, istər Türkmənistan, istər Qırğızıstan, istərsə də Qazaxıstanla rəsmi münasibətləri arzuolunan şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, imzalanan müqavilələr, keçirilən görüşlər, bəyanamələr buna bariz nümunədir. Türk Dünyasının gələcəyinə ümidləri daha da artıran görüşlərdən biri də avqustun 24-də, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəridir. Çoxsaylı görüşlərlə tarixdə qalan bu səfər zamanı hər iki ölkə başçısı bəyanatla çıxış etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında qeyd etdi ki, səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışıqlar aparıldı, çoxlu sənədlər imzalandı. Onlardan bəziləri Prezidentlərin iştirakı ilə, 20-dən çox sənəd isə müvafiq strukturlar arasında imzalandı. Münasibətlərin daha geniş hüquqi bazasını yaradan busənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik,qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Prezidentlərin imzaladıqları Bəyannamənin xüsusi yeri var. Çünki bu Bəyannamə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın çox istiqamətlərini ehtiva edir və gələcək fəaliyyət üçün ciddi baza rolunu oynayacaq.
Prezident onu da vurğuladı ki, Qazaxıstan Prezidenti işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Həmin Mərkəzin təqdimatı keçirildi. Qazaxıstanın aparıcı “BI” tikinti şirkətitərəfindən gələn ilin sonunda tikilib istifadəyə veriləcək Mərkəz qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.Qazaxıstanın ali ordeni olan “Altın kıran” (“Qızıl qartal”)ordeni ilə təltif edilən İlham Əliyev bunu bütün Azərbaycan xalqına ehtiram əlaməti, ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi və göstərəcəyi səylərə münasibətin ifadəsi kimi qiymətləndirdiyini vurğuladı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz bəyanatında xüsusi olaraq qeyd etdi ki, “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub və bu işdə, əlbəttə ki, Azərbaycanın milli lideri, bizim qardaş ölkənin Prezidenti İlham Heydər oğlu Əliyevin çox böyük şəxsi xidmətləri var.
Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına toxunan Kasım-Jomart Tokayev Sumqayıt şəhərində küçələrdən birinin qazax xalqının görkəmli nümayəndəsi Əhməd Baytursınovun adını daşıdığını da minnətdarlıqla qeyd etdi. Bildiyimiz kimi, Əhməd Baytursınov 1926-cı ildə Bakıda keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın nümayəndəsi olub. Qazaxıstan Prezidenti paytaxt Nur-Sultan şəhərinin (o vaxt Astana adlanırdı)küçələrindən birinə görkəmli dövlət xadimi, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adının verildiyini, lakin şəhər böyüyüb inkişaf etdiyindən həmin küçənin yerinə daha böyük prospektə Heydər Əliyevin adının verilməsini akimata tapşırdığını da vurğuladı.

Hər iki dövlət başçısının bəyanatı Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın, strateji tərəfdaşlığın uğurlu gələcəyinə inam ehtiva edir. Bu günə qədər yaşanan tarixi müttəfiqlik bundan sonra da yüksələn xətlə davam və inkişaf edəcək.

GÜLLÜ YOLOĞLU 

tarix elmləri doktoru, türkoloq



Oxşar Xəbərlər

Xəbər lenti