"İlham Əliyev xarici planların qarşısını aldı”

 

Bu il Rusiya, Ermənistan və Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu seçkilər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə necə təsir edə bilər?

Azvision.az bu və digər suallarla tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markova müraciət edib. Qarabağ danışıqlarını yaxından izləyən S.Markov deyib ki, onun fikrincə, seçkilərlə əlaqədar danışıqlar prosesinin stimullaşdırılmasına nail olmaq olduqca çətindir: "Hər hansı bir razılaşmaya nail olmaq üçün güzəştə, kompromisə getmək lazımdır. Güzəştə nail olmaq çox çətindir. Kompromislər münaqişə tərəflərindən güzəştlərə gedilməsini şərtləndirir. Lakin həm Ermənistanda, həm də Azərbaycanda ictimai rəy olduqca patriotik xarakter daşıyır, seçkilər zamanı bu tendensiya daha da güclənir, siyasətçilər patriotik əhval-ruhiyyənin girovuna çevrilir, bəzən isə onlar özləri belə əhval-ruhiyyənin yaranmasına şərait yaradırlar. Ona görə də seçkilər ərəfəsində kompromisin əldə olunacağı inandırıcı deyil”.

Jurnalistin "Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Yerli siyasi şərhçilər hesab edirlər ki, seçkinin qabağa çəkilməsi neqativ fatktorlarla bağlıdır. Azərbaycanda baş verənlər Moskvadan necə görünür? Fikrinizcə, hansı xarici faktorlar Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana təsir edə bilər?” sualına cavabında isə məşhur politoloq deyib: "Birincisi, Moskvada bu qərarı Azərbaycanın suveren hüququ kimi dəyərləndirirlər. İkincisi isə prezident seçkilərinin vaxtının irəli çəkilməsinin səbəbləri bizə tam olaraq aydın deyil. Bir mütəxəssis olaraq anlayıram ki, prezident seçkilərinin vaxtının dəyişdirilməsi böyük ehtimalla düşmənin planları (seçki prosesinə müdaxilə, ölkədə vəziyyəti qarışdırmaq) ilə bağlıdır. Ölkə rəhbərliyi seçkilərin vaxtını irəli çəkməklə mümkün xarici planların, onların vəziyyəti gərginləşdirmək cəhdlərinin qarşısını aldı. Moskvada Azərbaycandakı seçkilərin aprel və ya oktyabr ayında keçirilməsindən asılı olmayaraq, İlham Əliyevin qalib gələcəyinə şübhə etmirlər”.

Bu il hər iki ölkədə keçiriləcək seçkilərdən sonra Azərbaycan və Rusiya əlaqələrinin necə inkişaf edəcəyinə gəlincə, S.Markov əminliklə bildirib ki, həm Rusiya, həm də Azərbaycandakı seçkilərdə hazırkı rəhbərlik qalib gələcək: "Nəticədə ölkələr arasında münasibətlər əvvəlki kimi inkişaf edəcək. Hazırda ölkələr arasında olan hörmət, başda iqtisadi, texniki və bir sıra sahələrdə pozitiv trend qorunacaq. Beynəlxalq təşkilatlarda Rusiya və Azərbaycan bir-birini dəstəkləmək mövqeyini sərgiləyir. Düşünürəm ki, 2018-ci ildə bu tendensiya davam etdiriləcək. Mən hər hansı inqilabi dəyişiklərin baş verəcəyini gözləmirəm”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}