ÖLKƏNİ SİLKƏLƏYƏCƏK OLAY, “QATİL” QURBANINI NECƏ XİLAS ETDİ? - VİDEOFAKT

 

Vüqar Gülüşov: "Şor kanal”ın üstünə gətir və orada qətlə yetir. Sonra mənə zəng et və "iş bitdi” de. O halda mən benzin gətirim, birlikdə meyitin üstünə töküb yandıraq ki, iz itsin. Qorxma, əgər səni həbs etsələr, o halda Bulat Ağabəyov səni qurtaracaq. Sonda sənə əlavə 40 min AZN pul da verəcəyik”.

Sozcu.info  bildirir ki, bu günlərdə "Gündəm Xəbər”in redaksiyasına Salyan rayonu, Sarvan kənd sakini Əsədov Təbriz Fərəc oğlu tərəfindən tükürpədici müraciət daxil olub. O, təqdim etdiyi müraciətində qeyd edir ki, "Mənim bu müraciətimi ölkə rəhbəri cənb İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya, daxili işlər naziri cənab Ramil Usubova və aidiyyəti üzrə digər dövlət qurumlarına rəhbərlik edən şəxslərə çatdırasınız. Sizin redaksiyaya gəlib verdiyim video-müsahibədə dediklərimin hər biri də düzgündür. Çünki, məni rayonumuzun imkanlı şəxslərindən biri hesab olunan Vüqar Gülüşov, ölümlə nəticələnə biləcək cinayət əməlini törətməyə təhrik etmişdi. Belə ki, adı çəkilən bu şəxs mənə külli miqdarda pul təklif edib, aralarında hansısa səbəblər üzündən ziddiyətli münasibətləri olan Cabbarov Elşən Mürsəl oğlunu öldürməyi sifariş vermişdi. Onu bildirim ki, Vüqar Gülüşov yay aylarında məni Salyan rayonunun Sarvan kəndi ərazisində yerləşən "Şahdağ” kafesinə dəvət etdi və biz bir yerdə oturub söhbətləşdik. O, söhbət etdiyimiz zaman Elşən Cabbarovla münasibəti olmadığını bildirdi və mənə onu öldürməyi təklif etdi. Belə bir işin müqabilində "beh” olaraq 20 min AZN pul təklif etdikdə, ona bu qədər pulu sən hardan əldə etmisən deyə sual etdim. O halda o, "Bu pulları mənə Baş Mil-Muğan İstismarı idarəsinin rəisi Bulat Ağabəyov verib” dedi. Vüqar Gülüşov mənimlə söhbətində planı belə bir formada həyata keçirməyi təklif etdi və bildirdi ki, "Sən Elşən Cabbarovu bir-iki günə yaxınlıqdakı "Şor kanal”ın üstünə gətir və orada qətlə yetir. Sonra mənə zəng et və "iş bitdi” de. O halda mən benzin gətirim, birlikdə meyitin üstünə töküb yandıraq ki, iz itsin. Qorxma, əgər səni həbs etsələr, o halda Bulat Ağabəyov səni qurtaracaq. Sonda sənə əlavə 40 min AZN pul da verəcəyik”.
Çox keçmədi ki, Vüqar Gülüşovun mənə etmiş olduğu belə bir təklifləri Elşən Cabbarova çatdırdım. Çünki kiminsə həyatına qəsd etmək mənim işim deyildi. Bütün bunlarla bağlı Elşən Cabbarov məlumatlı olduqdan sonra, o, məni Bakıya dəvət etdi və bu barədə DİN-nin 102 xidmətinə məlumat verdi. Onu da bildirim ki, bu məsələlərlə bağlı üstüstə Vüqar Gülüşovla dörd dəfə görüşsəm də, ikinci görüşümüzdən sonra bütün məsələləri Elşən Cabbarova çatdırmışdım. Belə bir səbəblər üzündən də, çox keçmədi ki, bizi Xətai rayon Polis İdarəsinin 38-ci polis bölməsinə dəvət edib, hər ikimizin izahatımızı aldılar. Baş verənlərlə bağlı lazımi iş materialları toplanıb Xətai RPİ-nə göndərilsə də, az sonra Xətai rayon Prokurorluğunda da izahat verməyə dəvət etdilər. İzahatı verdikdən sonra Salyana qayıtdım və iki gündən sonra, Araz və adını tam dəqiqləşdirə bilmədiyim başqa bir müstəntiq mənə zəng edib rayona gəldiklərini bildirdilər. Mən həmin şəxslərlə Sarvan kəndi ərazisində yerləşən "Şahdağ” kafesində görüşdüm və müstəntiqlər yanımda Vüqar Gülüşova zəng edib, ondan yanımıza gəlməsini bildirdilər. Vüqar Gülüşov biz olan yerə gələnə kimi həmin şəxslər mənə bildirdilər ki, "Təbriz əgər sən Vüqar Gülüşovun üzünə durub hər şeyi sübut etsən, o halda ona 12 il iş verilə bilər”. Həmin an bir az tərəddüd etdim, çünki mən kiməsə mərdimazarlıq etmək istəmirdim. El-obada "Sən adam tutdurmusan” deyə məni qınayacaqdılar. Bir qədər vaxt keçdikdən sonra Vüqar Gülüşov yanımıza gəldi və hər şeyi boynundan atdı və bir növ dirəniş göstərib belə bir şeylər olmadığını da bildirdi. Araz adlı müstəntiq "Gedək Bakıya, hər ikinizin izahatınızı almalıyam” dedi. Yolboyu Vüqar Gülüşov mənə yalvararaq "Məni tutdurma, tutdursan sənə nə xeyri olacaq? Mən babayam, yaşımın belə bir vaxtında həbsdə qalmağa halım yoxdur. Mən bilirəm ki, kasıb oğlansan, sənin pula ehtiyacın var. Mən Bulat Ağabəyova deyərəm, sənə təzə "Kamaz” markalı nəqliyyat vasitəsi və əlavə 10 min manat pul da verərik. Gedib olub-qalan problemlərini həll edərsən. Sadəcə izahat yaz ver ki, bu Elşən Cabbarovun planı idi. O, məcbur etdi ki, mən belə yazım”. Mən onun sözünə qulaq asıb ifadəmi dəyişdim və Elşənin əleyhinə izahat yazıb verdim. Vüqar Gülüşovla birlikdə Salyana qayıtdıq. Evə gəldikdə valideyinlərim məsələdən xəbər tutdular və əhvalatı onlara olduğu kimi danışmağımı tələb etdilər. Onlar danışdıqlarımı dinlədikdən sonra, atam anamla birlikdə Bakıya gəlir və poçt vasitəsilə DİN-nə teleqram vururlar. Teleqramda Gülüşovun məni cinayətə, həmçinin ifadəmi dəyişməyə təhrik etməsini qeyd etməklə bərabər, qəti şəkildə də etirazlarını bildirirlər. Bir neçə gündən sonra vəkilimlə birlikdə Xətai RPİ-də oldum və birinci ifadəmin düzgün olmasını, ikinci ifadəmin isə Vüqar Gülüşovun təkidi ilə dəyişdirdiyimi bildirdim. Həmin vaxt bildirdilər ki, bu iş DİN-də araşdırılır. Bir dəfə də məni DİN-nə çağırdılar, amma vəkilimi içəri braxmadılar. DİN-də məndən soruşdular ki, "İfadələrindən hansı düzgündür?”. O halda qeyd etdim ki, birinci ifadəm düzgündür. Buna baxmayaraq onlar birinci ifadəmi qəbul etmədilər və Müşfiq adlı müstəntiq mənə hədə-qorxu gələrək, "Bunu da içəri atın” dedi. Həmin vaxt vəkilim məni bayırda gözləyirdi. Düzdür, bir qədər DİN-də qalsam da, çox keçmədi ki, heç bir ifadəm alınmadan məni sərbəst buraxdılar. İndi başa düşürəm ki, mən Baş Mil-Muğan İstismarı idarəsinin rəisi Bulat Ağabəyovun və Vüqar Gülüşovun qurduqları oyunun "qurbanı olmuşam”. Bəli, bunu gec anladım, indi isə hər şeyi açıq danışıram, kiminsə də oyunçusu olmaq istəmirəm. Düzdür, çoxları kimi mənim də pula ehtiyacım var, amma kiminsə əleyhinə yalan ifadə vermək istəmirəm. Belə bir addımı ataramsa, o halda valideyinlərim məni heç cür bağışlamazlar. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim yazdıqlarımı və sizə verdiyim canlı video-müsahibəni ictimailəşdirib, geniş ictimaiyyətin
diqqətinə çatdırasınız”.



P.S. Əsədov Təbriz Fərəc oğlunun iddialarını əsas tutaraq, Vüqar Gülüşovla əlaqə saxladıq və ondan səslənən ittihamlara münasibət bildirməsini də xahiş etdik. Məqsədimiz Təbriz Əsədovun iddiaları əsasında hazırlanmış məqalənin birtərəfli qaydada deyil, məhz qarşı tərəfin mövqeyini öyrənməklə dərcinə nail olmaq idi. Çox keçmədi ki, məqalədə adı çəkilən və vətəndaşı ağır cinayətlər törətməyə təhrik edən, həmçinin daha çox ittiham obyektinə çevrilən Vüqar Gülüşov redaksiyamıza təşrif buyurdu və bir çox məsələlərlə bağlı öz mövqeyini də ifadə etdi. O, bildirdi ki, "barəmdə səslənən ittihamlar tamamilə yalandır. Bulat Ağabəyov mənə heç zaman pul verməyib. Sifariş məsələsinə gəldikdə isə, onu deyə bilərəm ki, Təbriz müstəntiqə verdiyi izahatında sifarişin Elşənlə "Ay işığı” restoranının sahibi Məmməd adlı şəxs tərəfindən verildiyini dedi. Mən, yaxud da bir kimsə onu belə bir izahat yazmağa məcbur etməyib. Heç vaxt ona deməmişəm ki, sən hansısa addımını at, Bulat müəllim sənin təminatlarını ödəyəcək. Ümumiyyətlə, Təbriz Əsədov izahatlarını bir neçə dəfə dəyişib. Bütün bu işlər onun ata-anasının etdikləri şikayətlər əsasında baş tutub. Xətai polisində Təbriz Elşəni söydü və ona bildirdi ki, "Məmmədlə sən məni öyrətdin ki, sən Vüqarın üzünə dur. Elşən ona heçnə deyə bilmədi”. 
Onu da bildirək ki, Təbriz Əsədovun iddiaları əsasında əsas ittiham olunan şəxslərdən biri də, Baş Mil-Muğan İstismarı idarəsinin rəisi Bulat Ağabəyov olduğundan, növbəti məqalədə adı çəkilən şəxsin də mövqeyini öyrənməyə çalışacağıq. Çünki, bu mövzu olduqca diqqəti cəlb edən mövzulardan biridir. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}