Nazirlər - Oqtay Şirəliyevlə Şahin Mustafayev baş-başa gəlir

 

Dərmanların qiymətinin tənzimlənməsində hökumət sabotaj eləyir?

Deputatın "Avromed” şirkəti 5 gündür qapılarını apteklərin üzünə bağlayıb


Qarlı havaları bəhanə edib ölkəyə dərman idxal edən şirkətlərin apteklərə dərman buraxmaması haqda yazmışdıq. "Zeytun”, "Avromed”, "Diamed”, "Zəfəran” və digər dərman satan şirkətlər Tarif Şurası qarşısında məsələ qaldırıblar ki, ya dərmanların qiyməti dərman şirkətləriylə razılaşdırılsın, ya da anbarlardan dərman preparatları apteklərə paylanmayacaq. Dərman şirkətlərini narazı salan məsələ də ondadır ki, Azərbaycanda dərman istehsalı olmadığına görə, məhsullar xaricdən idxal olunur.
Dolların manata nisbətdə məzənnəsinin güdən-günə artması isə Tarif Şurasının bütün apteklərdə dərman preparatlarına qoyduğu vahid qiymətlə uyğunsuzluq yaradır və nəticədə ölkəyə dərman gətirən şirkətlər ziyana məruz qalır. Bu isə həmin şirkətlərdə narazılıq yaradır. Məsələn, dərman şirkətinə 3 dollara başa gələn dərman preparatına Tarif Şurası 3 manat 50 qəpik qiymət qoyur ki, bu da sahibkarı ziyana məruz qoyur.
Hurriyyet.org-a daxil olan məlumata görə, artıq 5 gündür ki, Azərbaycanda ən böyük dərman idxalçısı olan "Avromed” tibb şirkəti qapılarını apteklərin üzünə bağlayıb.
Qeyd edək ki, bu şirkətin millət vəkili Cavanşir Feyziyevə məxsus olduğu bildirilir. "Avromed”ə müştəriləri sırasına 15-ə yaxın dövlət xəstəxanası, 150-yə yaxın özəl klinika, eyni zamanda 2 min fərdi aptek və digər qurumların daxil olması haqqında mətbuatda məlumatlar var. Dərman preparatlarının baha qiymətə satılmasında ən çox adı çəkilən şirkətlərdən biri də məhz "Avromed”dir.
Belə çıxır ki, hökumətin "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiqi haqqında qərarı dərman şirkətləri tərəfindən narazılıqla qarşılanır.
Bu qərara görə, Səhiyyə Nazirliyi dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri İqtisadiyyat Nazirliyinin nəzdində olan Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Tarif Şurasının sədri isə iqtisadiyyat naziri Şahin Mustafayevdir.
Belə qənaət yaranır ki, ölkəyə dərman idxalında aparıcı rol oynayan şirkətlər hökuməti sabotaj edir.
Bu dərman şirkətlərinin fəaliyyətinə xeyir-dua oxuyan Səhiyyə Nazirliyi isə çaşqın vəziyyətdədir. Ən azından nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi əməkdaşının məsələ ilə bağlı mövqe bildirməyib, bizi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əlkəbərovaya yönləndirməsi, E.Ələkbərovanın isə qeyri-müəyyən cavablarından görünür ki, nazirlik də bu məsələnin çözülməsində maraqlıdır, amma "ilanı Seyidəhməd əli” ilə tutmaq istəyir”.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bu məsələ barədə məlumatsız olsa da, araşdırıb, redaksiyamıza məlumat verəcəyini desə də, günün sonunadək heç bir məlumat vermədi.
Belə görünür ki, Nazirlər Kabinetinin müvafiq qərarının düzgün icra olunması üçün səhiyyə naziri Oqtay Şirəliyevlə iqtisadiyyat naziri Şahin Mustafayevin baş-başa gəlməkdənsə, ortaq düşüncəyə gəlməsi dərmanların əlçatan olmasına, münasib qiymət və keyfiyyətinə rəvac verər. Amma təəssüf ki, neçə vaxtdır mətbuatın çözmək istədiyi bu məsələnin həllində hər iki nazirlik tərəfindən heç bir cəhdlərin edilməsi görünmür.

Nigar, Hurriyyet.org


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}