Tarif Şurası qiymətlərə “od vurdu”

Tarif Şurası qiymətlərə “od vurdu”

 

İnfilyasiya, yeni devalvasiya artıq qapıdadır

Tarif (qiymət) Şurasının 28 noyabr tarixli iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Şuranın iclasında həmçinin yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın yeni məzənnəsinə uyğunlaşdırılıb. Tarif Şurasının bu addımını qısa olaraq yeni bahaşmanın başlanğacı da adlandırmaq olar. Ancaq artıq başlanan bahalaşmanın günahı Tarif Şurasında deyil. Tarif Şurası sadəcə olaraq qarşısı alınmaz prosesi qeydə alıb. Günah isə əslində de-fakto müafiq cavabdehlərin üzərindədir. Hökumət bahalı neft dövründə yürüdülən  yanlış siyasətin nəticələri ilə üzləşib. Hazırda həmin isə yanlış siyasət davam etdirilir. Bir müddət əvvəl dərman vasitələrinin vahid qiymətlərinin müəyyən edilməsi cəhdi də belə yanlış addımlardan idi. Dərman vasitələrinin vahid qiymətlərinin müəyyən edilməsi fonunda dolların qısa müddət ərzində 1,5 manatdan 1,72-ə kimi yüksəlməsi dərman bazarını iflic etdi. Apteklərdə 70 faiz dərman qıtlığı, dərman depolarından apteklərə dərman verilişinin dayandırılması haqqında narahatedici xəbərlər yayılmağa başlamışdı. Qeyd edək ki, yerli istehsal dərmanlara olan tələbatın yalnız 20 faizini təmin etmək gücündədir. Yəni bu  80 faiz idxaldan asılıdır. İdxal olunan dərmanların qiymətləri isə manatın dollar, avro kimi valyutalar qarşıısnda məzənnəsindən aslıvəziyyətə düşür. Hökumətin bu qiymətləri tənzimləməsi isə çox səhv addım idi. Ümumiyyətlə, hökumətin bazar iqtisadiyyatını inzibati yolla tənzimləmək cəhdi belə böhranlı vəziyyətlərdə odun üzərinə benzin tökməkdən başqa bir şey deyil. Hökumətin dərmanların qiymətlərini tənzimləməyə cəhd etməsi depolarda dərmanların tükənməsinə və xəstələrin rəsmən ölümlə üz-üzə qoyulmasına səbəb oldu. Buna görə də Tarif Şurasının dərmanların qiymətinə növbəti dəfə əl gəzdirəcəyi labüd idi.

Tarif Şurasının bu addımından sonra idxalatçılar yenidən dərman idxalına başalayacaqlar. Ancaq bu dəfə əhali bahalı qiymətlərlə üz-üzə qalacaq. Həmdə yalnız dərmanların bahalaşması faktı ilə üzbə-üz qalmayacaqlar. Təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərində baş verən dəyişiklik bütün malların və xidmətlərin qiymətlərinin bahalaşmasına təsir edəcək. Ucuz neftin bütün iqtisadiyyatı neftdən asılı ölkələr üçün çox ciddi problemlər gətirəcəyi nə qədər gözlənilən idisə, bu prosesin belə tezliklə baş verəcəyi bir qədər gözlənilməz oldu. Görünür, hökumətin hesablamaları özünü doğrultmayıb və indi iqtisadiyyatda "domino effekti” ilə qarşılaşıb. Hökumətin bir addımı dərhal çoxsaylı problemlərə səbəb olur. Həmin problemlərdən birini inzibati yolla tənzimləmək cəhdi isə daha ciddi problemlərə səbəb olur. Hökumət bir yandan manatın kursunu nəzarətdə saxlamağa,kəskin devalvasiyaya imkan vermək istəmir. Bu siyasət ölkədə qıtlığıa səbəb olur. Qıtlığı aradan qaldırmaq üçün qiymətləri bahalaşdırmağa başlayır və bu proses infilyasiyanı da, devalvasiyanı da qaçılmaz edir. Ancaq hökumətdə anlayırlar ki, bu yalnız ilk görüntülərdir. Bahalı qiymətlər sosial böhranı tezləşdirəcək və dərinləşdirəcək. Çox təəssüf ki, bir il əvvəl təcili iqtisadi islahatlar keçirilməsinə çağrışlar ediləndə hökumət həmin səsləri dinləmədi. Neftin yenidən bahalaşacağına bəslənən ümidlər islahatların keçirilməsinə mane oldu. Hökumət güzəştə getmək istəmir və bu mövqe bundan sonra onun özünün əleyhinə işləyəcək. Çünki, ucuz neftin hansı bəlalar gətirdiyini Venesuela kimi ölkələrin nümunəsindən görmək olar. İndi elə bir vəziyyət yaranıb ki, prosesləri inzibati yolla tənzimləmək mümkün deyil.

Bütün bunlar azmış kimi nüfuzlu maliyyə qurumları Azərbaycan iqtisadiyyatında böhranın davam edəcəyi ilə bağlı xəbərdarlıq edirlər. Çox maraqlıdır ki, böhrandan çıxış yolu kimi inkişaf etmiş ölkələrlə yaxınlaşmaq kursu əvəzinə rəsmi Bakı böhran məngəsində boğulan Rusiayaya meyillənir. Bu siyasəti isə heç anlamaq mümkün deyil. Rusiyanın bizi böhrandan çıxaracaq nə maliyyə, nə də texnologiyası mövcuddur. Rusiyanın özündə pisləşən iqtisadi vəziyyət onunla bir yerdə olanlara ciddi zərər vuracaq. Buna görə də, Rusiyanın müttəfiqləri ondan məsafə saxlamağa, Qərblə münasibətlərini bərpa etməyə  çalışırlar. Belarus hökumətinin Rusiyadan məsafə saxlamaq və Qərblə münasibətlərini yumşaltmaq cəhdi əslində indi hamıya dərs olmalıdır. Ancaq rəsmi Bakı hansısa hisslərin təsiri altında Rusiyaya daha çox meyillənir və Qərbdən uzaqlaşır. Prezident İlham Əliyev çox aydın şəkildə Avroatlantik məkana inteqrasiaynın qəbul edilməz olması haqqında bəyanatlar verib. Əlbəttə, alternativ inteqrasiya məkanı olsaydı, Avroatlantik məkana intieqrasiya önəmli olmazdı. Rusiyanın təklif etdiyi intiqrasiya məkanı isə Azərbaycanın dərdlərinə dərman olmayacaq, əksinə əlavə dərdlər gətirəcək.

Hələlik isə Tarif Şurasının 28 noyabr tarixli iclasının nəticələrinin ölkəni sürükləyəcəyi sosial böhranın siyasi böhrana keçməsinin qarşısını almaq haqqında düşünmək lazımdır. Hökumət bu məsələdə də inzibati vasitələrdən istifadə etmək istəsə, o zaman dəyişikliklərə olan bütün ümidlər sönəcək. Tarif Şurasının od vurduğu qiymətlər isə bütün ölkəni yanğın hədəfinə  çevirə bilər.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}