“Qaragözova” klinikası niyə böyük məbləğdə cərimələnib? -


Qaragözova” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində Səhiyyə Nazirliyi tərəfindən inzibati qaydada tərtib olunmuş protokolun detalları məlum olub.

Sozcu.info xəbər verir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, MMC-yə məxsus klinikada aparılan planlı yoxlama zamanı sertifikasiyadan keçməyən 19 nəfər işçi, lisenziyadan kənar iş və fəaliyyət, yəni rentgenoloji iş aşkarlanıb.

Klinikanın nümayəndəsi məhkəmədə bildirib ki, 2019-cu ildə işçiləri sertifikasiya almağa göndərmək üçün Səhiyyə Nazirliyinə müraciət edib.

Lakin onlara şifrə, parol və reyestr kodu verilməyib.

Daha sonra isə pandemiya başlayıb.

Həmin ilin may ayında işçilərin sertifikasiyaya göndərilməsi ilə bağlı yenidən Səhiyyə Nazirliyinə müraciət edilib. Bu dəfə də müraciətinə cavab verilməyib.

Məhkəmə sənədində qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) və 215.4-cü (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddələri ilə inzibati qaydada protokol yazılıb.

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baş tutan iclasda Səhiyyə Nazirliyinin apardığı yoxlamalar üzrə tərtib etdiyi protokol təsdiq olunub.

Klinika 6 min manat məbləğində cərimə olunub.

Xatırladaq ki, “Qaragözova” MMC Nəsimi rayonu ərazisində tibbi klinika kimi fəaliyyət göstərir.

Mətbuatda yayılan məlumata görə, “Qaragözova” MMC Milli Məclisin üzvü Ağalar Vəliyevə məxsusdur.



Oxşar Xəbərlər

Xəbər lenti