Zamirə Hacıyeva presedenti

 

Zamirə Hacıyeva presedenti

 


 

Bu hüquqi presedent kimlərə qarşı tətbiq oluna bilər?

 

Uzun illər ərzində Böyük Britaniya çirkli pulların sərbəst dövriyəyə buraxılması üçün əlverişli məkanlardan hesab olunurdu. Ancaq "İzahedilməmiş sərvət sərəncamı” (ing. Unexplained wealth order) adlı qanunun qəbulu vəziyyəti köklü şəkildə dəyişdi. Bu qanun Milli Cinayət Agentliyinin təhqiqatçılarına Böyük Britaniyaya 50 min funt sterlinqdən artıq sərmayə qoyan əcnəbilərdən sərvətlərinin mənbəyini göstərməyi tələb edə bilər. Əgər bir şübhəli əcnəbi sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü müsadirə etmək üçün Ali Məhkəməyə müraciət edə bilər. Bu qanunun rusiyalı oliqarxlara qarşı tətbiq olunacağı gözlənilsə də, ilk dəfə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevayaqarşı tətbiq olundu. Böyük Britaniyanın Milli Cinayət Agentliyinin təhqiqatçıları onun kapitalını şübhəli hesab ediblər və xanım Hacıyevadan sərvətinin mənbəyini göstərməyi tələb ediblər.

Londonun mərkəzindəki 15 milyon funt-sterlinq dəyərində evində yaşayan 55 yaşlı Zamirə Hacıyevanın həbs olunması xəbəri yalnız Azərbaycan mətbuatında deyil, bir çox ölkələrin mətbuatının bir neçə günlük əsas xəbərlərindən oldu. Media bu olayın "İzahedilməmiş sərvət sərəncamı”nın işə düşməsi və bununla da hüquqi presedentin yaranmasına səbəb olmasından danışılır. Məlum olduğu kimi Böyük Britaniya konstitusyası olmayan, qanun və presedentlər əsasında idarə olunan dövlətdir. İndi, Zamirə Hacıyevanın 500 min funt-sterlinq məbləğində zaminə buraxılmasına baxmayaraq, ekspertlər artıq hüquqi presedentin yarandığını əminliklə iddia edirlər. Yeri gəlmişkən, 500 min funt-sterlinq məbləğində zaminə buraxılan Zamirə Hacıyeva Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir. Eyni zamanda Zamirə Hacıyeva sərvətinin mənbəyini göstərə və qanuniliyini sübut edə bilməsə, bütün sərvəti ilə vidalaşmalı olacaq. Eyni zamanda Zamirə Hacıyevanın həbs olunacağı da çox real olaraq qalır.

Zamirə Hacıyeva yaranmış vəziyyətdən peşəkar vəkillərin köməyi ilə çıxmağa çalışdığı bir zamanda, hər kəs "Zamirə Hacıyeva presedenti”nin növbəti qurbanları haqqında danışmağa başlayıb.

Məsələn ekspert Əkrəm Həsənov bəyan edib ki, onda olan məlumata görə  Böyük Britaniya yaxın vaxtlarda sabiq spiker Rəsul Quliyevin və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun əmlakına da həbsi qoymaq niyyətindədir. "Ümumiyyətlə, London hələlik yalnız Azərbaycanın ədalət sistemi ilə problemləri olan azərbaycanlıların pulunu alır”.

Ancaq fərqli məlumatlar da var və həmin məlumatlar daha etibarlı hesab olunur. Belə ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyinin 700 nəfərə yaxın əcnəbinin sərvətinin mənbəyi ilə bağlı araşdırma aparması haqqında dünya mətbuatı dəfələrlə yazıb. İstisna deyil ki, Zamirə Hacıyevanın məsələsinin ilk iş olması da Milli Cinayət Agentliyinin hüquqi presedent yaratmaq istəyindən irəli gəlib. Məhkəmə presedenti Böyük Britaniyada geniş yayılıb və qanunlar qədər önəmə malikdir. İndi yaranan "Zamirə Hacıyeva presedenti”nin sərvətinin mənbyi Milli Cinayət Agentliyi tərəfindən araşdırılan 700 nəfər əcnəbinin hər birinə qarşı tətbiq oluna bilər.

Zamirə Hacıyeva presedenti

Ekspertlər hesab edir ki, Monokoda rusiyalı milyader Dmitri Rıbolovlevin həbs olunması da "Zamirə Hacıyeva presedenti”nin yaratdığı yeni siyasi-hüquqi şəraitin nəticəsidir. Çox maraqlıdır ki, sərvəti 6 milyard dollara çatan Dmitri Rıbolovlevi Monakonun hökmüdarı, knyaz İkinci Alberin ən yaxın dostu, "Monako” futbol klubunun sahibi, qiymətli rəsm əsərlərinin kolleksioneri olması da xilas edə bilməyib. Rusiyalı milyader Monako ədliyyəsinə təsir göstərməkdə, korrupsiyada və çirkli pulların yuyulmaısnda ittiham olunur. Çox maraqlıdır ki, Dmitri Rıbolovlev2005-ci ildən yaşadığı Monakoda ötən həftənin ikinci günü, sahibi olduğu futbol klubunun cempionlar liqası çərçivəsində Belçikanın "Brügge” futbol klubu ilə oyununa baxmaq üçün stadiona getmək məqsədilə villasından çıxarkən həbs olunub.Qeyd edək ki,milyarder Sen-Trope villasını  bir neçə il əvvəl 60 milyon avroya alıb. Ümumiyyətlə, onun Monakodakı daşınmaz əmlakının ümumi dəyəri 380 milyon avro məbləğində qiymətləndirilir.

 

Bütün bu hallar yaxın günlərdə Avropdan haylı-küylü həbs xəbərləri gələcəyini proqnozlaşdırmağa imkan verir. Adının çəkilməsini istəməyən mənbə bidirir ki, bu proseslərin gələn ildən sürətlənəcəyini gözləmək daha doğru olar. Çünki, bu ayın sonu, gələn ayın əvvələrində ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni sanksiyalar qəbul edəcəyi gözlənilir. Avropa və Böyük Britaniyanın siyasi dairələrinin ABŞ-ın yeni sanksiyalarını gözlədiyini nəzərə alsaq, deməli əsas proses yeni ildən sonra başlayacağı haqqında proqnozları həqiqətə daha yaxın hesab etmək olar. Azərbaycanlı oliqarxlar içərisində kimin problemlə üzləşə biləcəyi haqqında məlumata gəldikdə isə, ekspert Əkrəm Həsənovdan fərqli olaraq biz sabiq spiker Rəsul Quliyevin və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Milli Cinayət Agentliyinin növbəti hədəfləri olacağını düşünmürük. Çünki, bu şəxslər ABŞ-da yaşayırlar və Böyük Britaniya Milli Cinayət Agentliyinin "əli” okeanın o tayına çata bilməz. Ekspert Əkrəm Həsənovdan fərqli olaraq biz hesab edirik ki, Böyük Britaniya Milli Cinayət Agentliyinin Azərbaycanlı oliqarxların arasında yeni hədəfi Londonda məskunlaşmış məmur övladlarından biri ola bilər. Məsələn, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin olma ehtimalı daha çoxdur.

Ümumiyyətlə isə "Zamirə Hacıyeva presedenti”nin Azərbaycanda korrupsiya yolu ilə külli miqdarda sərvət ələ keçirən, həmin sərvətin bir hisssəini Londona daşıyan istənilən oliqarxa qarşı tətbiq olunacağına heç bir şübhə ola bilməz.

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti