Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Namizəd Səfərov: "Yuxarıdan göstərişlə bankları müflis elan edirlər... Mən indiyə kimi hansısa fiziki şəxsin müflis hesab olunmasına rast gəlməmişəm”
Bildiyimiz kimi, aprelin 23-də Milli Məclis birinci oxunuşda "Müflisləşmə və iflas haqqında” Qanun layihəsini qəbul edib. Qanuna dəyişiklikləri şərh edən bəzi hüquqşünaslar hesab edir ki, layihə bütövlükdə müflisləşmə prosesini sadələşdirməklə yanaşı, fiziki şəxslərə münasibətdə mürtəce xarakter daşıyır. Yəni ""Müflisləşmə və iflas haqqında” Qanununun 1. 2-ci maddənin 2-ci hissəsinin dördüncü abzasında "fiziki və hüquqi şəxslərə” sözləri "müəssisəyə və fərdi borcluya” sözləri ilə əvəz edilsin” ifadəsi fiziki şəxslərin müflisləşmə hüququnu ləğv edir.
"Mən indiyə kimi hansısa fiziki şəxsin müflis hesab olunmasına rast gəlməmişəm”
"Müflisləşmə və iflas haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı hüquqşünas Namizəd Səfərov "Hürriyyət”ə dedi ki, o, qanuna edilmiş dəyişikliklərdə mübahisə yaradan hala rast gəlməyib: "Əvvəlcə də elə idi. Onsuz da fiziki şəxslərin müflisləşməsi yox idi. Mən indiyə kimi hansısa fiziki şəxsin müflis hesab olunmasına rast gəlməmişəm. Sən rast gəlmisən ki, vətəndaş getsin, ərizə yazsın ki, "qardaş, mən müflis olmuşam, borclarımı verə bilmirəm”. Azərbaycanda belə praktika yoxdur. Məsələn, kiminsə obyekti yanıb, yaxud hansısa fiziki şəxs devalvasiyaya görə müflis olub, görmüsən? Xeyri yoxdur, bizdə məhkəmə heç vaxt o adamları müflis elan etmir. Deyir, onsuz da göstəriş veriblər ki, heç bir müəssisəni, şəxsi müflis elan etməyəcəyik, bu ancaq yuxarıdan göstərişlədir. Ən azı müflis şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Azərbaycanda elə bir fiziki şəxs yoxdur desin, "hesab edin ki, mən müflis olmuşam, borclarımı verə bilmirəm”. Belə bir şey yoxdur. Hazırda banka borcu olan, ödəyə bilməyən şəxslər haqqında məhkəmə qərar çıxarır ki, ödəsin, onu da ödəməyəndə həbs edirlər. Elə müəssisələr var ki, borcları var, özlərinin müflis olduqlarını deyirlər, onlarda cinayət tərkibi olarsa, həbs edə bilərlər. Ancaq dünya praktikasında belədir ki, müqavilə üzrə borclarını yerinə yetirə bilmirsə, buna görə vətəndaşı həbs etmək olmaz. Belə bir qanun var. Amma bizdə borcunu ödəməyənlərə əvvəlcə dələduz kimi cinayət işi qaldırırlar. Yəni o borcu qəsdən götürüb, məqsədi o olub ki, borcu qaytarmayacaq. Bunu dələduzluq kimi qeyd edirlər. Ondan sonra, mülki qaydada məhkəmə qərar çıxarır ki, bu, borcludur, pulu verməlidir, o da verə bilmir. Məhkəmə qərarını icra etmədiyinə görə də həbs edirlər”.
"Vətəndaşdan 10 faizlə depozitə pul götürüb, o biri vətəndaşa 25 faizə pul verən bank müflisləşərmi?”
"Bizim qanunda hər şey uydurmadır. Bu günə kimi Azərbaycanda bir nəfər fiziki şəxs, hüquqi şəxs və yaxud müəssisə özü xoşu ilə gedib məhkəmədə iddia qaldırıb ki, müflis olmuşam, bunun biri də həyata keçməyib. Ancaq yuxarıdan göstərişlə bankları müflis elan edirlər ki, onları vətəndaşlara olan borclarını ödəməsinlər. Müflisləşmiş bankların qaplarını bağlayıblar, onun direktorları deyir,"mən işə gəlmişəm, qapını açmağa qoymurlar ki, müəllim, siz müflisləşmisiniz”. Deyirəm, "mən müflisləşməmişəm, mənim ödəmə qabiliyyətim var”, deyir, "yox, yuxarıdan göstəriş var, sən müflisləşmisən, gedin, evinizdə oturun”. Yəni bizdə banklar belə düşünülmüş şəkildə müflisləşirlər. Vətəndaşdan 10 faizlə depozitə pul götürüb, o biri vətəndaşa 25 faizə pul verən bank müflisləşərmi? Heç vaxt. Bizim ölkəmizdə bank niyə müflisləşməlidir? Hamı banka gedir, hamı evini-eşiyini qoymağa hazırdır ki, bankdan məbləğ götürsün. O niyə müflisləşməlidir ki? Müflisləşmə bizdə yuxarıdan göstərişlə həyata keçirilir ki, vətəndaşların pullarını ələ keçirsinlər. "Beynəlxlaq Bank”a ödənilmiş pullar var ki, bunları kiminsə göstərişi ilə ofşor firmalara köçürüblər. Bankı tuta da bilmirlər. Çünki bilirlər deyəcək ki, "qardaş, sən dedin, mən köçürdüm, özbaşıma deyildim ki, o qədər pulu ofşor firmalara köçürmüşəm”. Ona görə də onları müflis elan edirlər ki, bu məsələnin üzərindən xətt çəkələr. Yəni hamısı düşünülümüş şəkildədir”,-deyə hüquqşünas vurğuladı.
"Avropanın mütərəqqi normaları var, heç birinə əməl olunmur”
N. Səfərov nəzərə çatdırdı ki, Avropanın tərəfdaş çıxdığımız qanunlarının birinə də bu ölkədə əməl olunmur: "Avropanın mütərəqqi qanunları var ki, Avropa Şurasına daxil olarkən biz onları yerinə yetircəyimizə söz vermişik, üzərimizə öhdəlik götürmüşük. Ondan başqa, mütərəqqi normaların qanunlara daxil olmasını öhdəmizə götürmüşük. Hansı qanunlar ki, Avropa Şurasının nəzarəti altında qəbul olunub, indi gedin, baxın o normalar o qanunlarda yoxdur. Bu dövr ərzində o mütərəqqi normaların hamısını qanunlardan çıxarıblar. Baxın, Milli Məclis bir gün ərzində 20 əlavə və dəyişiklik edir. Hamısı mürtəce normaların oraya daxil edilməsi ilə bağlıdır. Avropanın mütərəqqi normaları var, heç birinə əməl olunmur, hansı ki, öhdəlik götürülüb. İndi də mayın ortalarına yaxın tərəfdaşlıq sazişi imzalanmalıdır, orada Avropa Şurasının əsas tələblərindən biri demokratik normaların qanunlara öz əksini tapmasıdır və bu normalara əməl olunması tələbidir. Ona görə, uzadırlar. Onsuz da Avropa Şurasına daxil olarkən üzərlərinə götürdükləri öhdəliklərin heç birini yerinə yetirmirlər, əlavə daha öhdəliklər götürməyə lüzum yoxdur”.