Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
E.Məmmədovla söhbətimizdə yeni təyinatı, ölkədə gedən dəyişikliklər, yüksək vəzifələrə gənc kadrların irəli çəkilməsi, növbədənkənar parlament seçkiləri və digər aktual məsələlərə toxunmuşuq. Onun "Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
- Elton müəllim, yeni vəzifəyə təyinatınızı gözləyirdinizmi və prorektor fəaliyyətinizlə vidalaşmısınızmı?
- Bir adam iki dövlət qulluğunda işləyə bilməz. Bu təyinatı gözləmirdim. Allahın köməyi ilə işə başlamışıq.
- "Yüksək Texnologiyalar Parkı” MMC-nin rəhbəri kimi bu istiqamətdə hansı işlər görülməlidir?
- Bu qurumun yaradılmasında məqsəd ölkəmizin iqtisadiyyatının davamlı, dayanıqlı olmasına töhfə verməkdir. Elmin kommersiyalaşmasına, kommersiyalaşmış elmi yeniliklərə, yüksək texnologiyalara həm rezidentlər, həm qeyri-rezidentlər cəlb etməklə iqtisadiyyata dəstək verilməlidir. Xüsusən də qeyri-neft sektoruna dəstəkdən söhbət gedir. Məncə, məqsəd bundan ibarətdir.
- Prezident tərəfindən vəzifələrə daha çox gənclər təyin edilir. Sizcə, onlar özlərini doğrulda biləcəkmi?
- Vallah, bunu zaman göstərəcək. Mən dəfələrlə bildirmişəm ki, prezidentin təyinatı və işdən azad etməsi müzakirə edilməz. Çünki onun müstəsna səlahiyyətidir. Ən azı arzu edərdim ki, hər bir etimad göstərilən insan yaşından asılı olmayaraq vəzifəyə, qulluğa hazır olmalıdır.
- Siz heç vaxt vəzifəsiz qalmamısız, indi də MMC rəhbəri təyin olundunuz. Ziya Məmmədovun da vəzifəyə gedişi gözlənilirmi?
- Mən deputat olarkən də elmi və pedaqoji fəaliyyətlə, tədqiqatla məşğul olmuşam. İndi də kafedra professoruyam, mühazirələr deyirəm. Ancaq yenə bildirirəm ki, hər bir təyinatı və işdən çıxmanı prezident bilir, onun səlahiyyətindədir, konstitusion hüququna müdaxilə edə bilmərəm. Ölkəmizin bütün sahələrində təcrübəli, dövlətinə və rəhbərinə sədaqətlə xidmət edən insanlardan istifadə olunub və olunmalıdır. Cəmiyyət üçün bütün yararlı insanlar töhfəsini verməlidir, dövlət quruculuğunda rəhbərin yanında olmalıdır.
- Ziya Məmmədovdan söz düşmüşkən, bu yaxınlarda Bibiheybət yaxınlığında yol uçqunu oldu. Mətbuat yazdı ki, keçmiş nazirin dövründə salınmış yoldur...
- Gəlin belə danışaq, mənə aid məsələləri soruşun. Yolun tikintisidir, istismarıdır, düzgün istifadə edilib-edilməməsidir, bütün bunlar mənim sahəmə aid deyil. Sadəcə, onu deyə bilərəm ki, istismar olunan hər şey nə zamansa düzgün servis göstərilməsə, deqradasiyaya və ya deformasiyaya tuş gələ bilər. Düşünürəm ki, bu da faciə, fövqəlhal deyil. Çünki yer səthidir, yerin quruluşunda nələrsə baş verə bilər. Yenə deyirəm ki, mənim sahəm deyil, sadəcə, istismar olunan hər şeydə nəsə olması mümkündür.
- Elton müəllim, 9 fevralda növbədənkənar parlament seçkiləri olacaq, gənclərə üstünlük veriləcəyi deyilir. YAP belə izah etdi ki, erkən seçkinin səbəbi Milli Məclisin ölkədəki ümumi islahatların kursuna adekvat olmamasıdır. Siz nə düşünürsünüz?
- Mən deyə bilmərəm ki, o monitorinqi kim aparıb. Lakin hesab edirəm ki, hər birimiz sizinlə birgə zamana uyğun fəaliyyət göstəririk. Parlament qanunvericilik bazasının formalaşmasında, sahə qanunlarının qəbulunda, müasirləşməsində, təkmilləşməsində, əlavə dəyişikliklər edilməsində konseptual yanaşıb. Bu gün qanunvericilik bazamız zəngin və çoxşaxəlidir. Çünki elə sahə qanunları var ki, MDB-yə üzv dövlətlərdə onlardan model qanun kimi istifadə edilir. Bu da qanunvericilik bazasının uğurlu formalaşmasının və Milli Məclisin məhsuldar əməyinin nəticəsidir.
- Siz də deputatlığa namizəd olmağı düşünürsünüz?
- Seçkidə iştirakı zaman göstərər. Vətəndaş hüququm var və düşünürəm ki, ehtiyac olsa, inşallah, seçkiyə qoşularıq.
Bu gün təcrübəli insanlardan müəyyən sahələrdə, islahatlarda, struktur dəyişikliklərində, optimallaşmada istifadə olunmasından ziyan gəlməz. Gərək hünərli olasan və prezidentin müəyyən etdiyi daxili, xarici siyasət kursuna uyğun fəaliyyət göstərəsən. Yeni parlamentdə bu keyfiyyətlərə üstünlük veriləcək. Yəni insanlar prezidentin ətrafında sıx birləşməli, idarəemə sistemi düzgün qurulmalıdır. Yeni parlamentin qarşısında duran məsələ budur. Mütləq deyil ki, deputatların hamısı gənclər olmalıdır. Faiz etibarı ilə gənclər çoxluq ola bilər. Amma onları formalaşdıran təcrübəli siyasətçilər olmalıdır.
- Ancaq razılaşarsınız ki, buraxılan Milli Məclisdə bəzi deputatlar ictimaiyyəti qıcıqlandıran çıxışlar edirdilər...
- Hər deputatın dünyabaxışı var. Mən kiməsə irad tuta, qınaya bilmərəm. Bəlkə də müəyyən cümlələr müəyyən insanlara sərf edildiyi kimi yönəldilib. Sonra məlum olub ki, belə deməyib, başqa cür deyib. Ona görə səbirlə, təmkinlə araşdırmaq lazımdır. Bu gün bizə yaşından asılı olmayaraq sağlam insanlar lazımdır. Cəmiyyət savadlı olmalıdır, bütün tərəflər bir-birini qəbul etməlidir, aqressiya olmamalıdır. Prezidentin siyasəti də bundan ibarətdir.
- Son olaraq soruşum, prezident yeni komanda formalaşdırır, köhnələrlə vidalaşdı. Buna münasibətiniz necədir?
- Yeni təyin olunanlara uğurlar, zamanında işləyənlərə cansağlığı arzulayıram. Prezident də yeni təyin etdiyi məmurları qəbul edərkən onlara məsləhətlərini verir. İşləmək istəyən, fayda verən etimadı doğruldacaq. Əks halda, vəzifədən gedəcəklər.