Bakı Beynəlxalq Avtovağzalı Elton Məmmədovdan alındı, bu dəfə nazirliyə verildi

 

Bakı Beynəlxalq Avtovağzalı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovdan alınaraq bu dəfə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Bu barədə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyindəki mənbə virtualaz.org-a bildirib.

"Bildiyiniz kimi Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi ölkənin nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində dövlət siyasətini həyata keçirən orqandır. Bakı Beynəlxalq Avtovağzal Kompleksi isə ölkədə  şəhərlər və rayonlararası sərnişin daşımalarının həyata keçirilməsini təşkil edən mərkəzi infrastrukturudur. Və məntiqlə bu kompleks nazirliyin balansında fəaliyyət göstərməlidir”-nazirlikdəki səlahiyyətli mənbə adının çəkilməməsi şərti ilə bildirib. Lakin avtovağzal kompleksinin nazirliyin balansına verilməsinə dair digər detallardan danışmaq istəməyib.

Bundan əvvəl virtualaz.org Bakı Beynəlxalq Avtovağazalının Məmmədovlar klanından alınaraq Prezidentin İşlər İdarəsinin balansına verildiyi haqda xəbər vermişdi.

Bakı Beynəlxalq Avtovağzalı "2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Nəqliyyat Nazirliyinin sifarişi ilə o zaman nazir Ziya Məmmədovun ailə biznes imperiyasını özündə birləşdirən ZQAN Holding tərəfindən inşa edilmişdi. Baş podratçı isə "Bakı XXI Əsr” MMC adlı şirkət idi.

"Bakı XXI Əsr” MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı "Trans European Leasing Group” LTD-dir. "Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib. Həmin şirkətin isə təsisçisi o vaxt deputat olan Elton Məmmədov idi. E.Məmmədov özü mətbuata bu şirkətin təsisçisi olduğunu təsdiqləmişdi. Avtovağzal kompleksinin 80-100 milyon dollar başa gəldiyi bildirilir. Bu layihəyə dövlət büdcəsindən pul ayrılmayıb, kompleksin hansı kapital hesabına tikildiyi də açıqlanmayıb.

Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu "Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq, "Bakı XXI Əsr” adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxildir.

Xatırladaq ki, bundan əvvəl mətbuat keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 2012-ci ildə aldığı "Gulfstream" təyyarəsinin də əlindən alındığını yazıb. Həmin məlumatla bağlı jurnalistlər Elton Məmmədovdan soruşublar. "Mən də sizə sual verirəm, kimsə sizin özəl mülkiyyətinizi əlinizdən ala bilər? Deməli bu məsələni qaldırmağın özü yersizdir"-Məmmədov qəzəbli reaksiya verib.



Oxşar Xəbərlər

Xəbər lenti