8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülüb, sonra isə yandırılması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Hadisənin kimlər tərəfindən törədilməsi hələlik məlum deyil. Lakin bu istiqamət üzrə işlər aparılır. Baş Prokurorluğun yaydığı məlumata görə, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Atası bildirib ki, ekspert ona Nərminin küt alətlə başından vurulduğu, sonra yandırıldığını söyləyib. Hadisə hər kəsi məyus edib və sosial şəbəkələrdə bu barədə çoxsaylı fikirlər, şərhlər paylaşılıb. İctimaiyyətin bütün təbəqələrində müzakirə edilən məsələnin fonunda Azərbaycanda ölüm hökmünün bərpası tələbləri də irəli sürülür. Onu da bildirək ki, bu kimi həssas məqamlarda, uşaqlara qarşı əxlaqsız davranış olanda, köməksiz insanları kimsə qətl etdiyi zaman ictimaiyyətdə ölüm hökmünün bərpası məsələsi gündəmə gəlir.
Məlumat üçün bildirək ki, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunub. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzləyib. Lakin ABŞ-da və Avropa Şurasının üzvü olan bir sıra dövlətlərdə hələ də ölüm cəzası qüvvədə qalır.
Bir sıra məşhurlar Azərbaycanda ölüm hökmünün bərpasının tərəfdarıdır. Hüquq elmləri doktoru, professor İlham Rəhimov "Yeni Müsavat”a müsahibələrinin birində ölüm hökmündən danışmış, bu hökmün bərpasını istisna etməmişdi.
Sitat: "Azərbaycanda ölüm hökmünün ləğvi siyasi qərar olub. Avropa strukturları bunu ölkə qarşısında tələb kimi qoymuşdular. İsveçrə də ölüm hökmünü ləğv edib. Ona görə ki, onlarda ağır cinayətlər faktiki olaraq baş vermir - statistikaya baxsaq, sayı ildə bir əlin barmaqlarından da azdır. Azərbaycanda isə ildə 200-dən çox qəsdən adamöldürmə baş verir. Özü də ildən-ilə bu cinayətin qurbanlarının sayı artır. Ancaq statistikada qurbanların sayından asılı olmayaq hər fakt bir cinayət hadisəsi kimi qeydə alınır. Yəni statistikada qurbanlarının sayı 7, ya da 1 olan ağır cinayətlər arasında fərq yoxdur. Əgər qəsdən adamöldürmə cinayətlərinin sayı ümumi cinayətlərin sayında tək-tək rast gəlinsəydi, o zaman ölüm hökmünün geri qaytarılması gündəmə gətirilməzdi. Təəssüf ki, cinayətlərin sayı çoxalır və cəmiyyət buna qarşı tədbir görməlidir. Ona görə də ölüm hökmünün bərpası istisna deyil. Hər şeyi statistika müəyyən edəcək - əgər cinayətlərin xarakteri mənfiyə daha çox meyllənsə, ölüm hökmü bərpa ediləcək”.
"Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev isə hesab edir ki, Azərbaycanda qanunla ölüm hökmünün bərpası mümkün deyil:
"Biz Avropa Şurasının üzvüyük və bunun üçün öhdəlik götürmüşük ki, ölüm hökmü ləğv edilsin. Bu hökmün bərpası Avropa Şurasından çıxarılmağımıza və ya fəaliyyətimizin dondurulmasına səbəb ola bilər. İkincisi isə əgər bir halla bağlı ölüm hökmü bərpa olunacaqsa, sabah da digər məsələlərlə bağlı tələb edilə bilər ki, vətənə xəyanətlə, casusluqla sonra isə deyə bilərlər ki, korrupsiya ilə bağlı da ölüm hökmü olsun. Yəni hüquqşünaslıq təcrübəm və beynəlxalq hüququn təcrübəsi göstərir ki, ölüm hökmünün mövcudluğu ağır cinayətlərin qarşısını alan məqam deyil. Amerikanın bəzi ştatlarında ölüm hökmü var və orada da ağır cinayətlər baş verir. Hüquq təcrübəsi göstərir ki, bəzən günahı olmayan insanlar məhkəmə, hüquq səhvi əsasında ölümə məhkum edilirlər. Bir müddət sonra isə məlum olur ki, insan bu cinayəti törətməyib. Məsələn, Rusiyanın təcrübəsində bu, çox olub. Orada 52 nəfəri zorlayıb öldürən manyak tutulana qədər artıq 3 nəfər ölüm hökmü ilə edam edilmişdi. Hansılar ki, bu cinayətlərlə əlaqəsi yox idi. Xüsusilə də nəzərə alsaq ki, bizim istintaq, məhkəmə orqanlarında hələ də ciddi səhvlərə yol verilir, təcrübəsizlik var, o zaman bu hökmün bərpası günahsız insanların edamına səbəb ola bilər. Ona görə də, sadəcə olaraq, istintaqı gücləndirmək lazımdır. İstintaqda yeni və müasir texnikanın tətbiqini artırmağa ehtiyac var. Bundan əlavə, hüquq maarifçiliyi, mənəvi cəhətdən tərbiyə məsələlərinə fikir vermək lazımdır. O cinayəti törədən təbii ki, mənəviyyatsız insan olub. Bu baxımdan mənəvi, əxlaqi məsələlər cəmiyyətdə prioritet olmalıdır ki, bu cür halların baş verməsinin qarşısı alınsın”.
İnsanların mənəvi və psixoloji durumları barəsində "Yeni Müsavat”a danışan psixoloq Azad İsazadə də hesab edir ki, ölüm hökmünün bərpası çıxış yolu deyil:
"Ölüm cəzası olan zaman da ağır cinayətlər törədilirdi. O zamanlarda da insanları amansızcasına qətlə yetirənlər olub. Bu, profilaktik rol oynamır. İkinci məsələ budur ki, istər sovet dönəmində, istərsə də sonrakı mərhələlərdə hətta Qərbin özündə belə insanı edam ediblər, sonra biliblər ki, onda günah yoxdur. Başa düşməliyik ki, məhkəmə səhvi hər zaman ola bilər. Bəzən ölüm cəzası ömürlük cəzadan daha yumşaq sayılır. Çünki insan ölür və o, daha heç bir cəza çəkmir. Əgər ona ömürlük cəza verilərsə, o zaman həmin məhkum ömrü boyu əziyyət içində olur. Uzunmüddətli cəza insana yaşaya-yaşaya cəzasını hiss etdirir. Hesab edirəm ki, ölüm cəzasını bərpa etmək çıxış yolu deyil. İkincisi də biz bunu etməklə beynəlxalq təzyiqlərə məruz qala bilərik”.