Şagirdlərdə kriminal aləmə rəğbət nədən yaranır? - Səbəbləri AÇIQLANDI

Şagirdlərdə kriminal aləmə rəğbət nədən yaranır?

 

"Müəllimi nüfuzdan salıb, kriminal aləmin üzvünə daha çox rəğbət bəsləyiriksə, əlbəttə, məktəblərdə müəllim yox, avtoritet hörmətli olacaq”.
Sozcu.info  xəbər verir ki, bunu lent.az-a şagirdlər arasında kriminal aləmə meylliliyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov deyib.
Heç kimə sirr deyil ki, orta məktəblərin təlim-tərbiyə prosesində əsas problemlərdən biri də şagirdlər arasında kriminal aləmə meylliliyin olmasıdır. Məsələnin qaranlıq tərəfi isə həmin ideyaların haradan qaynaqlanması və qarşısının alınması üçün tədbirlərin görülməsidir. Maraqlıdır, orta təhsil ocaqlarında şagirdlərin təlim-tərbiyə işi nə yerdədir? Onların tədris prosesinə daha çox maraqlı olub, kriminal ideyalardan uzaqlaşması üçün hansısa tədbirlər görülürmü?

Orta məktəblərdə bu kimi halların olduğunu bildirən Elşən Qafarov, problemin nədən qaynaqlandığına dair bəzi detallara aydınlıq gətirib: "Doğrudan da son illərdə orta məktəblərdə şagirdlər arasında şiddətin artması göz qabağındadır. Xüsusən fiziki cəhətdən güclü olan yuxarı sinif şagirdləri özlərini kriminal aləmdəki kimi hesab edərək aşağı sinif şagirdlərinə müxtəlif qaydalar tətbiq edirlər. Bizdə olan məlumatlara görə, belə faktlara Bakı və Gəncə məktəblərində daha çox rast gəlinir. Yuxarı sinif şagirdlərinin aşağı sinif şagirdlərindən pul toplaması, özlərinə tabe etdirməsi kimi faktlar üzə çıxarılmasa da, təəssüf ki, var. Bunun əsas səbəbi məktəblərimizdə təlim-tərbiyə işinin sistemli aparılmaması və ölkədə tərbiyə konsepsiyasının olmamasıdır. "Təhsil haqqında" qanunda ümumtəhsil məktəblərinin vətəndaş və şəxsiyyət yetişdirmək kimi vəzifəsi əks olunsa da, həmin kriteriyalar müəyyənləşməyib. Eyni zamanda, cəmiyyətin özündə də müəyyən boşluqlar var. Etiraf edək ki, biz şəhidə 1 metr abidə ucaldanda kriminal aləmin vəfat edən üzvünə 3 metr abidə ucaldırıq. Televiziyalarda təlim-tərbiyə xarakterli proqramların çox az olması yeniyetmələr arasında kriminal aləmə meyli artırır. Bunun qarşısını almaq üçün maarifləndirmə artırmaq lazımdır. Bunun üçün KİV-də, xüsusən də məktəblərdə tərbiyə işlərinə diqqət yetirməliyik. Məktəblərdə sahibkarlığı önə çıxarmaqdansa, təlim-tərbiyə işini önə çıxarmaq vacibdir. Bütün bunlar olmadığı üçün sözügedən aləmə meyllik artır. Hazırda ölkə üzrə belə tədbirlər yox səviyyəsindədir”.

Təhsil eksperti cəmiyyət arasında da müəllimlərin deyil, avtoritetlərin daha nüfuzlu olmasını vəziyyətin bu yerə gəlib çıxmasında rol oynadığını bildirib: "Bütün dünya ölkələrində spirtli içki və siqaretlərin məktəbdən müəyyən məsafədə satılması üçün qaydalar müəyyən edilib. Ancaq bizdə o qaydalar qəbul edilməyib. Tütün məmulatlarından istifadə ilə bağlı ardıcıl qanunlar qəbul edilir, amma hələ də məktəblərdə müəllimlər siqaret çəkirlər. Şagirdlərin tərbiyəsinə təsir etsə də, bununla konkret mübarizə aparılmır. Şagird bilməlidir ki, müəllim daha çox nüfuzludur. Əgər müəllimi nüfuzdan salıb, kriminal aləmin üzvünə daha çox rəğbət bəsləyiriksə, əlbəttə, məktəblərdə müəllim yox, avtoritet hörmətli olacaq. Buna görə də ilk növbədə müəllimlərin, ziyalıların, vətənə xidmət edənlərin təbliği artmalıdır. Qazaxıstanda qəbul edilən qərara görə müəllimləri təhqir edən, onlara qarşı hər hansı fiziki güc tətbiq edən şəxslərə qarşı cinayət işi qaldırılacaq. Biz isə mediada müəllimləri aşağılayırıq. Buna görə də gənclərimizə lazım olan tərbiyəni verə bilmirik”.

Sosioloq Zəminə Səfərova isə saytımıza açıqlamasında uşaqlarda mövcud problemin olmasında valideynlərin günahkar olduğunu söyləyib. Onun sözlərinə görə, bəzi valideynlər uşaqlarını cəmiyyətə yararsız formada böyüdürlər: "Uşaqların kriminal aləmə meylli olması istiqamətində valideynlərin də çox böyük təsiri var. Valideynlərin əksəriyyəti uşaqlarına hər sahədə lider olmağı, döyüb gəlməyi, döyülməməyi, əyilməməyi öyrədir. Bu da həmin uşaqlarda gələcəkdə kin-küdurət, insanlara qarşı mənfi xarakter yaradır. Onun ilk nəticələri də orta məktəblərdə özünü büruzə verir. Çünki artıq həmin tərbiyə ilə böyüyən uşaqlar sinifdə özlərini lider kimi aparmaq istəyirlər. Hərəkətləri ilə sanki özlərini avtoritet hesab edirlər. Yeniyetmə vaxtlarından özünü belə aparmaq həm də böyüklərə qarşı hörmətsizlikdir. Gələcəkdə onlarda böyüklərə qarşı hörmət yaranmır. Çünki həmin uşaqlar özlərini böyüklərdən ağıllı hesab edirlər. Uşaqlara humanist olmağı, insanları sevməyi öyrətmək lazımdır. Məncə tərbiyə işini əvvəlcə valideynlər arasında aparmaq lazımdır. Uşaq baxçalarında da gələcəkdə bu kimi halların qarşısının alınması üçün müəyyən maarifləndirmə aparılmaldır. Ümumiyyətlə, uşaqlara həm valideynlər, həm də müəllimlər ciddi nəzarət etməlidirlər”.



Oxşar Xəbərlər

Xəbər lenti