27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
İranlı general Qasım Süleymaninin Amerika tərəfindən öldürülməsindən sonra iki ölkə arasında yaşanan gərginliklər durmadan artır. Son olaraq, İran prezidenti Həsən Ruhani amerikalı həmkarı Donald Trampın hökumətini ABŞ tarixində ən pis hökumət adlandırıb. "ABŞ-da rəhbərliyə terrorizmi dəstəkləyən və fırıldaqçılıqla məşğul olan hökumətin gələcəyini düşünmürdük. Bu hökumət ABŞ tarixində ən pis hökumətdir və öz müttəfiqlərinə, dostlarına və hətta öz insanlarına problem yaradacaq”, - deyə Ruhani qeyd edib.
Bundan əlavə, ABŞ-İran arasındakı gərginliyin fonunda baş verən bir hadisə də diqqət cəlb edib. Bu, Əfqanıstanın şərqində yerə çırpılan E-11A nəzarət təyyarəsi ilə bağlıdır. "Taliban” təyyarəni vurduğunu bəyan edib. Qiyamçılar qəzada Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bir neçə yüksək səviyyəli əməliyyatçısının öldüyünü bildirib. İran dövlət televiziyası qəzada ölən hərbçilərdən birinin MKİ-nin əməkdaşı Maykl Dandrea olduğunu bildirib. Televiziya bununla bağlı sübutlar təqdim etməyib və yayımladığı foto isə Dandreaya məxsus olmayıb.
"The New York Times” nəşrinin yazdığına görə, Dandrea MKİ-nin İranla əlaqəli fəaliyyətlərinin rəhbəridir. Bəzi KİV-lər yazır ki, Qasım Süleymaninin öldürülməsi əməliyyatına da Dandrea rəhbərlik edib. "Business İnsider” nəşri MKİ ilə əlaqə qursa da, idarə xəbərlərə münasibət bildirməkdən imtina edib.
Bu hadisədə də İran izi axtarılır. Generalın öldürülməsi əməliyyatına rəhbərlik edən şəxsin həlak olması xəbərinin təsdiqlənəcəyi halda, rəsmi Tehranın hədəf nöqtəsinə tuş gələcəyi, Amerikanın əlinə bəzi bəhanələrin düşəcəyi vurğulanır.
Əhəd Məmmədli: "Olayın İrana heç bir aidiyyəti yoxdur”
Siyasi şərhçi Əhəd Məmmədli Ruhaninin dediklərinə bu cür şərh verdi: "Bilirsiniz ki, əsas Ruhaninin deyil, amerikalıların Tramp haqqında nə düşündükləri vacibdir. Son reytinqlər də onu göstərir ki, sadə xalq arasında Tramp populyardır. Xalq prezidentini sevir. Çünki Trampın ilk prezidentliyi dönəmində uğurlu iqtisadi, sosial islahatlar aparıldı. Sıravi amerikalıların həyat səviyyəsi qalxdı. Tramp nə qədər yaxşı biznesmen olduğunu prezident kürsusunda da göstərdi. Ruhaninin isə Tramp haqqında belə danışması təbiidir. Tramp əvvəlki amerikalı prezidentlərlə müqayisədə siyasət baxımından daha dəliqanlı, irrasional xarakterə malikdir. Trampın bu xarakteri Ruhani və İran istibleşmentində narahatlıq yaradır. Əvvəlki amerikalı prezidentlərdən fərqli olaraq Tramp təkcə hədə-qorxu gəlmir, əmələ də keçə bilir. Son hadisələr bunu göstərdi. Ona görə də Ruhani Tramp barəsində belə açıqlamalar verir. İran Amerikanın ola biləcək daha genişmiqyaslı və ya nöqtə zərbələrindən narahatdır. Cənub qonşumuz Amerikaya hədə-qorxu gəldi, intiqam sözü verdi, lakin cavabı ”Taliban" verdi".
Ekspert vurulan ABŞ təyyarəsində İranın əlinin olmadığını birmənalı şəkildə qeyd etdi: "Əfqanıstanda baş verən təyyarə qəzasında Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin sui-qəsdini planlayan ”Ayətulla Mayk" ləqəbli amerikalı agent Maykl D’Andrea da olub. Qəzni vilayətində ABŞ ordusuna məxsus təyyarə "Taliban”ın nəzarətində olan Deh Yak adlı dağlıq ərazidə qəzaya uğrayıb. Qəzaya uğrayan hərbi təyyarənin özlərinə məxsus olduğunu təsdiqləyən ABŞ ordusunun rəsmiləri hadisənin qəza olduğunu bildiriblər və təyyarədə isə ən çox 5 nəfərin olduğunu açıqlayıblar. "Taliban” hərəkatı sözçüsü Zabihullah Mücahid isə təyyarənin onlar tərəfindən vurulduğunu açıqlamış, yüksək vəzifəli MKİ (CİA) agentlərinin öldüyünü iddia etmişdi. 83 nəfərin öldürüldüyü bildirilir. Bu olayın İrana heç bir aidiyyəti yoxdur. "Taliban” Əfqanıstanda NATO ilə 20 ilə yaxındır müharibə aparır. Və bu müddətdə dünyanın ən güclü hərbi bloku "Taliban”a qalib gələ bilmədi. "Taliban” danışıqlar masasına otuzduruldu, lakin hələlik bu danışıqlar heç bir nəticə verməyib. Məlum təyyarənin qəzaya uğraması və ya vurulmasının İrana heç bir aidiyyəti yoxdur. Əgər ABŞ hərbi təyyarəsi vurulubsa, bu, "Taliban” hərəkatının böyük hərbi uğurudur. Amerikanın bu böyük hərbi itkisini İranın adına yazmaq düzgün deyil. "Taliban”ın Amerika ilə müharibəsi başqa, İran-Amerika qarşıdurması isə tam başqa mətləblərdir. Unutmayaq ki, Əfqanıstan və İraqın işğalında İran Amerikaya dəstək verib. Bu faktı heç kəs inkar edə bilməz".
Məhəmməd Əsədullazadə: "İran izi aşkar olunarsa...”
Politoloq Məhəmməd Əsədullazadə fərqli düşünür: "İranla ABŞ arasında yaşanan konfrontrasiyanın getdikcə inkişaf edəcəyi gözlənilir. Çünki tərəflərin bir-birilərinə qarşı güzəşt limiti yoxdur. Məhz Qasim Süleymaninin öldürülməsindən sonra bu problem yeni müstəviyə, gərginlik fazasına daxil oldu. İran prezidenti Həsən Ruhaninin Tramp haqqında dedikləri əsasən daxili auditoriya üçündür. Tramp İran üçün pis hakimiyyətdir. Tramp ABŞ-ın beynəlxalq müstəvidə siyasi-iqtisadi reytinqini daha da yüksəldib və məhz o, İrana 40 ildən sonra böyük bir zərbə vurub. İran İslam Respublikası ABŞ-dan belə bir zərbələr almamışdı. Ruhaninin ritorikası söz yığnağından ibarətdir və ABŞ-la açıq qarşıdurmadan çəkinmənin əlamətidir. Biz İranın ABŞ-a qarşı ciddi, açıq şəkildə hərbi əməliyyatlar keçirməsinin şahidi olmayacağıq. Artıq Tehrandan dialoq mesajları verilmək üzrədir. Əfqanistanda ABŞ təyyarəsinin vurulmasına gəldikdə isə burada İran izinin axtarılması şübhələri var. Çünki İranla ”Taliban" arasında son illər təmaslar saxlanılır və "Taliban” rəsmiləri Tehranda bir neçə dəfə olublar. Bu təyyarədə CİA-nın Yaxın Şərq üzrə təlimatçısı Ayətullah Mayklinin öldürülməsi iddiası doğru çıxarsa, burada əsas nəzərlər İrana dikilə bilər. Çünki SEPAH-ın yeni komandanı Əfqanistan üzrə ixtisaslaşıb və "Taliblan”larla geniş əlaqələri var. Hesab edirəm ki, bu olayda İran izi aşkar olunarsa, ABŞ İrana qarşı çox sarsıdıcı zərbələr vuracaq. Nəticədə İran iqtisadiyyatı, hərbi infrastrukturu zəifləyəcək. İranın əsas generalları aradan götürüləcək. Göründüyü kimi, ABŞ İran arasında münaqişənin qızışması davam edəcək".