Şah İsmayıl və Səfəvilərdən danışmazdan əvvəl dəstəmaz almaq lazımdır


 "Mən desəm ki, əgər işlər bir neçə il də belə getsə, qonşularımız vilayətimizə sahiblənəcəklər, sən deyəcəksən ki, yox, inşallah sahiblənə bilməzlər. Ey əzizim, mənim dəlilim var, bəs, sən nə deyirsən? Bu surətdə ki, dəlilin yoxdur – deyinən ki, bəli, doğru deyirsən, ey əmi!”

Bu sözləri Mirzə Cəlil 1909-cu ilin yayında yazmışdı. Həmin vaxtda İrəvan əhalisinin az qala 85 faizini müsəlmanlat təşkil edirdi. Sonralar Ermənistan adlandırılmış ərazidə bütün meşələr, münbit torpaq sahələri, bağlar, yaylaqlar bizim bəyzadə və xanzadələrin əllərində idi.

Bircə Bakıda erməni mənşəli tacirlər, sənayeçilər nüfuz sahibi sayılırdılar. Bütün Qafqazda erməni dilində cəmi cümlətanı iki-üç qəzet çıxırdısa, bizim dildə çıxan məcmuə və qəzetlərin sayı-hesabı yox idi. 1905-+ci ilin faciələri unudulurdu, milyonçularımızın  sayı isə gündən günə artırdı. Son illərdə çar dövrünün milyonçuları barədə daha o əsatir, rəvayət qalmayıb ki, uydurulmasın. Xeyriyyəçilik təkcə bir məktəb açmaq, beş-altı tələbəni oxutmaq, nəyəsə iki-üç min manat xərcləmək deyil. Heç kimdən büt düzəltmək, kiminsə zəhmətini danmaq fikrində deyiləm, soyuqqanlıqla bəzi xoşagəlməz faktları öyrənəndə adamın başından tüstü qalxır.

Öz millətçiliklərini məharətlə ört-basdır etməyi bacaran Qukasovların, Mayılovların, Mantaşevlərin, ter-Mikelevlərin, Adamovların və digər kapitalistlərin öz erməniləri üçün etdiklərinin mindən birini bizim tərifləyib ağac başına çıxartdığımız varlılarımız millət üçün etməyiblər. Erməni kapitalistlərinin xəsislik etmədən məhz bu illərdə qoyduqları sərmayə XX əsrin sonunda öz bəhrəsini verdi. Azərbaycanlıların dədə-baba torpaqlarında rus bolşeviklərinin köməyi ilə bicbala erməni dövləti yarandı, 1918-ci ildən ta indiyə kimi beş yüz mindən çox insan həlak oldu. Bakı milyonçularının nəhəng kapitalları isə Avropa banklarında itib-batdı. Kimlər onları fırladıb qazanır, bu çoxdan məlumdur. Yaxşı deyiblər, yeməyinin payını yeyərlər.

Ayıq maarifçilərimiz hələ 1909-cu ildə gələcək fəlakətləri görə bilmişdilər. Aradan görün nə qədər vaxt keçib.... Tutalım Mirzə Cəlil çox işlərdən halı idi, uzağı görürdü, amma, o hansı tutarlı, inkar edilməz dəlillərə əsaslanaraq torpaqların düşmən əlinə keçəcəyini qətiyyətlə deyirdi? Ortabab tarixçi kimi özümü ora-bura vurdum, minlərlə kitabı ələk-vələk elədim, indi bəziləri qəbul etsə də, etməsə də qəribə bir nəticəyə gəldim.

Mirzə Cəlil rəhmətlik bu bədbəxt millətin evini yıxan, onu zəlil günə salan səbəbləri, amilləri bilirdi. Şəxsən mənim qənaətimə görə əsas səbəb və amillər bunlar idi.

 

<!-- [if                             Dəhşətli unutqanlıq, tarixi yaddaşın yerli-dibli olmaması

1918-1920 –ci illərdə ermənilər ruslarla bir yerdə o zülm-sitəm qalmadı ki, millətin başına gətirməsinlər. Çox keçmədi ki, şəhərin üzərində ucalan hakim təpədə arvadbaz cəllad Kirova ən böyük heykəl qoyuldu. Şəhərin düz mərkəzində isə xalqımızın qatillərinin şərəfinə memorial inşa etdik. 1988-ci ilə qədər nikaha gedən azərbaycanlı gənclər Üzeyir bəyin, Nizaminin, Sabirin abidələrinin yox, məhz bu memoriala gül qoyub şəkil çəkdirirdilər. Böyük bəstəkar Qara Qarayev məhz bura üçün xüsusi musiqi də bəstələmişdi.

Kollektivləşmə illərində minlərlə günahsız insanı güllələmiş, uzaq Sibirə sürgün etdirmiş, minlərlə ev yıxmış, ziqiymət ziyarətgahları yerlə yeksan etmiş komsomolun başıpozuqlarına qəhrəman libası geydirdik. Mən hələ tarixi şəxsiyyətlərin plana uyğun tərzdə hörmətdən salınmasından danışmıram. 70 il ərzində hər yerindən duran bolşevik məddahı o dahi şəxsiyyət qalmadı ki, onu öz səviyyəsinə endirməsin. Tarixi saxtalaşdıranlar daha o mükafat, fəxri ad, ənam qalmadı ki, almasınlar. Əvvəllər də bir matah şey deyildik, amma on illər boyu məqsədyönlü formada aparılan təbliğat millətin nifrət hədəflərini dəyişdi. Çoxdan sübut olunmuşdur ki, əgər millət, qərinələr boyu ona təcavüz etmiş qövmlərə qarşı nifrət vəı kinini sonbeşiyi kimi qoruyub, onu qisas naminə gələcək nəsillərə ötürə bilmirsə, o məhvə məhkumdur.

Biganəlik, laqeydlik....  Bu bizim milli adətimizdir. "Məndən

    ötdü, saman çuvalına dəydi!” – bu kəlmədə nə qədər desəniz , məna  var. Tayfa mənafeyi hər şeyi üstələyəndə  canıyananlıq aradan çıxır. Yadınıza salın, görün türkün düşməni bu murdar "adətimizdən” necə istifadə edib qədim bir xalqı necə də yetmiş iki tirə edə bildi.

Azadlıq meydanında "Üvertura” nın vəsfə gəlməz əzəmətlə səsləndiyi günləri xatırlayın. .. Bu sözləri yazanda göz yaşımı saxlaya bilmirəm. Meydana monolit qüvvə kimi girdik, oradan isə pərakəndə halda tayfa-tayfa çıxdıq... Aqibət göz qabağındadır! Milli təhlükəsizlik naziri Namiq Abbasov Milli Məclisdə çıxış edərkən 800-ə qədər qız-gəlinin cariyə kimi Türkiyədə, Livanda, Pakistanda satıldığını bildirir...

Heç kim dillənmir! "Zerkalo” qəzeti dörd yüzə qədər uşağın Sanasar qəsəbəsində donor kimi istifadə olunub, sonra da məhv edilməsindən söhbət açır.... hamı susur!

Mən binəva da yazdım, əgər Bakıda bir erməni uşağı öldürülsəydi, səlib dünyası bizi yer üzündən ikicə gündə silərdi.

Ermənilər Şuşada qələbə rəsm-keçidini təşkil edirlər. Bizim xoşqeyrət sarıqulaqlar isə Bakıda göbək rəqslərinin müsabiqəsini keçirirlər... Bir titullu ziyalının səsi çıxmır....

 Müqavimət zad göstərmədən yadellinin təsiri altına düşməyə öyrənmişik. Keşiş-mason dünyası sevinə bilər, o murdar ənənə yoxdur ki, onu səlib dünyasından əxz etməyək. Nə günə düşdüyümüzü yaxşı dərk eləmək üçün hər hansı bir toy məclisində oturmaq kifayətdir. Vaxtilə müqəddəs ayın səviyyəsində keçirilən toy büsatı indi əsl vakxonaliyadır, ağız deyəni qulaq eşitmir, oğlanların oynamaları "xarabat mütriflərinin” rəqslərindən fərqlənmir, cavan uşaqlarla badə badəyə vuran ağsaqqalların şorgözlüyü, araq içib nəzarətini itirmiş kişilərin qız-gəlinlərlə bədnam "medlennıy tans”ı, xalturaçı xanəndələrin insanları açıqdan açığa ələ salmaları, daha nələr, nələr.

Türkün böyük düşməni I Pyotr min il də yatsaydı yuxusuna gizrməzdi ki, azərbaycanlılar onun yeni il barədə əmrini belə can-başla yerinə yetirəcəklər. Hər il dekabrın sonunda bizdə içilən araq Rusiyanın beş quberniyasından çoxdur. Elə bir azərbaycanlı tapmazsınız ki, sözünün əvvəlində də, axırında da bir rus kəlməsi, ibarəsi işlətməsin.Dil məsələsində eston qədər qeyrətimiz yoxdur....

Neçə ildir yazıram, fəryad edirəm ki, ay camaat, "müqəddəs” Valentin haqqında katolik kilsəsinin uydurduğu əsatirlərə inanmayan, ayıbdır, vallah, billah ayıbdır. Valentin adi bir pedafil, homoseksualist rahib olub. Onun hər yerdə faş olan rüsvayçı əməllərini ört-basdır edib kilsəni təmizə çıxarmaq üçün bir romalı gənc xristianla bağlı əhvalatı onunla qatıb-qarışdırıblar.

Axı siz dünən meşədən çıxmamısınız, nə çoxdur sizdə nakam məhəbbət dastanları, rəvayətlər. Fərizəsi, İlhamı olan xalq Valentin gününü qeyd etməz.

Sizləri indiyə qədər oynadan az idi, indi də katolik keşişlərinin fitvasına gedirsiniz?

Gül və ətriyyat alverçilərinə camaatın kütləvi psixozu hava və su kimi lazımdır. Bu adi həqiqəti başa düşmək nə çətin iş imiş?

Kim deyə bilərdi ki, toplum belə biganə olacaq? Ölkədə istər yanıqlı şikəstə çağır, istərsən lap "Qardaş olub Hayastan, Azərbaycan!” mahnısını oxu, nə təəcüblənən olacaq, nə hiddətlənən.

1988-ci ildə Mərkəzi Komitənin xüsusi göstərişi ilə "Kommunist” qəzetində "Topxana harayı” sərlövhəsi ilə böyük məqalə çap olundu. Nə var, nə olmuşdu? Ermənilər Topxana adlı yerdə bir neçə ağacı, böyürtikən kollarını kəsib nəsə tikmək istəyiblər.Bəli şuriş qopdu, nə qopdu! Bir adam tapılmadı ki, desin, a kişilər, on illər boyu Qarabağda azərbaycanlılara göz verib işıq vermirdilər, gündüzün günorta çağı Xankəndinin ortasında müsəlman məhbusları diri-diri yandırdılar, nə qədər abidə yerlə yeksan oldu, birinin qeyrət damarı qalxmadı, indi nə baş verib, pişik asqırıb?

 On minlərlə soydaşımız məhv edildi, Qarabağın nəinki dağlıq, hətta aran hissəsini də itirdik. Qanıb başa düşmədik ki, Qarabağ məsələsi müdhiş bir sui-qəsd zəncirinin adi həlqəsidir. Alıcını bir qəpik aldadan dükan satıcısını az qala dara çəkən Sovet hökumətinə nə gəlmişdi ki, Azadlıq meydanına yığışan kütlə üçün maşın-maşın bahalı ərzaq göndərsin? Özü də bu "xeyrat” həngaməsi düz on səkkiz gün çəkdi...

Tragikomediyanın ikinci pərdəsində Çin üzərinə bayraq sancmaq istəyənlər, "Şuşaya yol Təbrizdən keçir” deyən hərbgu siyasi nadanlar, Bakıya iki maşın erməni başı gətirəcəyini, iki atom bombası ilə Ermənistanın altını üstünə çevirəcəyini vəd edən cılız avantüristlər xalqı barmaqlarına doladılar. Dünənləri adi raykom təlimatçısını görəndə zağ-zağ əsənlər şiri-nərə döndülər...

... Bəli, vaxt-vədə tamam oldu, əsl ixtiyar sahibi zühur edib hər işi yerbəyer edib, hərəyə də öz yerini göstərdi. Aylar, günlər, həftələr ötdü, rusların təbirincə desək "dejurnıy demokratlar”, icazə verilən çərçivədə yakobinçilik edən Aqil Abbaslar, Zahid Oruclar, "hərşeyşünas” Fazil Mustafalar və digər "ziqiymət nücəba” Milli məclisin kreslolarında rahat əyləşdilər və pərdə bağlandı, məzhəkə bitdi.

Telestudiyalardan, bəzəkli salonlardan burunlarını çölə çıxarmayan "şərhçilərin”, "politoloqların” bütöv bir zümrəsi formalaşdı. Pula pul deməyən, nəinki özləri üçün, hətta cici-bacıları, qohum-əqrəbaları üçün gün ağlamış bu həşəmətli zatların da rolları müəyyən edilib. Hollivudun təzə-təzə dəbə düşən aktyoru kimi surəti qəzet səhifələrindən, telekanallardan düşməyən "hərşeyşünas” Fazil Mustafa maşallah özgə aləmdir. Bu ağa öz missiyasını hələlik məharətlə yerinə yetirir, arxayındır, elə bilir ki, "qorxu duaları”, göz muncuqları, yanan üzərrik tüstüsü onu layiq olduğu tövbələtmədən qoruyacaq. Bu təyin olunmuş "deputat” son vaxtlarda ortaya Şah İsmayıl Səfəvi, məzhəb söhbətləri salıb açıqdan – açığa nifaq toxumlarını səpdiyini çox gözəl başa düşür. Özü də fikir verin, bir alimnümanın, özünü hamıdan savadlı sayan bu nadirəlvücudun ortaya lüzumsuz yerə mübahisə salması, min dərd-sər içində çapalayan insanların başını qatmaq cəhdi nə vaxt baş verir.

Dünya xəritəsində hətta zərrəbinlə güc bəla ilə görülən Azərbaycanda durub tarixi nadancasına təftiş etmək, ortaya məzhəb söhbəti salmaq, beş yüz il bundan əvvəl yaşamış tarixi şəxsiyyətlər barəsində əbləhcəsinə hökm vermək əsl qələm zinakarlığıdır. Allahın özü dadımıza çatsın, dörd tərəfdən təhdid olunuruq, bizi hərdən müdafiə edən Türkiyənin özünün də vəziyyəti fənadır. Məşədi İbadın sözü olmasın, heç hənanın yeridir....

Çap olunmaq, hər yerdə görünmək imkanlarından vəcdə gəlmiş Fazil ağa özünün "şanlı” keçmişinə dönüb baxsa yaxşı olar. İndiyə qədər efirimizi murdarlayan mütrüflərin bircəciyini susdura bilməyən, millət qarşısında vətəndaşlıq borcunu verməyən müxtəlif yaradıcılıq birliklərinin titullu rəhbərlərinin birinə söz deməyə cürət etməyən, bir harın oliqarxın, vəzifəli korrupsionerin mərdi-mərdanə üzərinə getməkdən çəkinən Fazil ağa kimilərinin nə haqqı var bizim üçün ayətullahlıq eləsin. Yenə də deyirəm, Fazil ağa dönüb keçmişinə baxsa yaxşı olar. O özü yaxşı bilir, hansı əl onu nə məqsədlə və nə üçün gətirib Milli Məclisdə oturdub.

İndi bəzi bədxahlar deyəcəklər ki, Firuz Haşımov Sərdar Cəlaloğlunu müdafiə edir. Əvvəla, o kişinin mənim müdafiəmə qətiyyən ehtiyacı yoxdur. İkincisi, Sərdar müəllimin qəzet səhifələrində dərc olunmuş silsilə yazıları əsl ziyalılar, konformistlikdən uzaq əsl vətənpərvərlər üçün nəzərdə tutulub, üçüncüsü Sərdar müəllimin ağayana cavablarını Fazil ağa kimi alimnümalar özləri üçün şərəf bilməlidirlər.

Kiçik bir ricət

İranda XIX əsrdə baş qaldırmış babilər hərəkatı haqqında çox yazılıb, çox deyilib. Onun ideyaları, məqsədləri, mübarizəsi barədə danışmaq vaxt aparacaq. Ancaq onu deyə bilərəm ki, bu hərəkat misilsiz bir amansızlıqla yatırıldı. "Babi” sözü istər İranda, istərsə də Arazdan şimalda illər boyu söyüş, nifrin kimi işlədildi. Vay o gündən ki, məhəllədə, bazarda biri üçün söz buraxaydılar ki, bəs filankəs babidir! Vəssəlam, iş bitirdi, binəvanı baykot edər, imkan düşəndə malını, ev-eşiyini talan edib dağıdardılar. Dəhşətli ittihamı üzərindən götürmək üçün əksəriyyət bütün var-yoxundan keçərdi. Qərinələr, illər keçdi, tükürpədici olaylar unuduldu...

Amma bizlərdə son illərdə buna bənzər murdar "ənənə” yaranıb. Türk etnosu, türk xanədanları, türk mədəniyyəti barədə ağzına gələni danışan cahili susdurmağa çalışsanız fövrən "Siz türkçülüyün düşmənisiniz!” İttihamını eşidəcəksiniz. İş bundadır ki, rəqib saydıqları şəxsləri ləkələyənlərin özləri əsl cəhalət və nadanlıq mücəssəmələridir. Mütaliə, kitablarla, mənbələrlə fədakarcasına gecə-gündüz işləmək, əziyyətə qatlaşmaq, ziqiymət bir kitab, ya da raritet xatirinə çörək pulundan da keçmək bunlar üçün yad işdir. Neçə illər bundan əvvəl eşitdiyim hikkə, inad dolu bir söz yadıma düşür: "Necədir sənin üçün, qanmayım atan yansın!” Mənə elə gəlir, arifə bir işarə bəsdir.

Firuz Haşımov



Oxşar Xəbərlər

Xəbər lenti