27-09-2024, 11:44
19-09-2024, 00:17
19-09-2024, 00:12
18-09-2024, 21:22
15-09-2024, 11:28
“Azərbaycanda marağı olan ölkələr çoxdur və burada konkret şəkildə ABŞ agentlərinin olması əsas məsələ deyil”.
Hurriyyet.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında ehtiyatda olan təhlükəsizlik polkovnik-leytenantı İlham İsmayıl deyib.
Analitik xarici ölkələrin Azərbaycandakı agentura şəbəkələrinin fəaliyyətindən söz açıb.
Xatırladaq ki, son günlər kəskinləşən ABŞ-Azərbaycan münasibətləri fonunda bir sıra analitiklər ABŞ-ın Azərbaycanda agentura şəbəkəsinin mövcudluğunu istsina etməyib.
İ.İsmayıla görə isə ABŞ-ın dünyanın hər yerində informasiya mənbələri və agentləri var:
“Ola bilsin ki, bu agentlərin Azərbaycanda mövcudluğu mümkündür. Lakin mətbuatda bununla bağlı yazılar dərc olsa da, indiyə qədər ABŞ-ın hər hansı bir agenti ifşa olunmayıb. Amma biz dəfələrlə görmüşük ki, İranın agentura şəbəkəsinin üzvü olan insanların çoxu dövlətə xəyanətdə ittiham olunub, cəzalar çəkiblər və bu proseslə bağlı məhkəmələr gedir. O cümlədən Rusiyaya işləyənlərin də həbs edilib ifşa edilməsi məsələsi də olub”.
Onun sözlərinə görə, ABŞ-ın agentura şəbəkəsi deyərkən çox təəssüf ki, burada təbliğat xarakteri konkret real faktdan çoxdur:
“Agenti tutulanda onu dövlətə xəyanətdə ittiham edib müvafiq qanunvericiliklə cəza verilir. Lakin QHT nümayəndələrinə agentura şəbəkəsi demək düzgün deyil. Deyə bilərsən ki, ABŞ Azərbaycandakı QHT-lərin vasitəsilə öz maraqlarını həyata keçirir. Əgər bu maraqların həyata keçirilməsi konkret şəkildə dövlətə zərər və xəyanətdirsə, o zaman bu amilləri əsaslandırıb həmin şəxsləri həbs edə bilərlər. Yenə deyirəm, əgər həmin QHT rəhbərləri bu məsələdə dövlətin əleyhinə işləyərsə... Lakin ümumi sözlə kimlərəsə agentura şəbəkəsi demək düz deyil. Xüsusilə də ABŞ məzunlarının görüşünü bu qəbildən olan məsələlərə qatmaq səhvdir”.“O ki qaldı İran və Rusiya agentlərinin Azərbaycanda olmasına, mən bu siyahıya Ermənistan, hətta Gürcüstanı da daxil edə bilərəm. Çünki Azərbaycanda marağı olan dövlətlər, ilk növbədə, qonşular, daha sonra isə super dövlətlər olur ki, bunların da informasiya mənbələri var. Sadəcə olaraq, hərə bu məsələyə bir cür yanaşır. Əgər biri öz adamını hansısa əməliyyata göndərirsə, bu, casusdur və ölkəyə xəyanətdir. Amma hansısa bir QHT vasitəsilə tədbirlər keçirilirsə və burada dövlətə xəyanət motivləri yoxdursa, onları agent adlandırmağın mənası yoxdur”, - deyə o, fikirlərini tamamlayıb.