Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Dünən – dekabrın 15-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Mark Libbini qəbul edib.
Səfir görüşdə etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Azərbaycana təyin olunmuş səfirlər adətən etimadnamələrini ölkə Preizdentinə təqdim edirlər. Məsələn, sonuncu dəfə dekabrın 4-də Prezident İlham Əliyev Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.
Maraqlıdır, Birləşmiş Ştatların yeni təyin olunmuş səfiri Mark Libbini isə Prezident deyil, xarici işlər naziri qəbul edib. Diplomatiyada bu cür addımlar ikitərəfli münasibətlərin durumuna görə atılır. Görünür, Azərbaycanla ABŞ arasında gərginlik nisbətən yumşaldılsa da, problemlər hələ də aradan qalxmayıb.
Xatırladaq ki, dekabrın 6-da ABŞ Dövlət katibinin müavini Ceyms Obrayn Bakıda səfərdə olub və Prezident İlham Əliyevlə görüşüb, görüşdə yeni təyin olunmuş səfir Mark Libbi də iştirak edib. Üç saatdan artıq çəkən müzakirələrdən sonra Obrayn pozitiv mesajla dolu açıqlama verərək Bakıdan ayrılıb. Bu mesajlar Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının Vainqtonda və ya Brüsseldə davam etdirilməsi ilə bağlıdır. Həmin gün Bakı və İrəvan əsirlərin dəyişdirilməsi, beynəlxalq təşkilatlarda etimadyaradıcı addımlar atmaqla barədə razılığa gəliblər.
İki gün əvvəl Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib ki, yanvarda hər iki ölkənin xarici işlər nazirinin Vaşinqtonda görüşü razılaşdırılıb. Rəsmi Bakı bu barədə hər hansı açıqlama verməyib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə liderlərin Brüsseldə görüşünü təşkil etməyə çalışdıqlarını açıqlayıb.
Beləliklə, ortada gərginliyin nisbətən yumşaldığını göstrən konkret addımlar var. Amma görünür, Bakının Vaşinqtondan daha ciddi gözləntiləri və narazılıqları var.
Məsələn, 907-ci düzəlişin 2 illik bərpası ilə bağlı düzəliş ABŞ Senatına təqdim olunub, daha sonra onu Prezident Co Bayden imzaladıqdan sonra qüvvəyə minməlidir. Azərbaycan Birləşmiş Ştatlardan ümumiyyətlə Qarabağla bağlı təzyiq xarakterli bütün addımları dayandırmağı və mövcud sənədləri ləğv etməsini istəyir. Bura ABŞ Dövlət katibinin təlimatı ilə yaradılan, 19 sentyabr əməliyyatlarına qədər baş verən hadisələri araşdıracaq komissiyanın fəaliyyətinə son verilməsi də daxil ola bilər. Bu komissiyanın nəyi araşdıracağı, onun nəticəsi olaraq Azərbaycana qarşı daha hansı təzyiq xarakterli addımlar atılacağı bəlli deyil…
Rəsmi Bakının əsas tələblərindən biri də 19 sentyabrda Qarabağda keçirilmiş anti-terror əməliyyatından sonra yaranmış reallıqları qəbul etməsini, Azərbaycanın ərazi-bütövlüyü və suverenliyini de-fakto tanımasını, bunun bəyanı olaraq Bakıdakı səfirin Şuşaya səfər etməsini gözləyir.
Görünür, Azərbaycana təyin olunmuş səfirin etimadnaməsini Prezidentin deyil, xarici işlər nazirinin qəbul etməsi qeyd olunan və olunmayan başqa səbəblərlə bağlıdır. Bakının gözləntiləri özünü doğrultsa, o zaman hazırkı soyuq münasibətlər də tədricən aradan qalxa bilər…
AzPolitika.info