8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu məmləkət yalnız 10 milyonluq azərbaycanlının deyil, 50 milyondan artıq Azərbaycan türkünün tarixi yurdudur
Xaricdə yaşayan soydaşlarımız vətənlərinə viza ilə gedib-gəlməməli, onların burada daimi yaşamaq hüququ olmalıdır
Hazırda bir çox dövlətlər müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarının vətənlərinə qayıtmaları, həmçinin öz məmləkətlərində biznes fəaliyyəti ilə məşğul olmaları üçün ciddi islahatlar həyata keçirir, təsirli mexanizmlərə baş vururlar. Azərbaycanda isə bununla bağlı vəziyyət tamamilə fərqlidir. Belə ki, bu gün xarici dövlətlərdə, əsasən də Gürcüstan və İranda məskunlaşmış soydaşlarımız Azərbaycanda qaldıqları müddətdə ciddi sənəd problemi ilə üzləşirlər. Məsələnin maraqlı tərəfi ondadır ki, onların bir çoxu öz doğma vətənində vətəndaşlıq almaqda çətinlik çəkirlər.
Məhz elə bu səbəbdən də bir çox ekspertlər, eyni zamanda millət vəkilləri dəfələrlə xaricdə yaşayan Azərbaycan türklərinin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması qaydalarının sadələşdirilməsini təklif ediblər. Onların fikrincə, "Vətəndaşlıq haqqında" qanunda müvafiq dəyişikliklər edilməli, həmçinin xaricdə yaşayan soydaşlarımızın Azərbaycana səfəri zamanı onlardan viza tələb olunmamalıdır. Çünki bu məmləkət yalnız 10 milyonluq azərbaycanlının deyil, 50 milyondan artıq Azərbaycan türkünün tarixi vətənidir. Bu səbəbdən də ekspertlər hesab edirlər ki, xaricdə yaşayan azərbaycanlılar öz vətənlərinə viza ilə gedib-gəlməməli, onların öz ölkələrində daimi yaşamaq hüququ olmalıdır.
Qeyd edək ki, bir müddət əvvəl sözügedən mövzu ilə bağlı mövqeyini özünün "Facebook" səhifəsində bölüşən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa xaricdəki soydaşlarımızın müdafiəsinə qalxaraq, Gürcüstan, İran və Dərbənddə yaşayan azərbaycanlılarla ingilis arasında fərq qoyulmadığından gileylənib. Belə ki, əcnəbilərin statusuna toxunan deputat başqa ölkələrdə yaşayan azərbaycanlıların da bu kateqoriyaya aid edilməsini ciddi şəkildə tənqid edib: ""Miqrasiya haqqında" Qanunda əcnəbilərin statusundan söhbət gedərkən məlum olur ki, bizim üçün Azərbaycan Respublikasının vətəndaşı olmayan hər bir azərbaycanlı da əcnəbi sayılır. Yəni Gürcüstanda yaşayan, Güney Azərbaycandan, Dərbənddən olan Azərbaycan türkünün bir ingilisdən, afrikalıdan fərqi yoxdur. Məncə, bu məsələyə bir aydınlıq gətirilməlidir. Azərbaycan qanunvericiliyi soydaşlarımızdan rəsmi şəkildə imtina edir, çıxış yolu da düşünülmür. Təklif etdim ki, biz Azərbaycan Respublikası vətəndaşı olmayan qardaşlarımıza xüsusi bir status düşünməliyik. Onları "əcnəbi" adlandırmaq, onlardan imtina etməkdir. Konstitusiyamızda da bu məsələyə laqeyd yanaşılıb. Didər tərəfdən Prezident bir neçə dəfə ifadə edib ki, mən 50 milyonluq azərbaycanlının prezidentiyəm. Burada açıq təzad budur ki, 50 milyonluq azərbaycanlının hardasa 41 milyonu əcnəbidir".
Beləliklə, millət vəkilinin dediklərindən də belə məlum olur ki, bu gün "Miqrasiya haqqında" Qanun Azərbaycan Respublikasının vətəndaşı olmayan hər bir Azərbaycan türkünü əcnəbi sayır. Bu isə öz növbəsində, Azərbaycan hökumətinin Cənubi Azərbaycanda yaşayan 40 milyonluq, Gürcüstanda yaşayan 600 minlik, Dərbənddəki 150-200 minlik soydaşımızdan imtina etdiyi anlamına gələ bilər. Buna görə də ekspertlər, eləcə də millət vəkilləri, ziyalılar, elm adamları xaricdə yaşayan soydaşlarımızın əcnəbilərdən ayırd edilməsi, onların Azərbaycan vətəndaşlığına qəbul olunması məsələsinə yenidən baxılmasını təklif edirlər. Nəzərinizə çatdıraq ki, bir müddət öncə Gürcüstan azərbaycanlıları da miqrasiya məsələləri ilə bağlı problemlərlə əlaqədar ölkə başçısına müraciət ünvanlayıb. Onlar miqrasiya rejiminin tətbiqi zamanı bir sıra təkliflərin nəzərə alınmasını xahiş ediblər: "Gürcüstanlı azərbaycanlıların çoxəsrlik milli özünüdərkinin və milli kimlik şüurunun onların etnik mənsubluğunun müqəddəs ünvanı olan "azərbaycanlı" sözündə ehtiva olunduğunu və bu səbəbdən "əcnəbi" istilahının onlarda doğurduğu kəskin mənəvi-psixoloji aktı nəzərə alaraq, "miqrant" anlayışının hüquqi kontekstdə təsnifatında soydaşlarımızın fərqli hüquqi istilahla ifadə olunmasını məqbul hesab edirik. Gürcüstanlı soydaşlarımızın əsas əmək bazarlarından birinin Rusiya Federasiyası olduğunu, lakin Gürcüstanda 2008-ci ilin avqust ayında baş verən məlum hadisələrdən sonra bu bazarın soydaşlarımızın da üzünə bağlanması səbəbindən onların daha çox Azərbaycanın əmək bazarına üz tutmaq məcburiyyətində qaldıqlarını nəzərə alaraq, Gürcüstanlı azərbaycanlıların əməkçi miqrant statusu alma prosedurunun sadələşdirilməsini təklif edir və bunu çağdaş sosial-iqtisadi reallıq fonunda onların sosial müdafiəsinə yönəlmiş humanist addım hesab edirik".
Bu arada, məlumat üçün bildirək ki, Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir. Qeyd edək ki, viza əsasında gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddətinə, viza tələb olunmayan qaydada gələnlər isə 90 gün müddətinə qeydiyyata alınırlar. BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Onu da bildirək ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.
Nəzərinizə çatdıraq ki, bütün bu tələblər ingilis, fransız, afrikalı ilə yanaşı, Cənubi Azərbaycan, Gürcüstan və Dərbənddə yaşayan soydaşlarımıza da tətbiq olunur. Yəni mövcud qanunvericiliyə görə, onlar öz tarixi vətənlərində əcnəbi hesab olunurlar. Halbuki onların da bizim kimi Azərbaycan Respublikasının vətəndaşı olmağa tam haqqları var. Lakin nədənsə Azərbaycan vətəndaşı ilə ailə quran, Azərbaycan türkcəsini mükəmməl bilən soydaşlarımız belə, vətəndaşlıq almaqda ciddi çətinliklərlə üzləşirlər. Bu isə hazırda qüvvədə olan qanunlara ziddir. Belə ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən Azərbaycan Respublikası ərazisində son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, Azərbaycan dilini mükəmməl bilən, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən şəxs Azərbaycan Respublikasının vətəndaşı ola bilər. Ancaq buna baxmayaraq, sözügedən qanunun tələblərinə cavab verən gürcüstanlı soydaşlarımızın bir hissəsi bir neçə dəfə cəhd göstərmələrinə rəğmən, Azərbaycan vətəndaşlığı əldə edə bilmir.
Xülasə, yazının əvvəlində də qeyd etdiyimiz kimi, bu gün bir çox dövlətlər müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarının vətənlərinə qayıtmaları, həmçinin öz məmləkətlərində biznes fəaliyyəti ilə məşğul olmaları üçün ciddi islahatlar həyata keçirir. Misal kimi, postsovet ölkələrindən Qazaxıstanı göstərmək olar. Belə ki, ötən ilin iyun ayında Qazaxıstanın paytaxtı Astanada dünyanın 39 ölkəsindən gələn 800 diaspor nümayəndəsinin iştirakı ilə dünya qazaxlarının qurultayı keçirilərkən, prezident Nursultan Nazarbayev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarını vətənə dönməyə çağırıb və xaricdəki qazaxlara 50 illiyə torpaq icarəsi təklif edib. Biz isə Azərbaycan Respublikasının vətəndaşı olmayan soydaşlarımızı qanunla əcnəbi sayırıq.
Vazeh BƏHRAMOĞLU
P.S. Mövzunu davam etdirəcəyik.