"Söyüş üsyanı" texnologiyası yenə işə salındı

"Söyüş üsyanı" texnologiyası yenə işə salındı

Rasim Məmmədov,

İNK İH-nin sədri, DAMMİB l vitse-prezidenti, SİMİB rəhbəri

 

Ötən ilərdə Quba və İsmayıllı hadisələri zamanı xarici güc-beyin mərkəzlərinin Azərbaycanın milli-ictimai psixologiyasını, sosial-mental dəyərlərini nəzərə alaraq Feysbuk-İnstaqram-Youtube-Vatsap qlobal informasiya platformaları - görüntülü informasiya bombalarından və şərti olaraq "Söyüş üsyanı" adlandırdığımız kütləvi psixoz - geosiyasi texnologiyasından (hər iki rayon məmurları və onların gülməşəkər balaları yerli insanların ünvanına kəskin ifadələr işlətdikləri zamanı çəkilən kadrların sosiallaşdırılmasından sonra) bu dəfə Gəncədə istifadə edildi. Özü də daha faciəvi və dövlətçiliyimizə vurulan zərbə formasında...

 

Heç kimə sirr deyil ki, ictimai düşüncəmiz məişət fikrimizdən aşağı səviyyədədir: Azərbaycan insanı, məsələn, milli bayrağımızı cırıb atanda, heç kimin tükü tərpənməyəcək, amma hünər varsa birinin yaxınına qarşı kobud ifadə işlət, o dəqqə lotulaşmış genlərimiz işə düşəcək və stəkanda fırtına, bəzən isə söyüş qiyamına qədər fərdi marağımız uğrunda savaşa çıxacaq. Bu həqiqəti isə illərcə Azərbaycan milli-mental dəyərləri, ictimai-psixoloji durumunu tədqiq edən, öyrənən, analiz edərək bizə qarşı təxribatlar hazırlayan xarici güc-beyin mərkəzləri əla bilir...

Azərbaycanda Prezident seçkilərinin normal keçirilməsi, vitse-prezidentin təyin olunması, Ermənistana qarşı bütün sahələrdə qalib gəlməyimiz, Naxçıvanda geri qaytarılan onminlərlə hektar torpaqlarımız, İrəvanda klan hökuməti dəyişməyə vadar etməyimiz, stabil iqtisadi-sosial, neftin qiymətinin artması, xarici siyasətimizdə balanslaşdırıcı istiqamətlərin uğuru, Rusiya, Türkiyə, Qərb və MDB dövlətləri, İran, Şərqdə apardığımız geosiyasi gedişlərimiz, Milli Ordunun sərgilədiyi zəfər yürüşləri, iqtisadiyyadın sürətlə inkişafı, qaz, və neft kəməri, energetik kontraktlarının yenilənməsi, beynəlxalq nəqliyyat şəbəkələrinin açılması, insan resurslarının xaricə nüfuzu və b. nailiyyətlərdən sonra , əlbəttə, belə təxribatların aparılması gözlənilirdi...

Dünən baş verən olayları analiz etmək mütləq vacibdir, maraqlı nüanslar ortaya çıxır:

- Aidiyyəti dövlət qurumlarının nümayəndələri Gəncə İcra başçısının dövlət qulluqçusuna yaraşmayan, etik davranış qaydalarını pozan hərəkətlərini məgər görmürdülər?

- Keçmiş polis rəisi, indiki polis, prokurorluq və s. qurumların rəhbərləri ilə münaqişəyə girməyin sonu nə ilə nəticələnəcəyi məgər bəlli deyildimi?

- Elmar Vəliyev və çangüdəninə qarşı terror edən şəxs necə olur ki, iki il müddətinə Gəncədə at oynadır, polisə xəsarət yetirib əlindəki silahı alır, Rusiyaya qayıdıb tez-bazar orada vətəndaşlıq əldə edir, şəhərə qayıdıb icra başçısına bir neçə dəfə deyir ki, səni vurub öldürəcəyəm, daha sonra sonda dediyini də edir və...

- Əlaqədar güc strukturlarının səlahiyyətli şəxslərinin heç vecinə də deyil sanki və gözləyirdilər ki, hadisələr kritik məqamına qalxsın.

- Eyni zamanda hansısa gözəgörünməz qüvvə bütün Azərbaycanın elektrik enerjisini birdəfəlik kəsməklə iqtisadiyyatımıza milyonlarla ziyan, dövlətçiliyimizə silinməz zərər vurur.

- Məlum terror aktından sonra bir həftə ərzində sosial şəbəkələrdə  bağırırlar ki, Gəncədə mitinq və ya təxribatlar baş tutacaq, aidiyyəti güc strukturları sanki nəyisə gözləyirlərmiş kimi Gəncəyə qoşunları yeritmirlər və təxribatçılar da məqam tapan kimi daha iki polis zabitini şəhid edirlər.

- Diplomatik qaydaları pozaaq ilk dəfə Şimali Kiprə deyil, məhz Azərbaycana səfər edən Türkiyə Respublikasının dövlət başçısının səfəri günü, eləcə də Prezidentimizin xaricə - Belçikaya səfəri ərəfəsində "Söyüş üsyanı"na start verilməsinin arxasında da hansı məqamlar durur.

- Gəncəlilərdən, eləcə də dindarlardan düşmən obrazı yaratmaq istəyənlərin siyasi maraqları nədir, bu barədə düşünməyə dəyər...
- Hadisələri klanlararası savaş müstəvisində görənləri, eləcə də hansısa daxili qüvvələrin dövlət başçımıza qarşı təxribat kimi dəyərləndirənlərin də arqumentləri analiz edilməlidir.

- Gəncədə hər zaman ermənilər yaşayıb, indinin özündə də erməni gəlinləri qalır, eləcə də şiə dini təriqətlərin, son vaxtlar isə nurçlar, vəhabiçilərin güclü dayaqlarının olması, Gəncəbasar lotu və oğruşalarının Rusiyada at oynatmaları, bir sözlə, Ermənistan, Rusiya və İran maraqlarının güclü təsirini də unutmaq olmaz.

- Gəncədə yenə gəncləri irəli verdilər: Aidiyyəti qurumlar, Prezidentin Gənclər siyasətinə ayırdığı milyonlar, fondlar, dövlət qurumları son illər nəylə məşğuldurlar: konsertlər, tele-şoularla ideoloji işlər yapılmaz!!!

İstənilən halda sadalanan cəhətləri ümumiləşdirib bir nəticə çıxarmaq olar: Azərbaycan dövlətçiliyinə, Prezidentinə və millətimizə qarşı böyük bir təxribatın qarşısı nə qədər tez alınsa, tarixin sınağından alnıaçıq çıxacağıq...

Məsələləri və məqamları axtarsaq daha nələri ortaya qoya bilərik, sadəcə, indi bunların mənası varmı, - deyə soruşanlara cavabımız budur: son "Gəncə dərsi"ndən nəticə çıxarmaq üçün geosiyasi analizlərə böyük ehtiyac duyulur ki, faciəvi faktlar qarşısında qalmayaq...

İnanırıq ki, bütün məsələlərə iradəli mövqeyini bildirən ölkə başçısı olaylara yaxın vaxtlarda münasibət bildirəcək, müəyyən ciddi dövlətçilik addımları atılacaq.




Oxşar Xəbərlər

Xəbər lenti