25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Qərargahlar sərbəst işləyir. Heç bir polis müdaxiləsi və açıq nəzarət müşahidə olunmur. Seçkiyə 1 gün qalmasına baxmayaraq, nə paytaxtda, nə də bölgələrə aparan yolda yol polisi daxil heç bir hüquq-mühafizə orqanının əməkdaşı gözə dəymir. Amma seçkinin ikinci turu üçün ölkəyə çoxsaylı müşahidəçilər gəlib. Təkcə ABŞ-ın müxtəlif strukturlarından gələn müşahidəçilərin sayı 3 minə yaxındır. Avropanın çeşidli strukturlarından gələn müşahidəçilərin sayı da bir neçə mindir. Bu gün müşahidə missiyalarının rəhbərləri həm hökumət strukturları, həm də müxalifət təmsilçiləri ilə görüşüblər. Telekanallar bu görüşləri geniş işıqlandırır. Missiya üzvləri ilkin açıqlamalarında bəzi qanun pozuntularını qeyd etsələr də, bütünlükdə seçki mühitinin azad olduğunu bildirirlər.
Əsas iradlar inzibati resursların Salome Zurabişvilinin xeyrinə işlədilməsidir. Məsələn, bir neçə gündür Gürcüstan vətəndaşlarının mobil telefonlarına banklardan SMS-lər gəlir. Mətn təxminən belədir: "Sizin borclarınız bağlanıb. Təbrik edirik. Seçkidə sizi 48-i (Salome Zurabişvilini) dəstəkləməyə çağırırıq”. Bu çağırışı Qərb müşahidəçiləri vətəndaşların azad seçki hüquqlarına basqı kimi qiymətləndirirlər.
Ölkənin türk əhalisinin kompakt yaşadığı Marneulidə seçki aktivliyi yüksək qiymətləndirilir. İlk turda da əhali siyasi fəallıq göstərib. İndidən söyləmək olar ki, ikinci tura da maraq böyükdür. Fikrini soruşduğumuz hər kəs seçim haqqından mütləq istifadə edəcəyini deyir. Ən maraqlı məqam isə Gürcüstanda artıq seçki mədəniyyətinin digər respublikaları bir neçə mərhələ arxada qoymasıdır. Əgər keçən seçkidə, əhali kimə səs verəcəyini açıq bildirirdisə, bu dəfə heç kim namizədinin adını çəkmir. Lap inkişaf etmiş demokratiyalarda olduğu kimi... Sadəcə, ölkənin, övladlarının gələcəyi üçün məsuliyyət hiss etdiklərini, prezidentliyə layiq bildikləri namizədə səs verəcəklərini deyirlər.
Müxalifətlə iqtidar arasında çəkişmələr virtual aləmdə olduğu kimi, mediada da pik həddə çatıb. Namizədlərin və onların vəkillərinin, tərəfdarlarının söz atışması bəzən etik normaları aşır. Qarşılıqlı iradlar namizədlərin keçmişini eşələməkdən və tənqid etməkdən başlayır, hansısa konkret məsələyə münasibət bildirərkən istifadə etdikləri ifadələrə qədər davam edir.
Hakim partiyandan dəstək alan Salome Zurabişvilinin müdafiəçilərinin birləşmiş müxalifətin namizədi Qriqol Vaşadzeyə qarşı əsas iddiası onun bir zamanlar SSRİ-nin Xarici İşlər Nazirliyində çalışması ilə bağlıdır. Rəqibləri Vaşadzeni "XİN-də KQB şefi”, "KQB agenti” adlandırırlar. Salome Zurabişvili üçün ən böyük problemi isə onun dil bilgiləri, daha doğrusu, gürcü dilində zəif danışmasıdırr. Fransada doğulub-böyüyən Zurabişvilinin gürcücəsi ibtidai səviyyədən bir qədər yüksək olduğu üçün o, tez-tez çıxışlarında özünə problemlər yaradır. Bu dil xətaları anında sosial şəbəkələrdə yayılır, karikaturalara çevrilir.
Ancaq onun səsləndirdiyi ifadələrin hamısını ana dili əskikliyinin üzərinə yıxmaq doğru olmaz. Rusiya-Gürcüstan ilişkilərinə münasibət bildirərkən onun "işğala səbəb olan savaşı Gürcüstan başladıb” deməsi bütün seçki kampaniyası boyu ona qarşı istifadə edildi. Faktiki olaraq Rusiya işğalına haqq qazandırması onu bir çoxlarının gözündə Kremlin adamına çevirib və görünən odur ki, bütün cəhdlərə baxmayaraq, bu baxışı dəyişmək mümkün olmayıb.
Ötən prezident və parlament seçkiləri dönəmlərini analiz etdikdə görürük ki, türklərin kompakt yaşadığı ərazilərdə seçki sonuclarına təsir edəcək pravokasiyalar baş verib. Odlu və soyuq silahların qarışdığı olaylar ağır xəsarətlərlə, kütləvi həbslərlə, polisin konkret qüvvənin fəaliyyətini tam nəzarətə götürməsi ilə müşahidə olunub.
Bu dəfə isə sakitlikdir. Siyasi baxışlarına görə həbs edilən yoxdur. Basqılar isə qalmaqdadır. Bir neçə kənddə müxalifət tərəfdarı olan müəllimlər işdən çıxarılıb. Səbəbi onlara açıq deyiblər – Saakaşvili təbliğatı apardığınız üçün işdən azad olunursunuz. Zərərçəkənlər hələlik qanun pozuntuları haqqında məhkəmələrə rəsmi şikayət etməyə tələsmədiklərini bildirirlər. Çünki sabahkı seçkinin sonucları hər şeyi kökündən dəyişdirə bilər. Seçicilərin buna inamı böyükdür.
Düşərgələrin siyasi texnoloqlarının işinə gəlincə, "müxalifət birmənalı irəlidədir” söyləmək olar. Qriqol Vaşadzenin bütün təbliğat plakatlarında gələcəyə yönəlik pozitiv mesajlar var. Müxalifətin "işıqlı gələcəyə səs verin” çağırışlarının fonunda Zurabişvilinin gürcü ruhuna xitab etməyən, müxalifət liderlərini, xüsusən də eks-prezident Mixeil Saakaşvilini qaralayan təbliğat plakatları çox sönük görünür. Hər kəsə bəlliridir ki, türk əhalinin xüsusən yaşlı hissəsi gürcücə oxuyub-yaza bilmir. Bu, ölkənin ciddi problemlərindən olsa da, reallıqdır. Bu durumda hakim partiya Marneuliyə Saakaşvili və onun iqtidarı dönəmində yüksək vəzifə tutanların şəkli olan plakatlar yapışdırıb – "cinayətkarlara səs verməyin, Vaşadzeyə səs vermək Saakaşviliyə səs verməkdir” çağırışları edir. Alınan effekt müxalifətin xeyrinədir – yaşlı əhali gürcücə mətnləri oxuya bilmədiyindən düşünür ki, artıq hakimiyyət də Saakaşvilinin təbliğatına başlayıb...
Saakaşvili və Vaşadze isə türk əhaliyə ana dilində xitab edir: "Sizləri böyük sevgi ilə salamlayıram. Ümid edirəm ki, qısa zamanda əziz vətənimizdə görüşəcəyik. Əminəm ki, heç bir namizəd sizi aldada bilməyəcək və siz seçkiyə azad iradənizlə qatılacaqsınız”.
Seçki qərargahlarında hər iki düşərgə öz qələbəsi haqqında əminliklə danışır. Zurabişvili komandası xalqın keçmişə qayıtmaq istəmədiyini, Saakaşvili komandası isə vətəndaşların onların yaratdığı qanun düzənini yenidən hakim ideologiya olaraq görmək istədiyini deyir. Saakaşvilinin komandası onu da deyir ki, 28 noyabr seçkisi saxtalaşdırılsa, ən azı 150 min insan Tiflis keçələrinə axışacaq.
Həyəcan saatbasaat artmaqdadır...
Aygün Muradxanlı, Musavat.com
Tiflis-Marneuli