Aprel şəhidinin xanımı təşkilat yaratdı - "Qoy canını bu vətənə fəda edənlərin övladları ilə bağlı arzuları yarımçıq qalmasın"

Aprel şəhidinin xanımı təşkilat yaratdı - "Qoy canını bu vətənə fəda edənlərin övladları ilə bağlı arzuları yarımçıq qalmasın"

 

Aprel döyüşlərinin qəhrəmanlarından biri, "Azərbaycan Bayrağı” ordenli şəhid mayor Təbriz Musazadənin xanımı Pərişan Musazadə "Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım" İctimai Birliyini təsis edib.

Sozcu.info  xəbər verir ki, birlik şəhid övladlarının təhsil almasına yardım edəcək. Könüllü müəllimlər-birlik üzvləri şəhid və kimsəsiz uşaqlara müxtəlif fənlər üzrə təmənnasız kurslar keçəcək, maddi və mənəvi dəstək göstərəcəklər. "Təbriz övladlarının, onların timsalında millətin gələcəyi olan bütün uşaqların təhsil almasını vətən üçün layiqli övlad kimi böyümələrini arzulayırdı. Hətta təşkilat yaradıb əlindən gələn köməkliyi göstərməyi düşünürdü. Onun arzusunu yerinə yetirməyə çalışıram. Mən Təbrizin yadigarı - Tayfun və Onurun atasına layiq övlad kimi böyüməsi üçün əlimdən gələni edirəm. Övladlarım kimi bütün şəhid övladlarının təhsil almasına az da olsa, yardım etmək istəyirik. Qoy canını bu vətənə fəda edənlərin övladları ilə bağlı arzuları yarımçıq qalmasın", - bu sözləri Pərişan Musazadə təşkilatın məqsədlərindən danışarkən deyib. Təşkilatın könüllüləri arasında psixoloq və həkimlər də var. Onlar səhiyyə sahəsində yardım edəcəklər. "Biz bütün könüllüləri ətrafımızda birləşməyə çağırırıq.

Dövlət şəhid ailələrinə qayğı göstərir, biz də əlimizdən gələni əsirgəməyək" - Musazadə hər kəsi bu işə dəstək olmaqa çağırıb. Dekabrın 8-də Qarabağ əlilləri, şəhid ailələri və ictimai xadimlərin iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində təşkilatın təqdimatı keçiriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti