"Su verirsən, böyüyür" - Narkotik xassəli bitki becərən 68 yaşlı Quliyev məqsədinin pul qazanmaq olduğunu deyib

 

921 kiloqram narkotik bitki əkən şəxs hakim qarşısına çıxarılıb. O, narkotikdən qazanc əldə etmək istədiyini deyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1952-ci il təvəllüdlü Əhməd Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. O, külli miqdarda narkotik vasitə əkməkdə və becərməklə ittiham edilir.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Maştağa qəsəbə sakini Əhməd Quliyev külli miqdarda narkotik bitki əkib.

Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yoli ilə yetişdirilən çəkisi 921 kiloqram olan 4021 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Elan olunmuş ittihamla Əhməd Quliyev özünü təqsirli bilib. O deyib ki, məqsədi gəlir əldə etmək olub.

"Pul qazanacaqdım, amma olmadı"- deyə Quliyev gülərək bildirib.

Quliyevdən narkotik bitkiləri necə yetişdirdiyi də soruşulub. Quliyev qısa olaraq "su verirsən, böyüyür də. Ağac kimi..." deyə cavab verib.

Ə.Quliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

İstintaq zamanı Ə.Quliyevin paytaxt və eləcə də bölgələrdə narkotik maddələrin satışını həyata keçirən narkotacir olduğu məlum olub.



Oxşar Xəbərlər

Xəbər lenti