BMT-dən həyəcanlı xəbərdarlıq:"İlin sonunadək 590 min uşaq aclıqdan ölə bilər"

BMT-dən həyəcanlı xəbərdarlıq:"İlin sonunadək 590 min uşaq aclıqdan ölə bilər"

 

BMT-nin illik ərzaq təhlükəsizliyi hesabatına görə, cari ilin sonunadək silahlı münaqişə zonalarında 590 min uşaq aclıqdan ölə bilər.

AZƏRTAC "The Guardian” qəzetinə istinadla xəbər verir ki, "Uşaqları qoru” beynəlxalq təşkilatı silahlı münaqişə zonalarında aclıq amilini "yeni silah” adlandırıb. BMT-nin hesabatında bildirilir ki, xeyriyyə məqsədləri üçün ayrılan 4,5 milyon dollar son illər ən təhlükəli münaqişə zonalarında 20 faiz artan aclığın qarşısının alınması üçün yetərli deyil. Bu vəsait orta hesabla uşaqların üçdəbirinin müalicəsinə və qidalanmasına sərf olunur, qalan 590 min azyaşlı isə ölüm təhlükəsi qarşısındadır. Təşkilat bu silahlı münaqişələr və iqlim dəyişiklikləri nəticəsində yaranan vəziyyəti 2000-ci ildən bəri ən acınacaqlı fəlakət kimi qiymətləndirib.

"Uşaqları qoru” təşkilatının icraçı direktoru Kevin Vatkins deyib: "Hazırda Yəməndən Cənubi Sudanadək silahlı münaqişə tərəflərinin aclıq amilindən müharibə silahı kimi istifadə etməsinin ən böyük zərbəsi uşaqlara dəyir. Digər tərəfdən, münaqişə zonalarına humanitar yardım göstərən donorların sayı da azalıb. Konqo Demokratik Respublikasında isə aclıqdan əziyyət çəkən uşaqlara göndərilən ərzaq yardımı ünvanına çatmayıb. Bu ölkədə 1,9 milyon azyaşlı kəskin qida çatışmazlığından əziyyət çəkir və onların 300 mini ilin sonunadək ölə bilər”.

Hesabatda qeyd olunur ki, uşaqların kəskin qida çatışmazlığı ən çox Sudan, Əfqanıstan, Yəmən və Somalidə mövcuddur. Vatkinsin sözlərinə görə, ən çox humanitar yardım göndərilən Yəməndə də 400 min uşaq yetərincə qidalana bilmir. Təşkilatın baş katibi əlavə edib ki, 2017-ci ildə silahlı münaqişə zonalarında humanitar yardım karvanlarını əngəlləmək üçün BMT əməkdaşlarına 1460 dəfə hücum edilib.



Oxşar Xəbərlər

Xəbər lenti