8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mürvət Həsənli: "Azərbaycan gözünü neft birjalarına dikmək asılılığından qurtulmalıdır”
Natiq Cəfərli: "Azərbaycan Venesueladan sonra neftdən ən çox asılı olan ikinci ölkədir”
Dünya bazarında neft qiymətlərinin yüksəlişi davam edir.
Hurriyyet.org xəbər verir ki, ötən həftəni 64.55 dollarla tamamlayan Brent markalı neftin bir barrel qiyməti dünən günün ilk yarısında 65.07 dollara qədər yüksəlib.
Halbuki, neft araşdırmalarıyla məşğul olan "Baker Hagis”in (Baker Hughes) cümə günü açıqladığı məlumatlara görə, ABD son 6 həftə ərzində aktif petrol qazma quyularının sayını 608-dən 800-ə çıxartmışdı. Bu, həm də son 3 ilin ən yüksək səviyyəsi idi. Hardasa, 31 faizlik artımın neft qiymətlərinə mənfi təsir edəcəyi gözlənilirdi.
Buna rəğmən, dünya neft bazarlarında müşahidə olunan qiymət artımını mütəxəssislər Liviyada bir boru kəmərinin bağlanması ilə izah edirlər. Bildirilir ki, boru kəmərinin bağlanması Liviyanın ən böyük neft sahəsində istehsalın dayanmasına səbəb olub. Bu da dünya bazarında tələbin təklifi üstələsiylə nəticələnib və qiymətlər bahalaşıb.
Bəs, bu bahalaşma nə qədər davam edə bilər? Ümumiyyətlə, iqtisadiyyatı neftdən asılı olan Azərbaycan qiymətlərin yenidən bahalaşmasına bel bağlaya bilərmi?
Tanınmış iş adamı və iqtisadçı Mürvət Həsənli mətbuata açıqlamasında bu yüksəliş trendinin davamlı olacağına inanmadığını bildirib. Onun fikrincə, xüsusilə mart ayında neft qiymətlərində ciddi dalğalanmalar ola bilər: "Neftin ucuzlaşıb-bahalaşması müxtəlif amillərdən asılı olduğundan bunu proqnozlaşdırmaq çətindir. Odur ki, geniş perspektivdə Azərbaycan gözünü neft birjalarına dikmək asılılığından qurtulmalıdır və mənim bildiyimə görə, bu istiqamətdə ciddi işlər gedir”.
Neftin qiymətlərini proqnozlaşdırmağın çətinliyi barədə fikirlərini əsasən iki amillə əsaslandıran iş adamına görə, səbəblərdən biri siyasi, digəri isə iqtisadidir: "Bildiyimiz kimi, beynəlxalq neft bazarına Rusiya və ABŞ arasında son zamanlar qızışan siyasi polemikalar da öz psixoloji təsirini göstərir. ABŞ keçmiş SSRİ-ni ucuz neft siyasətilə çökdürdüyü kimi, Rusiyanı da eyni metodla iqtisadi tənəzzülə sürükləmək istəyir. Bunun üçün isə müxtəlif iqtisadi addımlar atır. Məsələn, özünün neft hasilatını artırmaqla qiymətlərin ucuzlaşmasını şərtləndirir. Yaxud körfəz ölkələrinə təsir imkanlarından istifadə edərək, OPEC və Rusiya arasında bağlanan hasilatı azaltmaq haqqında razılaşmaları pozmağa çalışır”.
Mürvət Həsənliyə görə, mart ayının 18-də Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində seçicilərdə Putinə inamsızlıq yaratmaq üçün neftin qiymətlərinin kəskin ucuzlaşdırılması ehtimalı da istisna deyil. Artıq bu istiqamətdə Vaşinqtonun müəyyən addımlar atdığı deyən iş adamı son altı həftə ərzində ABŞ-ın neft qazma qurğularının sayını, hardasa, 31 faiz artırmasını da bu amillə izah edir.
Mürvət Həsənli qeyd edir ki, ABŞ Enerji İnformasiya Agentliyinin (EİA) çərşənbə günü açıqlanan məlumatlarında da ölkənin neft hasilatının gündəlik orta hesabla 13 min barrel artırılaraq, 10,28 milyon barrelə çatdırıldığını bildirilir: "EİA-nin təxminlərinə görə, bu il ABŞ-ın neft hasilatı 10.60 milyon barrelə qədər yüksələcək. Gələn ildən isə 11,20 milyon barreli keçəcək. Bu isə ABŞ-ın neft hasilatında Rusiyanı geridə qoyaraq, liderə çevriləcəyi deməkdir və istər-istəməz neftin qiymətlərində azalmalar müşahidə oluna bilər”.
Şist neftininin ucuz hasilatını kəşf etməklə Rusiyanın enerji siyasətinə böyük zərbə vuran ABŞ-ın yaxın 20-30 il ərzində neft erasını bitirmək istədiyini söyləyən iş adamı Azərbaycan hakimiyyətinin də bunun fərqində olduğuna, son zamanlar atdığı bəzi addımlarla qeyri-neft sektorunu inkişaf etdirdiyinə inanır.
Neftin dünya bazar qiymətlərinin düşməməsi ilə bağlı iqtisadçı Natiq Cəfərli isə "Hürriyyət”ə dedi ki, OPEK və Rusiya arasında anlaşma hasilatın gündəlik 1,8 milyon barel azalmasına xidmət edir və neft qiymətlərinə ciddi təsir göstərir, bahalaşmaya səbəb olan da budur: "Bu da Amerikada hasilatın artım tepminə səbəb oldu və buruqların sayı da, hasilat da artır. Yəqin ki, yaxın 2-3 ayda dünyada ən çox neft hasil edən ölkə Amerika olacaq. Rusiyaya çatıb, Səudiyyə Ərəbistanın keçmək üçünsə gündəlik hasilatın 200 min barel də artması lazımdır ki, bu da uzağı 2-3 ayda baş verəcək. Yəni Amerikada neft hasilatının artması elə OPEK və Rusiya arasında olan anlaşmada azalan nefti kompensasiya qədər bəs edib. Getdikcə hasilat daha da artsa, bu, artıq neft qiymətlərinə daha ciddi təsir göstərəcək. Hələlik isə OPEK ölkələrinin və Rusiyanın azaltdığı hasilatın yerini ABŞ ancaq doldura bilir.
İkinci səbəb isə neft qiymətləri ilə dollar birbaşa əlaqə ilə bağlıdır. Son aylarda dünyada ciddi şəkildə dollar ucuzlaşdı. Dollar indeksi son 6 ayda 101 punktdan 89 punkta qədər düşdü, həm avro, həm də digər valyutalar qarşısında dünyada xeyli dərəcədə ucuzlaşdı. Bu da neftin qiymətlərinə də təsir göstərdi".
İqtisadçının fikrincə, mart ayından başlayaraq, Federal Ehtiyatlar Sistemi (FES) indekslərin, faizlərin artması ilə bağlı qərar verəcək və bu ilin sonuna qədər 3 dəfə faiz artımının olacağı gözlənilir: "Bunlar baş versə, dolların bahalaşması avtomatik olaraq neft qiymətlərinə də təsir göstərəcək. Bu gün hələlik buruqların sayının artması və Amerikada hasilatın artması ancaq itkiləri kompensasiya edir və dolların ucuzlaşması neftin daha da aşağı düşməsinin qarşısını aldı”, - deyə iqtisadçı nəzərə çatdırdı.
Cəfərli onu da vurğuladı ki, Azərbaycan iqtisadiyyatı çox təhlükəli şəkildə neftdən asılıdır: "Azərbaycan Venesueladan sonra neftdən ən çox asılı olan ikinci ölkədir. Ona görə də neft qiymətlərinin dəyişməsi Azərbaycana birbaşa və çox ciddi təsir göstərir”.
Neft qiymətlərinə basqı yaradacaq növbəti bir Kanada olacağını vurğulayan həmsöhbətimizin fikrincə, son aylarda Kanadada da hasilat çox kəskin şəkildə artıb: "Qış mövsümü bitdikdən sonra Kanadada hasilatın gündəlik 500 min artması gözlənilir. Mənə elə gəlir ki, aprel ayından başlayaraq bu təsirin daha da ciddi olacağını görəcəyik".
Cəfərli istisna etmir ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin də azalmasına səbəb ola bilər: "Son 1 ildə Azərbaycan iqtisadiyyatında sabitliyin yaranmasının, makroiqtisadi göstəricilərdə az da olsa yaxşılaşmanın yeganə səbəbi hökumətin apardığı hər hansı bir iş deyil, neft qiymətləridir. Neftin qiyməti, təqribən, 38 faiz artıb və bu artım da həm ölkəyə valyuta gətirir, həm də makroiqtisadi göstəriciləri yaxşılaşdırır. İndi azalma baş versə, təbii ki, yenidən Azərbyacanda ÜDM-in azalmasını müşahidə edə bilərik. Bu həm də manata basqıları artıracaq və Azərbaycanın makroiqtisadi göstəricilərinə mənfi təsir göstərəcək”.
Şamo EMİN, Hurriyyet.org