AZƏRBAYCANDAN ÇİRKLİ PULLARI ÇIXARAN BƏYƏLİ MÜRSƏLOVU KİM XİLAS ETDİ...

AZƏRBAYCANDAN ÇİRKLİ PULLARI ÇIXARAN BƏYƏLİ MÜRSƏLOVU KİM XİLAS ETDİ...

 

Latviyada öldürülən məşhur bankirin azərbaycanlı nümayəndəsi haqda şok faktlar

"Trasta Komercbanka”nın Azərbaycan nümayəndəliyinin rəhbəri Bəyəli Mürsəlovun barəsində açılan cinayət işi necə bağlandı?

"Firuzə xanımın oğlu Mürsəlov Bəyəli Mürsəl oğlu Ziyad müəllimin havadarlıq elədiyi adamlardan biridir. Yuliya Aleksandrovna da qaynanası Firuzə xanımın xahişilə Ziyad Səmədzadə tərəfindən "ASK" ASC-nin tabeliyində olan "General Konstrakşn" şirkətinə rəhbər təyin olunmuşdur”

"Bəyəli Mürsəlov Latviyanın "Trasta komercbanka” bankının törəmə şirkəti olan "TKB Leasing” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyinə də məhz Ziyad Səmədzadənin dəstəyi ilə təyin olunub”

SOCAR prezidenti Rövnəq Abdullayevin yaxın qohumu, "SOCAR Trading SA” şirkətinin keçmiş rəhbəri Anar Əliyevin də adı hallanan Latviya bankı "Trasta komercbanka”-nın pulyuma əməliyyatları ilə bağlı qəzetimizin ötən saylarında açıqlama vermişdik. Qeyd edtmişdik ki, Azərbaycan, Rusiya və digər bəzi keçmiş sovet respublikalarından çirkli pulların yuyulmasını təşkil etdiyi üçün Avropa Mərkəzi Bankı tərəfindən 2016-cı ildə lisenziyası ləğv edilmiş Latviya bankı «Trasta komercbanka»-nın ləğvedicisi Martıniş Bunkus mayın 30-da Riqada qətlə yetirilib. Latviya KİV-ləri xəbər verir ki, həmin qətlin "bankda pulları batan azərbaycanlı biznesmenlər” tərəfindən sifariş verildiyi versiyası araşdırılır.

Martıniş Bunkusun Latviyada Azərbaycan, Ukrayna və Rusiyadan çirkli pulların leqallaşdırılması ilə məşğul olan və ABŞ Maliyyə Nazirliyinin maliyyə kəşfiyyatı mərkəzi FinCEN tərəfindən sanksiya tətbiq ediləndən sonra fəaliyyətini dayandırmaq məcburiyyətində qalan "ABLV bank”ın da ləğvedcisi təyin edilməsi gözlənilirdi.

Qeyd etdiyimiz kimi, ötən ilin avqust ayında Latviyanın "Trasta komercbanka” bankının törəmə şirkəti olan "TKB Leasing” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğvini elan edib. Bu barədə Vergilər Nazirliyinin yaydığı məlumatda deyilirdi. Bildirilirdi ki, kreditorlar iki ay müddətində şirkətlə bağlı iddialarını Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 27 ünvanına təqdim edə bilərlər.

Şirkətin bağlanma səbəblərinə gəldikdə isə, təbii ki, əsas amil Avropa Mərkəzi Bankı "Trasta komercbanka” nın lisenziyasını ləğv etməsi idi. Buna səbəb kimi bankın uzun müddətdir fəaliyyətində ciddi pozuntulara yol verməsi, ziyanla işləməsi və cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi sahəsində intensiv pozuntulara yol verməsi göstərilirdi.

Xatırladaq ki, "Trasta Komercbanka” Azərbaycan bazarına 2010-cu ildə daxil olub, "TKB Leasing” Səhmdar Cəmiyyəti adı altında törəmə şirkət təsis edib. Bu törəmə şirkətin əsas funksiyası da məhz Azərbaycandan Avropa İttifaqına üzv ölkələrin banklarına pul köçürmələrini və yerləşdirilməsini təmin etməkdən ibarət olub. Bu məqsədlə Latviyada və offşor zonalarda qeydiyyatdan keçmiş, "kağız üzərindəki şirkətlərdən istifadə olunub. Söhbət çirkli pulların leqallaşdırılması əməliyyatından gedir və mənbələr bildirir ki, bu bankda leqallaşdırılan vəsaitə görə "komission” kifayət qədər yüksək olub-təxminən 20 faiz təşkil edib.

Şirkətin rəsmi saytında isə göstərilirdi ki, "TKB Leasing” Səhmdar Cəmiyyəti Azərbaycanda sahibkarlara lizinq xidmətləri göstərilməsi, kommersiya fəaliyyəti, eləcə də kiçik və orta biznesin inkişafı üçün kreditlərin verilməsi kimi fəaliyyətlərlə məşğuldur. "TKB Leasing”-in rəhbəri və "Trasta Komercbanka”-nın Azərbaycan nümayəndəsi Bəyəli Mürsəlov təyin edilib.

2014-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Latviyada qeydiyyatdan keçmiş "Trasta Komercbanka” Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Bəyəli Mürsəlov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açıb.

Cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Bakı sakinindən daxil olmuş şikayət əsasında başlanılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, B.Mürsəlov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhər sakininin həmin bankda hesabında olan 600 min avro məbləğində pulunu istixana üçün avadanlıq alınması adı ilə xaricdə fəaliyyət göstərən şirkətlərin bank hesablarına köçürməklə mənimsəyib. Bu cinayət işinə dair istintaqın nəticələri barədə məlumat yoxdur. Bununla belə, Sozcu.info bu haqda çox ciddi faktlar əldə edib. Bütün bunlar haqda az sonra məlumat verəcəyik.

Hələlik isə onu qeyd edək ki, Latviya bankının adı təkcə Azərbaycanda çirkli pulların leqallaşdırılmasına qarışmayıb. Korrupsiya və mütəşəkkil cinayətkarlıq üzrə jurnalist araşdırmaları Mərkəzi OCCRP-nin 2014-cü il avqustun 24-də dərc etdiyi məlumatda deyilir ki, "Trasta Komercbanka” Rusiyadan milyardlarla dolların çıxarılması və leqallaşdırılması üzrə nəhəng sxemin marşrutunda son nöqtədir. OCCRP bankın Rusiyadan çirkli pulların çıxarılmasında və leqallaşdırılmasında əsas vasitəçi olduğunu təsdiq edən bank sənədlərini əldə etdiyini bildirmişdi.

Ziyad Səmədzadə

Bəyəli Mürsəlov haqda sensasion faktlar

Artıq dəyərli oxucularımıza bəlli olduğu kimi, Bəyəli Mürsəlovun adı 600 min avroluq çirkli pulun yuyulmasında hallanaraq, ona qarşı rəsmi ittiham irəli sürülüb. Lakin bu cinayət işinə dair istintaqın nəticələri mətbuata açıqlanmadığından, onun sonrakı taleyi ilə bağlı heç bir rəsmi bilgi yoxdur. Bununla belə, "Hürriyyət”ə etibarlı mənbələrdən daxil olan bilgilərə görə, B.Mürsəlovu bu həbsdən yaxın qohumu, Azərbaycan-Latviya parlamentlərarası qrupun rəhbəri, deputat Ziyad Səmədzadə xilas edib. Hətta o da vurğulanır ki, Bəyəli Mürsəlov Latviyanın "Trasta komercbanka” bankının törəmə şirkəti olan "TKB Leasing” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyinə də məhz Ziyad Səmədzadənin dəstəyi ilə təyin olunub. Məlumata görə, Z.Səmədzadə B.Mürsəlovun həyat yoldaşı, Azərbaycan dilində bir kəlmə belə bilməyən Yuliya Aleksandrovnanı isə 2016-cı ildən "Globus Plazada" yerləşən "General Konstrakşn" şirkətinə lider təyin etdirmişdir.

Bu haqda Sozcu.info əaçıqlama verən "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin tərkibində fəaliyyət göstərən "General Konstrakşn” MMC-nin hüquqşunası Nedeva Ruhangiz Ağa qızı bildirir: "Əvvəllər işlədiyi "General Konstrakşn" şirkətində əsasən Şəki şəhərində yerləşən obyektlərə "Şəki-Agro", Şəki-Şərab", Şəki-İpək" və s. yerlərə öz maddi maraqlarını təmin etmək üçün tez-tez ezam olunan Yuliya Aleksandrovna törətdiyi qanunsuzluqlara görə əri Bəyəli Mürsəlovla birlikdə 2010-cu ildən qovulduqdan sonra, yenidən himayədarı vasitəsilə bu şirkətə rəhbər təyin edilmiş və dövlət strategiyasından uzaq olan işlərlə məşğul olmağa başlamışdır.

Belə ki, Yuliya Aleksandrovna buraya təyin olunsa da, hələlik təhvil-təslim başlamamışdan ağlına gələn və gəlməyən əsassız sərəncamlar və əmrlər verməklə məşğuldur. Ortada olan "General Konstrakşn" MMC-nin ayağında olan 89 mil. manat borcun necə olunacağı məsələsi həllini tapmamış bu adam əvvəllər 2006-2010-cu illərdə işlədiyi "general-konstrakşn" şirkətindən sanki qısasını almağa tələsir”.

Ruhangiz Nedeva iddia edir ki, Bəyəli Mürsəlovun anası, mərhum Mürsəl Mürsəlovun həyat yoldaşı olmuş Qəribova Firuzə xanım Hacıbaba qızı hal-hazırda Ziyad Səmədzadənin baş köməkçisidir: "Firuzə xanımın oğlu Mürsəlov Bəyəli Mürsəl oğlu Ziyad müəllimin havadarlıq elədiyi adamlardan biridir. Yuliya Aleksandrovna da qaynanası Firuzə xanımın xahişilə Ziyad Səmədzadə tərəfindən "ASK" ASC-nin tabeliyində olan "General Konstrakşn" şirkətinə rəhbər təyin olunmuşdur”.

Картинки по запросу Martıniş Bunkus

Bəyəli Mürsəlovun keçmiş "patronu” Martıniş Bunkusun qətli…

Xatırladaq ki, Martıniş Bunkusun qətli hazırda bank sektorunda çirkli pulların yuyulması qalmaqallarına görə ciddi böhran yaşanan Latviyada böhranı daha da dərinləşdirib. Xəbərlərə görə, «Trasta komercbanka»-nın ləğvedici administratoru olmuş Bunkus mayın 30-da səhər saat 08.45 radələrində Riqadakı "Lesnaya” qəbiristanlığının yaxınlığında güllələnib.

Latviya kriminal polisinin Baş idarəsinin rəisi Andrey Qrişin bildirib ki, bu qətl diqqətlə planlaşdırılıb. Qatillərin iki nəfər olduğu təxmin edilir. Onlardan biri "Volkswagen” markalı furqonun sükanı arxasında olub, digəri hədəf atəş açıb. Bunkus avtomat silahdan açılan atəşlə öldürülüb. Hadisədən sonra qəbiristanlığın digər səmtində həmin mikroavtobus yandırılmış vəziyyətdə tapılıb, avtomobilin salonunda avtomatdan atəş açmaq üçün əldəqayırma ştativ aşkarlanıb. Polis qatillərin peşəkarlar olduğunu və hədəfdən yayınmamaq üçün ştativdən istifadə etdiklərini bildirir. Mikroavtobusda saxta dövlət nömrə nişanı olub. Bu qətlin araşdırılması üçün kriminal polisin ən yaxşı əməliyyatçıları və müstəntiqləri səfərbər olunub. Habelə ABŞ Federal Təhqiqatlar Bürosu qətlin araşdırılması üçün ekspertlər göndərəcəyini açıqlayıb. Qətlin Bunkusun peşə fəaliyyəti ilə bağlı olduğu şübhə doğurmur.

Похожее изображение

Latviyalı bankirin qətlində adı hallanan azərbaycanlı oliqarx…

Latviyanın "TV3 Xəbərlər” proqramı bir neçə mənbəyə istinadən bildirir ki, Martıniş Bunkusun qətlinin sifarişçiləri azərbaycanlı "biznesmenlər” ola bilər. Məlumata görə, siyasi dairələrdə və hüquq-mühafizə orqanlarında belə təxmin edirlər ki, «Trasta komercbanka» bankında iri məbləğdə pulları batan azərbaycanlı "biznesmenlər” bu qətli sifariş verib. Proqramda bildirilib ki, həmin bankın Azərbaycan, Rusiya, Tacikistan, Ukrayna kimi ölkələrdə nümayəndəlikləri olub. Bu ölkələrdə isə pullarını məmuniyyətlə offşorlarda və xarici banklarda gizlətmək istəyən nüfuzlu qruplaşmalar fəaliyyət göstərir.

Bir neçə mənbə "TV3 Xəbərlər” proqramında belə versiya səsləndirib ki, azərbaycanlı "biznesmenlər” pullarının banklarda ilişib qaldığını və onları qaytarmaq şansının olmadığını görəndə bu qətli sifariş verə bilərdilər. Belə ki, Latviya vətəndaşı olmayan 206 əmanətçinin, o cümlədən 52 fiziki və 154 hüququ şəxsin əmanəti həmin bankda batıb.

Bildirilir ki, azərbaycanlıların mafiyasının episentri hesab edilən Moskvada mart ayında azərbaycanlı biznesmen güllələnib. Qatillər peşəkar hərəkət ediblər və xarakterinə görə bu qətl Bunkusun qətlini xatırladıb. Bunkusun qətlində olduğu kimi Riqada da killerlər hədəfi videomüşahidə kameralarının olmadığı yerdə vurublar.

Bunkusun qətlinin miqyası və forması göstərir ki, sifarişçilər və icraçılar Latviyadan deyillər. Təcrübəli polislər killerin ştattivdən istifadə etməsindən təəcübləniblər, əvvəllər Latviyada belə hala rast gəlinməyib. Keçmiş polis rəisi Valdis Voinis bildirib ki, silahı ştativə bərkidəndə hədəfi vurmaq ehtimalı yüksək olur və görünür killerlər əvvəllər də belə təcrübəyə malik olublar. "Onlar hədəfi izləyiblər, mövqe seçiblər və sərrast atəş açıblar”-keçmiş polis rəisi deyib.

Latviyanın daxili işlər naziri Rixard Kozlovskis yerli televiziyalara bildirib ki, Birləşmiş Ştatlar xəfiyyələri bu səs-küylü qətlin araşdırılmasına kömək edə bilərlər. Artıq müvafiq danışıqlar gedir. Nazirin bildirdiyinə görə bu qətlin araşdırılması üçün bütün polis resursları, ən yaxşı kriminalistlər və müstəntiqlər cəlb edilib. "Biz yol verə bilmərik ki, mütəşəkkil cinayətkarlıq Riqada bizə öz şərtlərini diqtə etsinlər”-nazir deyib.

İyunun 6-da ABŞ maliyyə nazirinin terrorçuluqla mübarizə üzrə müavini -FinCEN-in rəhbəri Marşall Billingsli "ABLV bank”ın məsələsi ilə bağlı Riqaya səfər edib və baş nazir Maris Kuçunskislə görüşündə Bunkusun qətli də müzakirə olunub. FinCEN-in rəhbəri Bunkusun qətlini "allahsızlıq” adlandırıb və Latviyaya bu qətlin araşdırılması üçün hərtərəfli kömək vəd edib. Kozlovskis isə deyib ki, Latviya tərəfi ABŞ-dan bu qətlin araşdırılması üçün texniki ekspertiza köməyi xahiş edir. Çünki amerikalılar bu sahədə böyük təcrübəyə malikdir. Qətlin üstünün açılması üçün pul mükafatının da təyin edilməsi gözlənilir.

Sozcu.info 

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti