Ölən şəhid qızını sərxoş çıxarmaq üçün iş adamından 52 min rüşvət almışdı - 9 İL CƏZA İSTƏNİLDİ

Ölən şəhid qızını sərxoş çıxarmaq üçün iş adamından 52 min rüşvət almışdı - 9 İL CƏZA İSTƏNİLDİ

 

Oğlu maşınla şəhid qızını vurub öldürən iş adamı Akif Rəhimovun adı daha bir qalmaqalda keçir. Məlum olub ki, iş adamı oğlunun cinayətini gizlətmək üçün saxtakarlıq etmək istəyib. Belə ki, iş adamı oğlunun maşınla vurub öldürdüyü şəhid qızının sərxoş olması ilə bağlı ekspertiza rəyi almağa cəhd edib.

Sozcu.info  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Babayev Elnur Yaşar oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən Elnur Babayev özünü təqsirli bilir.

Məhkəmə iclasına hakim Eldar Mikayılov sədrlik edir.

Məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror törətdiyi əmələ görə Elnur Babayevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Elnur Babayev iş adamı Akif Rəhimovdan ümumilikdə 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə Elnur Babayev Akif Rəhimovun oğlunun törətdiyi ölümlə nəticələnən qəzanı ört-basdır edəcəkmiş.

Elnur Babayev iş adamına vəd edib ki, qəza zamanı dünyasını dəyişən qadının sərxoş olması ilə bağlı ekspertiza rəyi alacaq. Həmçinin Elnur Babayev müstəntiq Vüqar Abbasov vasitəsi ilə işi Akif Rəhimovun oğlunun xeyrinə həll edəcəyini vəd edib. 10 min manatı ekspertiza rəyi, 42500 manatı isə həm onların xeyrinə danışacaq şahidlərin tapılmasına, həm də qəzanın Rəhim Rəhimovun yox, onların sürücüsünün adına rəsmiləşdirilməsini həll edəcəkmiş.

Lakin Elnur Babayev vədlərinə əməl etməyib. Qəza hadisəsi ictimailəşdiriləndən sonra müstəntiq Vüqar Abbasov işdən çıxarılıb.

V.Abbasov Səbail Rayon Polis İdarəsinin müstəntiqi vəzifəsində çalışıb. İndi isə onun ölkədən qaçdığı bildirilir.

Elnur Babayev Akif Rəhimovla "Yeganə" şadlıq sarayında görüşüb. Bütün bu danışıqlar da orada baş tutub. E.Babayev restoranda olan zaman A.Rəhimovdan 52500 manat alması ilə bağlı müqaviləyə də imza atıb.

Akif Rəhimov elə şadlıq sarayında hüquq mühafizə orqanlarının əməkdaşlarını dəvət edərək Elnur Babayevdən şikayətçi olub.

Məlumaya görə Elnur Babayev bundan başqa Elvar Xəlilov qarşı da dələduzluq edib. Elvar Xəlilov hakimliyə namizəd olub, AMEA-nın işçidir, hüquqşünasdır.

Məhkəmə iclası davam etdirilir.

Xatırladaq ki, 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub.

K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Qəzanı törədən sürücü Akif Rəhimovun oğlu Rəhim Rəhimov olub. 18 yaşı tamam olmayan Rəhim kluba gedərkən həmin qəzanı törətmişdi.

Lakin qəzadan sonra hadisə yerinə Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra hadisənin gerçək təfərrüatları üzə çıxıb.

Hadisədən 20 gün sonra saxlanılan Rəhim Rəhimov barəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib.

O, azadlığa buraxılıb və cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, "Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. Akif Rəhimov "Yeganə” şadlıq sarayının rəhbəridir. O, deputatlığa namizəd də olub.

Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.



Oxşar Xəbərlər

Xəbər lenti