8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“TikTok” sosial şəbəkəsi üzərindən parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələyən şəxs çox keçmədən tutuldu.
Bununla əlaqədar DİN mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilib və saxlanılıb.
İlkin dindirilmə zamanı Roman Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.
“Bu gün insanlar ictimai nəqliyyatdan - avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir”, - açıqlamada deyilir.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri həyata keçirilir.
Bakı metrosunda əlibaltalı şəxsin peyda olması haqda yayılan video maraq doğurmaqla yanaşı, həyəcan yaratmaya bilməz. Həmin şəxs faktiki cinsi azlıqları hədələsə də, hər necə olmasa, söhbət insan həyatından, təhlükəsizlikdən və bu adamın seçdiyi cəza üsulundan gedir.
Məsələ ondadır ki, metropoliten strateji obyektlərdən sayılır və ciddi şəkildə yoxlanılır. Elə isə əlində soyuq silah olan şəxs metroya necə keçə bilib? Unutmayaq ki, biz hələ də Ermənistanla müharibə vəziyyətindəyik. Mənfur qonşular bizdən qisas almaq üçün daim fürsət gözləyir. Onların xalqımıza qarşı törətdikləri terror aktlarının isə sayı-hesabı yoxdur. O cümlədən metroda da bu cinayəti törədiblər: 1994-cü ilin martında “20 Yanvar” metro stansiyasındakı terror zamanı 14 nəfər həlak olub...
Bir məqamı da diqqətə alaq: həmin adam saxlanılandan sonra bəlli oldu ki, əlindəki usta alətidir, özü də ustadır. Metrodan xeyli usta, fəhlə istifadə edir. Bundan sonra onlar alətlərini özü ilə keçirməkdə problemlə üzləşə bilərlərmi?
Qanunla bu hərəkətə görə həmin şəxsə hansı cəza düşür?
Mahmud Hacıyev
Sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a deyib ki, saxlanılan şəxsin məşhurlaşmaq həvəsi ortalıqdadır: “Bu şəxs sosial şəbəkələrdə məşhurlaşmaq üçün o qədər də uğurlu olmayan bir üsula əl atıb. Özü də bilmədən cəmiyyətdə, xüsusən metrodan istifadə edənlərdə xof yaradıb. DİN-dən verilən açıqlamadan da görünür ki, şəxs əməlindən peşmandır”.
Mahmud Hacıyev bildirib ki, belə şəxslərin ilk növbədə psixoloji-emosional durumu yoxlanılmalıdır: “Yayın günü saç-saqqal içində, əlində balta metroda belə bir videonu çəkib yayan şəxsin sözsüz ki, psixoloji vəziyyəti yoxlanılmalıdır. Onun əməli adekvat görünmür. İstintaqa cəlb olunması, barəsində xuliqanlıqla iş açılması, təhqiqat aparılması da qanunidir”.
Mahmud Hacıyev metro stansiyalarının girişindəki polis əməkdaşlarını da ayıq-sayıq olmağa çağırıb: “Xidməti araşdırma aparılıb və məlum olub ki, polislər Roman Məmmədovu və onun kimi metrodan istifadə edən əməkdaşların əl yüklərini gündəlik rejimdə yoxlayırlar. Bu, olduqca müsbət haldır. Bununla belə, xüsusilə metroda xidmət aparan polis əməkdaşlarını ayıq-sayıq olmağa çağırıram. Hər gün metrodan milyonlarla vətəndaş istifadə edir. Aydındır ki, belə bir strateji obyektdə xidmət aparmaq çətin və məsuliyyətli bir işdir. Belə bir postda sayıqlığı bir an belə itirmək olmaz”.
Mahmud Hacıyev bir şəxsə görə digər ustaların da metroya buraxılmamasının düzgün olmadığını da vurğulayıb: “Çağırışlar var ki, əlində alətlər olan şəxslər metroya buraxılmasın. Belə olmaz. Bir nəfərin cəmiyyətə qarşı açıqca hörmətsizliyinə görə digər ustaların hüquqlarını pozmaq qanuni deyil”.
“Yeni Müsavat”