ƏRDOĞAN İSTANBULDA NÖVBƏTİ MƏĞLUBİYYƏTLƏ ÜZLƏŞƏRSƏ...

ƏRDOĞAN İSTANBULDA NÖVBƏTİ MƏĞLUBİYYƏTLƏ ÜZLƏŞƏRSƏ...

 

Sülhəddin Əkbər: "AKP-nin işinin çətin olduğunu düşünürəm”

"AKP-nin "papağını” qabağına qoyub ciddi düşünməsi lazımdır”

"Sənaye cəhətdən inkişaf etmiş böyük şəhərlərdə AK Partiyanın səs itirməsi ciddi məsələdir. Ona görə də mən orada namizəddən çox şey asılı olduğunu düşünmürəm”

Türkiyənin siyasi gündəmində çox böyük gərginliyə səbəb ola biləcək 23 iyun İstanbul bələdiyyə başqanı seçkiləri hakim AKP ilə CHP-ni yenidən üz-üzə qoyub. Qeyd edək ki, 31 martda keçirilən seçkinin nəticəsinin ləğvi qardaş ölkəni çətin duruma salıb. Odur ki, hazırda tərəflər seçicilərin səsini əldə etmək üçün hər cür siyasi manipulyasiyalar edirlər ki, İstanbul bələdiyyə başqanı öz namizədləri olsun. AKP ilə CHP-nin İstanbul uğrunda çarpışmasına rəğmən, hələ müstəqil sorğu şirkəti "Optimar” Əkrəm İmamoğluna 52, keçmiş baş naziri Binəli Yıldırıma isə 48 faiz səs veriləcəyini proqnozlaşdırır. Hətta hakim partiyaya yaxın olduğu deyilən "MAK Danışmanlık Araştırma”-ya görə də CHP-nin namizədi Əkrəm İmamoğlu 2 faiz üstünlüklə öndədir. "MAK”-ın açıqladığı sorğu nəticələrinə görə, seçicilərin 50.3 faizi İmamoğluna, 48.2 faizi isə Binəli Yıldırıma səs verməyə hazırlaşır.

Ancaq "MAK”-ın sorğusu təkcə seçicilərin İstanbulda hansı namizədə səs verəcəkləri ilə bağlı olmayıb. Partiyalarla əlaqədar sorğunun nəticələrinə görə, İstanbulda seçicilərin 40 faizi AKP-yə, 28 faizi isə CHP-yə səs verməyə hazır olduqlarını bildiriblər. MHP və İYİ Partiyanın hərəsinə 8, HDP-yə isə 11 faiz seçici səs verməyə hazırdır.

Göründüyü kimi, partiya olaraq AKP CHP-ni üstələyir, amma bələdiyyə başçısına namizəd sarıdan ortaya fərqli nəticə çıxır.

Maraqlıdır ki, müstəqil sorğu şirkəti "Optimar” və hakim partiyaya yaxın olduğu deyilən "MAK Danışmanlık Araştırma”nın CHP-nin namizədi Əkrəm İmmamoğlu ilə bağlı açıqladığı "exit-pol” nəticələri reallığa çevrilə bilərmi? Yəni müstəqil sorğu şirkəti, yoxsa hakim partiyaya yaxın olan sorğu şirkəti doğrunu söyləyir?

Картинки по запросу Sülhəddin Əkbər

Bu və digər suallarımız cavab almaq üçün Azərbaycan Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə söhbətləşdik:

-Təbii ki, gərək, obyektiv sorğu üçün şirkət tərəfsiz olsun. Ona görə, müstəqil, tərəfsiz sorğu şirkətlərinin əldə etidyi nəticələr daha etibarlı olur. Amma eyni zamanda onu da nəzərə almaq lazımdır ki, bu sorğu hansı tarixdə, hansı ərazidə keçirilir, təmsilçilik səviyyəsi nə yerdədir. Çünki bilirsiniz ki, bu sorğuların keçirilməsi ilə bağlı çoxlu teniki kriteriyalar prosesə cəlb olunur. Ona görə də bu şirkətlərin işi ilə yaxından tanış olmadan hər hansı bir konkret fikir söyləmək çətindir.

- Hakim partiyaya yaxın olan sorğu şirkəti İmamoğlunun Yıldırmdan 2 faiz artıq səs topladığını bəyan etməklə CHP-ni oyuna gətirmək istəyə bilərmi? Yəni üstün olduqlarını deyib, burada CHP-ni arxayın salmaq məqsədi güdə bilərlərmi?

- Son seçkilərin nəticələrini, eyni zamanda sorğu şirkətlərinin rəyini nəzərə alsaq, burada fərqin kiçik olacağı aydındır. Çünki tərəflər hər ikisi mövcud durumu bilir. Ona görə də bütün qüvvələri ilə çalışırlar. Onu da nəzərə almaq lazımdır ki, burada əsas mübarizə əvvəl seçkidə iştirak etməyənlərin seçkiyə cəlb olunmasıdır. İkincisi də AK Partiyadan narazı olan bir kəsim var. Onların bir hissəsi İstanbul bələdiyyə başqanı seçkilərində öz partiyalarının namizədlərinə səs verməyiblər. AK Partiyanın əsas çalışması bu istiqamətdədir, o cümlədən də CHP-nin. Təbii ki, CHP əvvəlki durumun saxlanmasına, AK Partiya isə durumun dəyişməsinə çalşır.

- "MAK”-ın partiyalarla əlaqədar sorğusunun nəticələrinə görə, İstanbulda seçicilərin 40 faizi AKP-yə, 28 faizi isə CHP-yə səs verməyə hazır olduqlarını bildirirsə, belə çıxmırmı ki, AKP Binəli Yıldırımı İstanbul bələdiyyə başqanlığına namizəd verməklə düzgün seçim etməyib?

- Mən sizin dediyiniz rəy sorğusunun nəticələri ilə tam tanış deyiləm. Ona görə də fikir yürüdə bilmərəm. Amma nəzərə alsaq ki, AK Partiya sənayeləşmiş şəhərlərdə seçkini uduzub, o baxımdan mənə elə gəlir ki, AK Partiyanın "papağını” qabağına qoyub ciddi düşünməsi lazımdır. Xüsusən də sosil-iqtisadi siyasət sahəsində ciddi həmlələr edilməsinə ehtiyac olduğunu düşünürəm. Çünki sənayeləşmiş şəhərlərdə əhali daha çox maariflənib, sosial-iqtisadi durumun pisləşməsi onlara daha çox təsir edir. Mənə elə gəlir ki, burada səbəblər daha dərindədir. Sənaye cəhətdən inkişaf etmiş böyük şəhərlərdə AK Partiyanın səs itirməsi ciddi məsələdir. Ona görə də mən orada namizəddən çox şey asılı olduğunu düşünmürəm. AK Partiyanın namizədinin başqa bir adam olacağı halda daha yüksək nəticə göstərəcəyini söyləmək çətindir.

- Siz də qeyd etdiniz, digər müstəqil müşahidəçilər də hesab edirlər ki, iyunun 23-də keçiriləcək seçkidə birinci turda seçki məntəqələrinə getməyən vətəndaşların verəcəyi səslər böyük önəm daşıyacaq. Hansı namizəd - Əkrəm İmamoğlu, yoxsa Binəli Yıldırım həmin seçicilərin səsini qazana bilər?

- Bunu söyləmək çox çətindir. Çünki burada başa-baş mübarizə gedir, hər iki tərəf intensiv iş aparır, həm təbliğat, həm də əks-təbliğat aparılır. Burada reklam işi var, sonra arxa planda görülən işlər var. İş adamları, mədəniyyət xadimləri, sənət adamları ilə söhbətlər aparılır, bunların hər birinin təsir dairəsi var. Ondan başqa, hər bölgənin adamları, ağsaqalları, tayfa başçıları ilə xüsusi iş aparılır. Bütün bu görülən işlər haqqında bizim məlumatımız olmadığına görə detallı cavablar vermək də çətindir. Hər halda seçkiyə az qalır və seçkinin nəticələri bunu daha dəqiq göstərəcək. Öncədən proqnoz vermək çox çətindir. Amma nəzərə alsaq ki, İmamoğlu birinci seçkidə qalib gəlib, eyni zamanda indi zərərçəkən qismində öz təbliğatını qurur, ona görə, mən AK Partiyanın işinin çətin olduğunu düşünürəm. Digər tərəfdən də AK Partiyanın inzibati resurslarını və bütün gücü ilə İstanbula yükləndiyini nəzərə alsaq, mübarizənin çox gərgin keçəcəyini söyləmək olar. Amma mən düşünürəm ki, nəticə əvvəlkindən daha böyük olacaq.

- Kürdlərin də bu seçkilərdə ciddi önəm daşıyacağı vurğulanır. Bu baxımdan, onlarla bağlı bir oyun gedir. Onların səsləri seçkilərə necə təsir edəcək?

- Mənə elə gəlir ki, onların səsində ciddi bir dəyişiklik olmayacaq. Birinci seçkidə onlar İmamoğluna səs veriblər. AK Partiya onların səsini qazanmağa çalışır, amma ciddi bir nəticə verəcəyini söyləmək çətindir.



Oxşar Xəbərlər

Xəbər lenti