Nəlbəkidə “fırtına”

Nəlbəkidə “fırtına”

 Bəzən elə yalnışlıqlar olur ki, bütün bir kollektiv bunun acısını yaşamalı olur

Son vaxtlar bəzi sosial şəbəkələrdə və internet saytlarında gerçəyi bilmədən bir sıra tanınmış şəxslərin yalnış fikirləri tirajlanaraq, çoxlu yalnışlıqlara səbəb olur. Bu yalnışlıqlardan biri də xalq şairi, beş dəfə millət vəkili olmuş Sabir Rüstəmxanlıya yoldan ötən birisinin verdiyi yalnış "xəbər” nəticəsində bir sıra uyğunsuz yanaşmalar ortaya çıxmışdır. Hətta Sabir bəyin bu yalnış bilgisi sonradan digər saytların "ana mövzusu”na, yəni "ura patriot” gündəminə səbəb olub. Söhbət Bakının Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbi və onun direktoru Almaz Əhmədovadan gedir. 25 illik dövlət müstəqilliyinə qovuşmuş bir ölkədə dövlət dilinin rəsmi şəkildə "aşağılanması”, süni şəkildə "sıxışdırılması” və digər xoşagləməyən halların baş verməsi özü bir möcüzədir. İndiki dönəmdə bu yalnışlığın gerçək olduğuna inanmasaq da, elə həmin məktəbə üz tutduq.

328 şagirdi olan qocaman musiqi ocağı

Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbinin binası indiki standartlara cavab vermir. Belə ki, məktəbin binası olduqca köhnədir. Əsaslı təmirə ehtiyacı vardır. Bizi musiqi ocağının rəhbərliyi deyil, burada təhsil alan şagirdlərin və valideynlərinin "narazı” olub-olmaması ilgiləndirirdi. Ona görə də üzümüzü şagirdlərə və onların valideynlərinə tutduq. Faktiki olaraq, burada şagirdlər və valideynlər məktəbin ümumi mühitindən razı qaldıqlarını bildirdilər. Bu qədər şagirdə 70-ə yaxın peşəkar musiqi müəllimi dərs keçir. Onlar dəbdə olan "toyxana”, bayağı "şou” və digər ucuz musiqidən çox-çox uzaqdırlar. Hər biri öz sənətinin peşəkarıdır. Bununla yanaşı, bizə bildirdilər ki, məktəbin direktoru istedadlı musiqiçi Almaz Əhmədova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib və professional musiqiçidir. 2014-cü ildən bu musiqi ocağında direktor vəzifəsində çalışır. Məktəbin müəllimləri və şagirdlərin valideynlərinin etiraf etdiyinə görə, Almaz xanım direktor təyin olunandan sonra, dövlət əhəmiyyətli bütün tədbirlərdə, yerli və beynəlxalq musiqi festivallarda Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbinin reytinqi də yüksək səviyyədə artmağa başlayıb. Bunun əsas səbəblərindən biri onun gənc və enerjili olması, digəri isə hər bir tədbirə olduqca tələbkar yanaşması ilə bağlıdır. Məktəbdə onu da dedilər ki, Almaz xanım bəzən xoşa gəlməyən, bir sıra neqaitv hallara yol verən məsələləri ümumiyyətlə yaxın buraxmır. Nümunəvi məktəb kimi Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər Mədəniyyət və Turizjm İdarəsinin dəfələrlə fəxri fərmanlarına layiq görülüb. Xarici ölkələrdə Azərbaycan mədəniyyəti sahəsində gətirilən mükafatların bir qismi də bu qocaman musiqi ocağının payına düşür. Valideynlər və müəllimlər onu da bildirdilər ki, son bir neçə gündə məktəblə bağlı ölkə KİV-lərində hallanan xoşagəlməz mövzunun məktəblə heç bir ilgisi yoxdur. O da doğrudur ki, keçmiş SSRİ dönəmindən bu musiqi məktəbində tədris Azərbaycan və rus dillərində aparılıb. Məktəbdə rusca təhsil alan şagirdlər Azərbaycan bölümü ilə müqayisədə sayca azlıq təşkil edir. Əksəriyyətinin Azərbaycan dilində təhsil aldığı musiqi ocağında dövlət dilinə və milli ruhumuza qarşı yad notlar ola bilməz. Burada təhsil alanların hamısı böyük musiqiçi, Azərbaycan milli mədəniyyətinin inkişafına möhtəşəm tövhəsini vermiş Əhməd Bakıxanovun irsinin davamçıları kimi özlərini hiss edirlər.

Nəlbəkidə “fırtına”

 

"Anonim” insanın "anormal” dedi-qodusu

Bu sözləri məktəbin skripka ixtisası üzrə təhsil alan şagirdlərdən birinin valideyni dedi. O, bildirdi ki, mədəniyyət və musiqi ilə bağlı keçirilən bütün tədbirlərdə bir valideyn kimi hər zaman iştirak edir. Bəzən elə olur ki, rus qrupunda təhsil alan şagird Azərbaycan dilini yaxşı bilmədiyi üçün tədbirlərdə onların təqdimatı prosesində rus dilindən istifadə olunur. Əgər rus dilində tədris ölkəmizdə qadağandırsa, o zaman bu barədə rəsmi qərar olmalıdır. İndi ölkəmizdə ingilis, fransız, fars, ərəb və başqa xarici dillərdə təhsil verən məktəblər vardır. Bunca hər şeyə diletantcasına yanaşmaq heç də doğru addım deyil.
Yaşlı valideynlərdən biri isə suallarımızı cavablandırmaqdan çəkindi və sözünü dahi Azərbaycan şairi Mirzə Əli Möcüzün ötən yüzilin əvvəllərində işlətdiyi bir fikri ilə tamamladı:
Öyrən rusca, almanca,
Möhtac olma dilmanca.
Daha sonra digər müşahidələrimzdən bəlli oldu ki, Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbi hər il "Dünya Azərbaycanlılarının Həmrəylik Günü”, "Beynəlxalq Ana Dili Günü”, "23 Fevral Xocalı Faciəsinin Anım Günü”, "Ümümdünya Mülki Müdafiə Günü”, "8 mart - Beynəlxalq Qadınlar Günü”, "Novruz Bayramı”, "Dövlət Bayrağı Günü”, "28 May İstiqlal Bayramı” və digər dövlət tədbirlərində şagirdlər və müəllim heyəti nümunəvi çıxışları ilə daim yadda qalıblar. Bundan əlavə, məktəbin kamança sinfinin şagirdi Mais Qədirov az yaşı olmasına baxmayaraq artıq ölkəmizin hüdudlarını belə aşmışdır. Onun Qazaxıstanda hər il keçirilən və Türk Dünyasının şərəfi sayılan "Tlep Aspantayul adına Beynəlxalq Musiqi Müsabiqəsi”nin qalibi olması ölkəmiz üçün bir ilkdir. Xüsusilə kamança və dombranın tandemi müsabiqəyə qatılanların dərin heyrətinə səbəb olmuşdur. Bütün bunlar Mais Qədirova Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbində verilən düzgün təhsildən qaynaqlanır.
Bu musiqi ocağında fortopiano, skripka, tar, kamança, klarnet, qaboy, saz, nağara, qanun, qarmon və digər çalğı alətlərinin tədrisi ilə yanaşı, xanəndəlik sənəti üzrə dərs keçirilir. O zaman belə bir sual yaranır: "Əgər tədrisin çoxu, yəni milli musiqimizin öyrədilməsinə həsr olunursa, o zaman burada rus dilinin nə kimi hökmranlığı ola bilər? Dövlət dilimiz Azərbaycan dili necə aşağılana bilər?”
Bu qocaman musiqi ocağında Bahar Daşdərmrova, respublikanın əməkdar artisti Səlim Abbasov, Zöhrə Haşımova, Tamilla Əliyeva, Şəbnəm Quliyeva, Vəfa Babazadə, Kürsüm Bağıyeva, Leylüfər Rzayeva-Sarabskaya, Nigar Babayeva, Diana Berimxanova, Fuad Hüseynov, Firuzə Əliyeva, Lalə Useynova, Sevda Hüseynova, Tamilla Kazımova, Sevda Rəhimova, İnna Şaşkova, Kəmalə Mansurova, Raminə Ağayeva və başqa peşəkar müəllimlər bütün həyatlarını azyaşlı uşaqlara milli musiqimizi tədris etmək kimi böyük bir humanizmə bağlayıblar. Əliağa Əliyevin rəhbərliyi altında burada "Xalq Çalğı Alətləri Ansamblı” fəaliyyət göstərir. Məktəbdə şagirdlər müxtəlif alətlərdə çalmağı öyrənməklə yanaşı, ansamblın sayəsində əsil sənət təcrübəsi qazanırlar. Bütün bunları görməzlikdən gəlmək tamamilə naşılıq əlamətidir. Məktəbin şagirdlərindən ibarət olan "Xor” kollektivi isə demək olar ki, bütün müəllimlərin əziyyəti sayəsində başa gəlib. Bu musiqi ocağında dahi bəstəkarımız Üzeyir Bəy Hacıbəylinin bizlərə miras qoyub getdiyi tədris sistemi indi də öz yerini qoruyub saxlamaqdadır. Ən azından qocaman musiqi ocağına baş çəkib illər boyu yerli və beynəlxalq festivallarda qazandığı uğurların canlı şahidi olmaq mümkündür. Qocaman müəllimlərdən birinin dediyi kimi: "Vicdan məsələsi hər növ böhtandan ucada dayanır”.

Ə. Bakıxanov adına Musiqi məktəbində nələr baş verir?

Belə ironik sualla mətbuatı bir-birinə qatanlar elə bu məktəbin özünə təşrif gətirib hər şeyi əyani şəkildə öz gözləri ilə görsələr bu daha yaxşı olardı. Belə ki, musiqi sahəsi zərif və incə sənət olduğu üçün burada dərs deyən müəllimlər həm də pedaqoqdurlar. Belə bir böyük kollektivə rəhbərlik edən Almaz Əhmədova isə, bütün bunları nəzərə alaraq, gündəlik fəaliyyətini nizamlayır. Məktəbdə bizə onu da dedilər ki: "Ə. Bakıxanov adına Musiqi məktəbində nələr baş verir?” adı altında KİV-lərdə getmiş yazılara görə, valideynlər və müəllim kollektivi birlikdə Mədəniyyət və Turizm Nazirliyinə və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə, digər müvafiq rəsmi qurumlara müraciət hazırlayıblar. KİV-lərdə getmiş bu yalnışlıqdan, məktəblə heç bir əlaqəsi olmayanların fikirlərindən əməlli başlı qeyzləndiklərini də gizlətmədilər. Gerçəkdən bu musiqi ocağında Azərbaycan dili tək bu gün deyil, keçmiş Sovetlər Birliyi dönəmində də aparıcı dil olmuşdur. Bunun da əsas səbəblərindən biri, bu musiqi ocağında təhsil alanların çoxu Bakının köhnə məhəllələrində yaşayan insanlar olublar. Onlar isə, heç bir zaman özgə dildə deyil, əsas ana dili olan Azərbaycan dilində oxumağı və danışmağı vacib sayıblar. Bu həqiqətləri bilməyənlər isə, təbii ki, məktəb haqqında düzgün təsəvvürə malik olmadıqlarını bir daha sübut edirlər. Ölkə KİV-lərində qeyd olunur ki, guya bu il Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbinə qəbul olunan 40 şagirdin hamısı məcburi şəkildə rus qrupuna daxil ediliblər. Halbuki, 1-ci sinfə daxil olanlardan 22 nəfər rus, 26 nəfər isə Azərbaycan sektorunda təhsil alırlar. İndi bu rəqəmi necə gizlətmək olar? Məktəbə və onun rəhbərliyinə böhtan atmaqla KİV-lərin gündəminə gəlmək əslində bayağı şoudan başqa heç nəyə yaramır.
Xalq şairimiz Sabir Rüstəmxanlı çox haqlı olaraq qeyd edir ki: "Təsadüfən rastlaşdığım valideyinin dediklərinin hamısını yazmıram. Musiqi məktəbindəki vəziyyəti təfərrüatı ilə bilmirəm , valideyinin dediyi şəxsi inciklikdən də irəli gələ bilər. Ancaq, səbəb olmadan belə ciddi narazılıq yarana bilməz və yazdıqlarımın doğru olub-olmadığını yoxlamaq o qədər də çətin deyil… İnanıram ki, Mədəniyyət Nazirliyimiz məsələni aydınlaşdıracaq”.
Sabir bəyin mətbuata verdiyi açıqlamaların nə qədər gerçək olduğunu elə həmin KİV nümayəndələri Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbinə gəlib hər şeyi bizim kimi öz gözləri ilə görə bilərdilər. Ancaq, onlar bu addımı atmadılar. Ona görə ki, öz işlərinə peşəkarcasına yanaşmırlar. Bu gün telefonla xəbər yazan, hansısa yalnış məlumatı "həqiqət” kimi cəmiyyətə təqdim edən KİV ən azından öz peşə etikasına bu qədər sayğısız olduğuna görə xəcalət çəkməlidir.
"Ə. Bakıxanov adına Musiqi məktəbində nələr baş verir?” deməklə bu ironik yanaşım böyük bir kollektivin sarsıntısı keçirməsinə səbəb olub. Burada təhsil alan azyaşlı şagirdlər belə KİV-lərin bu qədər yalanlarına və uydurmalarına baxıb gülürlər. Görkəmli filosof Əbu Turxan demişkən: "Ağ lövhə üzərində qara rənglə, qara lövhə üzərində ağ rənglə yazırlar”. Məhəmməd Hadinin təbirincə desək: "Biz həqiqətə gülürük, həqiqət bizi ağlayır”. Gerçəkdən də qocaman bir musiqi ocağı haqqında yalanlar söyləməklə xalq şairini belə aldadaraq, o naməlum insan görəsən atdığı çamurların fərqindədirmi. Yoxsa dünya onun üçün yalanların ayaq açdığı, cəmiyyəti sapındırmaqla oyun oynamağı özü üçün bir peşə seçibsə, ünvanı səhv salıb.

Merac Qurban

Nəlbəkidə “fırtına”

 




Oxşar Xəbərlər

Xəbər lenti