“Türk Dünyası İnfo” İctimai Birliyinin bəyanatı

 

Füzuli rayonunun Alxanlı kəndində nənə və nəvəsinin Ermənistan ordusunun atəşi nəticəsində qətlə yetirilməsi ilə bağlı  "Türk Dünyası İnfo” İB bəyanat yayıb. Bəyanatda bildirilir:

 

"2017-ci il iyulun 4-də Dağlıq Qarabağ münaqişə zonasında Ermənistan hərbi birləşmələri növbəti dəfə atəşkəs rejimini kobudcasına pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutub. Olay zamanı Füzuli rayonunun Alxanlı kəndində təlafat və dağıntılar baş verib. Alxanlı kənd sakinləri 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Quliyeva Sahibə İdris qızı qətlə yetirilib, Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Ermənistan tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı mütəmadi törədilən ağır cinayətlər Azərbaycan Ordusunu düşmənə  cavab verməyə vadar edir. Bu isə regionda sülh təşəbbüslərinə ciddi maneələr yaradır. Qoşunların təmas xəttinin yaxınlığındakı  Azərbaycan kəndlərini daim atəşə tutan  işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları qətlə yetirməkdə davam edir.

Ermənistan təcavüzkar siyasəti ilə beynəlxalq təşkilatların sülh çağırışlarına məhəl qoymur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər. Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi bəllidir.  Ancaq beynəlxalq qurumların təcavüzkarı sülhə əməl etməkədə  ciddi təşəbbüs göstərməməsi tez-tez belə ağır cinayətlərin baş verməsi ilə nəticələnir.

BMT-nin Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin hələ də kağız üzərində qalır. Həmçinin münaqişənin nizamlanması üzrə sülh danışıqlarının  təşkilatçısı olan ATƏT-in Minsk qrupunun problemə ikili münasibət göstərməsi atəşkəs rejiminin daim pozulmasına şərait yaradır.

"Türk Dünyası İnfo” İB olaraq  münaqişənin sülh yolu ilə  həllinə çalışan beynəlxalq təşkilatları,  beynəlxalq ictimaiyyəti Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişə zonasına yaxın ərazilərdə azərbaycanlı dinc sakinləri – uşaqları, qadınları və qocaları amansızlıqla qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə qiymət verməyə çağırır.

Arzuman Loğmanoğlu,

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti