Milli istiqlalın carçısı-Milli mətbuat

22 İyul-Milli Mətbuat Günü görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzetinin yarandığı gün olsa da, bütövlükdə milli istiqlalın carçısının yarandığı gündür. Ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Ulu öndərin dediyi kimi həqiqətən də milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqil uğrunda mübarizəsinin tərkib hissəsidir. Yəni, milli mətbuatımız olmasaydı, azadlıq və müstəqillik uğrunda mübarizə yarımçıq olardı. 

“Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək, iki ildən artıq bir müddətdə cəmi 56 sayı işıq üzü görsə də, onun yaranması Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynadı. Çar Rusiyası “Əkinçi” qəzetinin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan qorxduğu üçün qəzetin nəşrini dayandırdı. Ancaq bu milli mətbuatın inkişafını dayandıra bilmədi. Tezliklə “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal yaranaraq milli mətbuatımızın növbəti mərhələsinin tarixini yaratdılar. 

Azərbaycanda mətbuatın müasir dövr inkişaf tarixi Ümummilli Lider Heydər   Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə başlayır. Ulu öndər  Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Ümummilli Liderin mətbuata müstəsna diqqət və qayğısı nəticəsində Kütləvi İnformasiya Vasitələrinin sayı sürətlə artıb çoxalmışdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etmklə mətbuatın inkişafına böyük təsir etmişdir. 

Ulu öndər tərəfindən əsası qoyulan milli dövlətçilik siyasətini layiqincə davam etdirən  Prezident İlham Əliyev mətbuatın inkişafını da yeni mərhələyə keçirmişdir. Təsadüfi deyil ki, məhz Prezident İlham Əliyevin bilavasitərəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur. Bunun nəticəsində hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçiliyi inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatının qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilməsinə təkan verib. Bu isə Azərbayan mətbuatının qarşısında yeni vəzifələr qoyur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndilirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığındansui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır. 

Milli mətbuatımızın yaranmasına və tarixi irsinə diqqətlə yanaşan Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə,mediamızın sabahkı hüdudlarına aydın baxışı ifadə edir. Milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir.

Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövlət başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. 2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 7 mart 2023-cü il tarixli Qanunla 2023-cü il yanvarın 1-dən media subyektlərinin məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə MEDİA Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edilib. Həmçinin, rəqabətə davamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də həmin tarixdən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.Həmçinin, Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

Milli mətbuatın inkişafına verdikləri töhvəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. 

Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı nəticəsində güclənən milli mətbuatımız Azərbaycan dövlətçiliyinin güclənməsində önəmli rol oynayır. 44 günlük Vətən Müharibəsi zamanı milli mtbuatımızın ordu ilə bərabər torpaqlarımızın işğaldan azad olunması üçün öncəbhədə olması da bunun göstəricisi idi.

 

Rəvan Nüsrətli

Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi



Oxşar Xəbərlər

Xəbər lenti