Rövşən Lənkəranski dəfn edildi

Rövşən Lənkəranski dəfn edildi

 

Türkiyədə baş vermiş silahlı hücumdan sonra dünyasını dəyişən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyev (Lənkəranski) dəfn edilib.

Mərhumla vida mərasimində onun ailə üzvləri ilə yanaşı, qohumları, müxtəlif ölkələrdən olan dostları və yerli əhali iştirak edib.

Məsciddə qılınan cənazə namazından sonra Rövşən Ləkəranskinin nəşi dəfn olunmaq üçün Lənkəran şəhəri Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbirstanlığına aparılıb.

Dəfn mərasimi iştirakçılarının çoxluğu ilə əlaqədar "Şəhidlər xiyabanı" küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.

Küçəyə yolboyu qərənfillər səpilib.

Lənkəranski atası Rafiq Canıyevin yanında dəfn olunub. ("Report”)

*   *   *11:00

İstanbulda avqustun 18-nə keçən gecə güllələnən məşhur kriminal avtoritet "Rövşən Lənkəranski” bu gün doğulduğu Lənkəran şəhərində dəfn olunur. Xəbər verildiyi kimi onun cənazəsi "Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun şəxsi təyyarəsində Lənkərana gətirilib. Cənazəni böyük izdiham qarşılayıb.

"Rövşən Lənkəranski”nin cənazəsi vida mərasimi üçün Lənkəranın İmam Hüseyn məscidində qoyulub. Hazırda vida mərasimi üçün gələn izdihamın ardı-arası kəsilmir. Xəbərlərə görə kriminal avtoritetlə vidalaşmaq üçün Azərbaycanın müxtəlif yerlərindən, o cümlədən paytaxt Bakıdan, xaricdən Lənkərana çoxlu sayda gələn var. Şəhərdə geniş təhlükəsizlik tədbirləri görülüb.

Cənazənin qoyulduğu məscidin qarşısında çadırlar qurulub, Lənkəran rayon İcra Hakimiyyətinin nümayəndələrinin də dəfn mərasiminə qatıldığı bildirilir. "Rövşən Lənkəranski” atasının yanında dəfn olunacaq. Onun atası 1992-ci ildə öldürülüb. Gənc Rövşən isə atasının qatilini məhkəmə zalında güllələyərək qisas almışdı.



Oxşar Xəbərlər

Xəbər lenti