8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ölkəmizdə Mehman Hüseynovun aclıq etməsinə etiraz edən Qərb ölkələri Ermənistanda siyasi məhbusun 44 gün aclıqdan sonra ölməsi faktı qarşısında susur
İqbal Ağazədə: "Demokratik hesab etdiyimiz dövlətlərdə ölkələrə münasibətdə ikili standart var”
Elşad Musayev: "Azərbaycana istər ayrı-ayrı dövlətlərin, istərsə də beynəlxalq təşkilatların ikili yanaşması həmişə mövcud olub”
Yanvarın 26-da İrəvanın "Nubaraşen" penitensiar müəssisəsində "Haynews.am” xəbər saytı rəhbərinin müavini, eyni zamanda "Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini Mqer Yeqizaryanın vəfat etməsi Azərbaycanda müzakirə olunan əsas mövzulardan biridir. Səbəb isə bəllidir. Siyasi məhbus M. Yeqizaryanın ölümündən öncə Azərbaycanda bloger Mehman Hüseynovun həbsxanada aclıq elan etməsinə Avropa Parlamenti, Avropa Şurası kəskin reaksiya verdiyi, hətta buna görə Avropa Şurası Azərbaycanla bağlı qətnamə qəbul etdiyi halda Ermənistanda siyasi məhbus ölümünü görməzdən gəlirlər ki, bu da Azərbaycanda haqlı etiraza səbəb olur. Əslində, Azərbaycana qarşı ikili standartın olması yeni bir şey deyil.
Ermənistanda baş verən son hakimiyyət dəyişikliyi rəsmi İrəvanın demokratik imicininin formlaşmasına səbəb olsa da, dekabrın 5-dən bəri aclıq edən Mqer Yeqizaryanın ölümünə heç bir beynəlxalq qurum reaksiya vermir ki, bu da ikili standartın bariz nümunəsidir. Amma bu ikili yanaşma olsa belə, biz xalq olaraq demokratik dövləti, azad, şəffaf cəmiyyət haqq edirik. Məhz ölkəmizin, xalqımızın gələcəyi naminə ikili standartlara diqqət etmədən inkişaf yolunu tutumalıyıq.
"Azərbaycana münasibətdə ikili standartlardan öz fəaliyyət göstərirlər”
Ermənistanda siyasi məhbus Mqer Yeqizaryanın ölümünə Avropa qurumlarının reaksiya verməməsi ilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə "Hürriyyət”ə dedi ki, dünayda ikili standartların olduğunu bilən hər bir adam bu tipli məsələlərin fərqindədir: "Şəxsən mən dəfələrlə mövqeyimi ifadə etmişəm ki, dünyada, o cümlədən demokratik hesab etdiyimiz dövlətlərdə problemlərə, ölkələrə münasibətdə ikili standartlar hökm sürür və bu ikili standartlar heç də həmişə obyektiv yanaşmanı özündə əks etdirməməklə yanaşı, həm də tərəflərdə böyük bir xəyal qırıqlığı yaradır. Amma niyə Ermənistanda bu məsələlərə diqqət ayrılmır? Birincisi, Ermənistan məsələsinin Avropa Birliyinin, Avropa Şurasının gündəminə çıxarılmaması dediyim ikili standartlardan dolayıdır. İkincisi isə Ermənistanda son dövrdə baş verən dəyişikliklər, demokratik islahatlar və azad, şəffaf cəmiyyət baxımından nəzəri, diqqəti Ermənistandan yayındırıb. Ermənistandan yayındırdığı üçün də bu tipli hadisələrə böyük ajiotajla yanaşmırlar və yaxud da ciddi şəkildə bu məsələlərin üzərinə getmirlər. Bu, Ermənistanda baş verən son hakimiyyət dəyişikliyi və ondan sonra keçirilən seçkilərin nəticəsi olaraqdır.
Amma bu, bizə əsas vermir ki, biz məsələlərə fərqli aspektdən yanaşaq. Bəli, Azərbaycanı sevmirlər, Azərbaycana münasibətdə ikili standartlardan özfəaliyyət göstərirlər. Ona görə də biz həmişə hakimiyyətdən və səlahiyyətli dövlət qurumlarından da israrla istəmişik ki, bu ikili münasibətləri hamımız bildiyimiz halda biz qarşı tərəfin əlinə fürsətlər veririk ki, Azərbaycanın mövqeyini zəiflətsin, Azərbaycana qarşı hər hansı bir mövqeləri sərt şəkildə ifadə edib, ölkəmizin dünyadakı yerinə və imicinə ciddi zərbə vursun. Biz ondan dolayı çıxış etmirik ki, hər kəs obyektivdir və obyektiv olduğu üçün də verdiyi qərarlar doğrudur. Yox, biz bilirik ki, ikili standartlar var. Biz sadəcə Azərbaycan hakimiyyətinə ikili standartlarla yanaşan dövlət və qurumların əlinə fürsət verməməyi həmişə istəyirik ki, bu tipli məsələlərdə biz dövlətimizin mövqeyini qorumağı bacarmalıyıq. Digər tərəfdən "Ermənistanda insan haqları pozulursa, hökmən bizdə də pozulmalıdır”, "orada insan haqları pisdirsə, hökmən bizdə də pis olmalıdır” kimi düşünmək də dorğu deyil, əksinə bizdə insan haqları daha yaxşı vəziyyətdə olmalıdır. Çalışmalıyıq ki, Ermənistandan da, hətta dünyanın aparıcı dövlətlərindən daha yaxşı vəziyyətdə olsun. Bu tipli məsələlər müqayisə predmeti olmamalıdır. Mən təəssüf edirəm, biz bu gün müqayisə etmirik ki, niyə Luksemburqda siyasi dustaq yoxdur, amma bizdə var. Tutaq ki, niyə Avropanın digər ölklərində azad və şəffaf cəmiyyət üçün bütün addımlar atılır, bizdə atılmır? Filan yerdə ölübsə, bizə niyə fərqli mövqe sərgiləyirlər deyib də, müqayisə aparmaq ölkənin gələcəyinə və pozitiv mövqelərə çıxmasına xidmət edən addımlar və müqayisələr deyil. Hesab edirəm ki, fərqli yöndən yanaşmaq lazımdır. Bəli, ikili standartlar var, o hər zaman olub, bundan sonra da olacaq. Biz sadəcə olaraq ölkəmizin gələcəyi, vətəndaşları üçün bizə münasibətin məhz ikili standartlardan yanaşıldığını bilərək, həm insanımıza sahib çıxıb, onun hüquqlarının pozulmasına imkan verməməliyik, həm demokratik cəmiyyət qurmalıyıq, həm də ikili standartlardan yanaşanların əlinə fürsət verməməliyik. Məsələ bu qədər sadədir”.
"Hansı ölkədə olur-olsun, fərq etmir, siyasi məhbusun aclıq elan etməsi ciddi hadisədir”
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə dedi ki, Azərbaycana istər ayrı-ayrı dövlətlərin, istərsə də beynəlxalq təşkilatların ikili yanaşması həmişə mövcud olub, indi də davam edir: "Bu sualı daha çox Avropanı bütün hallarda müdafiə edən adamlara versəniz, yaxşı olar. Çünki Avropanın beynəlxalq təsisatlarının Azərbaycana müsbət və qərəzli yanaşması var. Bir qisim adamlar var ki, nə olur-olsun, deyir, Avropa nə edir, düz edir. İkincisi də hansı ölkədə olur-olsun, fərq etmir, siyasi məhbusun aclıq elan etməsi ciddi hadisədir. Biz çalışmalıyıq ki, Azərbaycanda nə siyasi məhbus olmasın, nə də siyasi məhbus aclıq elan etməsin. Məsələn, Gözəl Bayramlı həbs olunub, qadındır və bu, Azərbaycan cəmiyyəti üçün utanc gətirən bir şeydir. Adam siyasi baxışlarına görə həbs olunub. Cavan uşaqlar həbs olunub, bunların həyatı məhv olub gedir. Niyə bizim ölkədə siyasi məhbus olsun? Əli İnsanov siyasi məhbusdur. Adam 70 yaşından sonra şərlənib, niyə siyasi məhbus olmalıdır? Biz daha çox özümüz barədə fikirləşməliyik, özümüzə tənqidi münasibətdə yanaşmalıyıq”.
"Avropa Şurasının siyasi məhbus məsələsinə görə Azərbaycanla bağlı qərarı təqdirəlayiqdir”
E. Musayev vurğuladı ki, istər dünyanın, istərsə də Avropanın təsisatlarının Azərbaycana münasibəti Qarbağ məsələsindən də aydın görünür ki, ikili standartlardan yanaşırlar:"Avropa Şurasının siyasi məhbus məsələsinə görə Azərbaycanla bağlı qərarı isə təqdirəlayiqdir. Bu, birmənalı müdafiə olunmalıdır. Bu, ayrı məsələdir. Bu məsələni heç kəs sağa-sola çevirə bilməz. Azərbaycan bu məsələdə haqsızdır. Azərbaycanda şərlənib, adam tutulur, adamın taleyi ilə oynanılır. Buna görə, onlara "sağ ol” demək lazımdır”.
"Ermənistana bir az demokratik don geyindirə bildilər”
"Bəs, Ermənistanda siyasi məhbusun ölümünə niyə reaksiya vermirlər” sualına E. Musayev belə cavab verdi: "Ermənistana ona görə reaksiya vermirlər ki, görünür, son dönəmdə Ermənsitanda hakimiyyət dəyişikliyi oldu, ölkəyə bir az demokratik don geyindirə bildilər. Bu baxımdan, ola bilər. O sualı Avropa təsistalarının buradakı nümayəndəliyinə vermək lazımdır ki, hansı kriteriyadan yanaşırlar. Biz düşüncələrimzi deyə bilərik ki, Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsi ilə bağlı xalq hərəkatı oldu, seçkilər əvvəlki illərə nisbətən daha üst səviyyədə keçirildi. Ona görə, ola bilsin müəyyən yumşalmalar var”.