“Mehman Hüseynov məsələsi”-Və ya Azərbaycanda bu qış isti keçəcək

“Mehman Hüseynov məsələsi”-Və ya Azərbaycanda bu qış isti keçəcək

 


 

Yanvar ayının ortası olmasına baxmayaraq ölkədə və xüsusilə paytaxt Bakıda qışın dondurucu soyuğu hiss olunmur. Bu günə kimi paytaxta qar da yağmayıb. Hətta dağətəyi rayonlarda da hava ötən illərə nisbətən isti keçir. Ancaq havaların isti keçməsi siyasi proseslərin qızışması ilə müqayisdə kölgədə qala bilər. Yeni ilin ilk günlərindən siyasi prosesslər qızışmağa başladı. Buna səbəb isə polis barəsində böhtan xarakterli məlumat yaymaqda ittiham edilərək 2 il müddətinə azadlıqdan məhrum edilən videoblogger Mehman Hüseynovun həbsdə olarkən Penitensiar Xidmətin əməkdaşını döyməkdə ittiham olunaraq barəsində yeni cinayət işi açılmasına qarşı aclıq aksiyasına başlaması haqqında yayılan məlumat oldu.

 

Penitensiar Xidmət bir neçə dəfə videobloggerin açlıq etməsi haqqında məlumatları təkzib etməsinə baxmayaraq, M.Hüseynovun yaxınları onun aclıq etməsində təkid edirdilər. Eyni zamanda Azərbaycan iqtidarına müxalif olan, xaricdə yaşayan siyasi fəalların Avropanın bir neçə ölkəsində başlatdığı hərəkat da Azərbaycanın daxilindəki siyasi atmosferin dərəcəsini artırdı. Buna görə də yanvar ayı olmaısına baxmayaraq siyasi müxalifət fəal hərəkətlərə başladı. Artıq paytaxt Bakıda və ölkənin digər rayonlarında razılaşdırılmamış piket və yürüşlərə cəhdlər olub. Müsavat Partiyasının 12 yanvar tarixində mitinq keçirmək tələbi rədd edilsə də, indi də Azərbaycan Xalq Cəbhəsi Partiyası yanvarın 19-da mitinq keçirmək fikrindədir. Bundan başqa xaricdə yaşayan siyasi fəallar, bloggerlər də kütləvi aksiya keçirilməsi üçün xalqa müraciət edirlər.

Azərbaycan iqtidarının tərəfdarları isə bütün bunları Azərbaycanı böyük dövlətlərin, güclərini sınadığı poliqonuna çevrmək istiqamətində növbəti addım hesab edirlər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev isə baş verənləri xarici güclərə işləyən "5-ci kolon”un aktivləşdirməsilə Azərbaycan dövlətinə təzyiq cəhdi kimi qiymətləndirir. Deputat hesab edir ki, son vaxtlar Azərbaycanın daha da güclənməsinə yol açan iqtisadi islahatlar və Paşinyanın Ermənistanda hakimiyyətə gəlişi ilə Qarabağın işğaldan azad olunması üçün imkanların yaranması ermənipərəst qüvvələri təşvişə salıb: "Onlar rəsmi Bakını qorxudub bütün təşəbbüslərə son qoyulmasını istəyirlər. Daxildə də heç kimə sirr deyil ki, xarici dövlətlərin ümid verdiyi, yaranacaq siyasi böhrandan istifadə edib hakimiyyətdə yerini möhkəmlətmək, yaxud hakimiyyətə gəlmək istəyən qüvvələr var. Avropadan söyüş söyənlərin bir qrupu onlar tərəfindən yönləndirilir”.

Ancaq deputatların fikirləri də çox zaman yaranmış gərginliyin azaldılmasına deyil, daha da qızışmasına xidmət edir. Məsələn, deputat Araz Əlizadənin Mehman Hüseynovu təhqir edərək, onun ünvanına "yaxşı ki anasını da soyundurub fotosunu çəkməyib” ifadəsi mübahisələri qızışdırdı.. Prosesləri diqqətlə izlədikdə belə görünür ki, kimlərsə iqtidarı müdafiə görüntüsü altında vəziyyəti daha da qızışdırmağa çalışır. Bu məqamda isə deputat Qüdrət Həsənquliyevin yaranacaq siyasi böhrandan istifadə edib hakimiyyətdə yerini möhkəmlətmək istəyən qüvvələrlə bağlı açıqlaması bir daha xatırlanmalıdır. Məlum olduğu kimi prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında mövcud idarəetmədə strukturun köhnəldiyini, yeni idarəetmə strukturunun yaradılmasının zərurəti haqqında proqram xarakterli çıxışı bir çox məmurların karyeralarının sonuna gəldiyinə işarə idi. Heç şübhəsiz ki, onlar vəzifələrini yalnız bir halda, ölkədə siyasi gərginliyin artacağı və struktur islahatların gündəmdən çıxacağı halda saxlaya biləcəklərini anlayırlar. Buna görə də onlar siyasi gərginliyin artmasında maraqlıdırlar.

Digər tərəfdən regionda böyük dövlətlərin nüfuz dairəsi uğrunda mübarizəsi daha da qızışır. Rusiyanın postsovet məkanı üzərində nəzarəti bərpa etmək cəhdi Qərb dövlətlərinin, ilk növbədə  ABŞ və Böyük Britaniyanın kəskin müqaviməti ilə üzləşib. Ermənistanda və Ukraynada baş verənlər, Rusiya provslav kilsəsinin rolunun kəskin azaldılması istiqamtində baş verənlər, Belarusun Moskvanın istəklərini rədd etməsi, Orta Asiyada baş verən proseslər əslində vahid bir prosesin ayrı-ayrı elementləridir. Burada məqsəd Rusiyanın ətrafında Qərbyönlü dövlətlərin halqasını yaratmaqdır. Kremlin öz istəklərini reallaşdırmaq üçün sonuncu dəfə cəhd edəcəyi də gözlənilən idi və indi Moskva Qərbin addımlarına qarşı öz addımlarını atmağa çalışır. Bütün bunlar isə keçmiş sovet respublikalarında siyasi gərginliyi artırır. Bu proses indi Azərbaycanda daha çox hiss olunur. Məlum olduğu kimi rəsmi Bakı uzun illər bütün güc mərkəzləri ilə eyni məsafədə durmağı bacarıb. Azərbaycan iqtidarı Rusiya ilə yanaşı Qərblə də isti münasibətlərin qurulmasına nail ola bilmişdi. İranla bərabər İsraillə də münasibətlər yaxşı idi. İndi isə vəziyyət dəyişir. Belə bir vəziyyət isə ilk növbədə daxili siyasi proseslərə təsir edir. Belə görünür ki, yanvar ayı olmasına baxmayaraq Azərbaycanda siyasi atmosfer isti olaraq qalacaq və siyasi temperatur getdikcə yüksələcək. Burada hakimiyyətin proseslərə nə qədər adekvat reaksiya verməsi də böyük rol oynayacaq. Əgər, hakimiyyət deputat Araz Əlizadə kimilərin "meydan sulama”sına imkan versə, heç şübhəsiz siyasi gərginlik sürətlə artacaq. Yox, əgər təmkinli yanaşma üstünlük təşkil edəcəksə, vəziyyət tədricən yumşalacaq. Unutmaq olmaz ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir və ermənilər Bakıda yaranan gərginlikdən həmişə öz xeyirlərinə uğurla istifadə ediblər. Buna görə tərəflər daha diqqətli davranmalı, qızışdırıcı meyillərə imkan verilməməlidir.

Azad Aydın

Yeni Sözçü qəzeti


Oxşar Xəbərlər

Xəbər lenti