8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu ilin may ayından Türkiyənin "Saipem 12000” kəşfiyyat-qazma gəmisi Aralıq dənizində Kipr adasının şimal şelfində axtarış işlərinə başlayıb. Hazırda məsələ ilə əlaqdar Avropa Birliyilə Türkiyə arasında gərginlik yaşanır. Avropa Birliyi deyir ki, bu ərazi Kipr Respublikasına aiddir. Türkiyə isə bildirir ki, bu akvatoriya Şimalı Kipr Respublikasının iqtisadi zonasına daxildir.
Avropanın Kiprin Şimal hissəsini tanımamasına baxmayaraq, Türkiyə bu ərazilərə qanuni haqqının olduğunu bildirir və öz kəşfiyyat gəmisini qorumaq üçün həmin əraziyə hərbi gəmilər yollayıb. Qardaş ölkənin bu məsələdə israrlı və qətiyyətli mövqe tutması isə təsadüfi deyil. Belə ki, məsələnin siyasi tərəfi olduğu kimi, olduqca əhəmiyyətli iqtisadi tərəfi də var.
Mütəxəssislər bildirirlər ki, bu ərazi karbohidrogen yataqlarıyla zəngindir. Amma ən maraqlısı odur ki,Türkiyə həmin ərazilərdə daha xoş sürpirizlə də qarşılaşa bilər. Belə ki, son 30 ildir elmi araşırmalar nəticəsində həmin dənizin dibində enerjinin yeni və daha sərfəli resurs növü olan qaz-hidrat yataqları aşkarlanıb. Türkiyənin "Yeni Akit” qəzetinin "Nə təbii qaz, nə neft! Budur Aralıq dənizindəki ən mühüm maddə!” başlıqlı məqaləsində mövzuya aydınlıq gətirilir.
Həmin məqalədə deyilir: ”Digər ölkələr tərəfindən gələn istənilən əngəllərə baxmayaraq, Türkiyə Aralıq dənizində təbii qaz və neft axtarış-kəşfiyyat işlərini davam etdirir. Ekspert Abdulla Ağar hesab edir ki, ən əsas məsələ Aralıq dənizindəki qaz-hidrat yataqlarıdır.”
Türkiyə qazma gəmilərinin axtarış işlərini davam etdirdiyi bir vaxtda, Ankara Liviya ilə mühüm müqavilə bağlayıb. Müqavilənin imzalanmasıyla Türkiyə regiondakı geoloji kəşfiyyat üzərində nəzarəti öz əlinə götürüb. Bu, Yunanıstan başda olmaqla, əksər Avropa ölkələrinin qəzəbinə səbəb olub.
Aralıq dənizndə nə var?
Abdulla Ağar öz "twitter” səhifəsində digər bir məsələyə diqqət çəkib: ”Burada söhbət təkcə Şərqi Aralıq dənizində ehtimal olunan 3,5 trilyon kub metr təbii qazdan və iki milyard barrel neftdən getmir. Bu ehtiyat təxminən trilyon dollar dəyərindədir. Ən əsas məsələ Şərqi Aralıq dənizində qaz-hidratının olmasıdır. Qaz-hidratın bir vahidi 30 vahid təbii qaza bərabərdir. İndi pul uğrundakı mübarizənin miqyasını təsəvvür edin. Dənizdəki qaz-hidrat qurudakı şist qazı ilə demək olar eyni şeydir.”
Qaz-hidratlar təbii qazların molekulları ilə su molekullarının birləşməsindən meydana çıxan metan, etan və propan kmi yüngül təbii qazlardan ibarət bərk kristallaşmış maddədir və əsas etibarilə dənizin dibində və müəyyən qədər də quruda əmələ gəlir.
18-ci əsrin əvvəllərində qaz-hidratlar təsadüf nəticəsində laboratoriya şəraitində kəşf edilib. 1960-cı illərdə Rusiyadakı daimi donmuş torpaq(permafrost) rayonu olan Messoyaxada aşkarlandı ki, qaz-hidratlar təbiətdə sərbəst şəkildə meydana gəlir. Məlumdur ki, qaz-hidratları dəniz çöküntülərində də əmələ gələ bilər. Son 30 ildə aparılan araşdırmalar göstərir ki, bir kub-metr qaz-hidrat öz tərkibində 164 kub metr təbii qaz saxlaya bilər. Təsəvvür edin ki, öz ilkin həcmindən 164 dəfə böyük tutum nə deməkdir. Elə bu xüsusiyyətinə görə də qaz-hidratlar yaxın gələcəyin enerji mənbəyi hesab olunur.
Qaz-hidratlardan kommersiya məqsədilə istifadə olunması üçün ilk araşdırma 1982-ci ildə ABŞ-da başlanılıb. Amerika alimləri iddia edirlər ki, ABŞ-ın cənub-qərb sahillərinə yaxın yerdə - Atlantik okeanının dibində, ölkənin enerji təlbatını 100 il təmin edəcək qədər qaz-hidrat var.
Çin artıq hasilata başlayıb, bəs Türkiyə?
Bundan bir qədər əvvəl isə Çin Cənubi Çin dənizindəki Şenxu rayonunda qaz-hidratları çöküntülərindən ilk dəfə təbii qaz əldə etməyə başlayıb. Beləliklə, Çin 1277 metr dərinlikdə qaz-hidrat ehtiyatları aşkarlayıb. Artıq Çin qaz-hidratları hasil edərək, bu sahədə dünya birinciləri sırasına daxil ola bilər.
Türkiyə 2000-ci illərin əvvəlində "TÜBİTAK”- (Türkiyə Elmi və Texnoldji Araşdırmalar Qurumu ) layihəsi çərçivəsində Qara dənizdə ilk dəfə olararaq qaz-hidratların əmələ gəlməsini öyrənməyə başlamışdı. İzmir "9 Sentyabr Dəniz Elmləri və Texnologiya İnstitutu” son 12 ildir ki, professor Günay Çiftçi rəhbərliyi altında "Xoca Piri Rəis”adlı elmi tədqiqat gəmisində məlumat toplama və informasiya təhlili həyata keçirir. Başda Qara dəniz olmaqla, Aralıq dənizi və Mərmərə dənizində böyük qaz-hidrat potensialı var. Bu ehtiyatlar gələcəkdə Türkiyənin enerji ixracı problemini həllə edə bilər.
Bəllidir ki,dünyanın enerji tələbatı durmadan artır. Əlbəttə, Türkiyə də istisna deyil və bu ölkə ildə təxminən 50 milyon ton neft və 55 milyard kub metr təbii qaz istehlak edir. Bu məsələdə Türkiyə demək olar ki, tam ixracdan asılı vəziyyətdədir və enerji tələbatının ödənilməsinə milyardlarla dollar vəsait sərf olunur. Deməli, əgər Aralıq dənizində haqqında danışılan qaz-hidratlar aşkarlanarsa, yaxın gələcəkdə Türkiyə nəinki enrji nəhənginə çevriləcək, hətta iqtisadi gücünü dəflərlə böyütmək imkanı əldə edəcək.