İŞ ADAMININ ÖLÜM İŞİNDƏ ŞOK! – Şantaj əməliyyatının iştirakçısı olan qadın ortaya çıxıb, hər şeyi danışdı / VİDEO -Video


Bu il may ayının 7-də Şəmkir rayonunda baş vermiş müəmmalı ölüm hadisəsinin şokedici detalları açıqlanıb. İş adamı Arzu Cabbarovun yerli polisin vəzifəli əməkdaşlarının qurduqları şantaj əməliyyatının qurbanı olduğu haqda şübhələr, hadisənin yeganə şahidinin dilindən təsdiqini tapıb.

Xatırladaq ki, rayonun tanınan iş adamlarından olan Arzu Cabbarov damarları kəsilmiş vəziyyətdə xəstəxanaya gətirilib və az sonra burda dünyasını dəyişib. Onun ailə üzvləri bu hadisədə yerli polis şöbəsinin əməkdaşlarının əli olduğunu bildiriblər. Mərhum iş adamının yaxınları tərəfindən ictimailəşdirilən səsli mesaj da hadisənin qətl olmasına dair şübhələri artırmışdı. Həmin səs yazısında Arzu Cabbarov ölümündən az əvvəl öz yaxınına bildirirdi ki, onun damarlarını doğrayıblar, tez xəstəxanaya gəlsin.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda hadisənin intihar olduğu bildirilib.

Olayın iştirakçılarından biri olan Yeganə Yusifova isə bugünlərdə hadisənin intihar yox, qətl olduğunu açıqlayıb. O, “Meydan.TV”-yə müsahibəsində deyib ki, iş adamının ölümündə Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı olub.

Belə ki, o, polislərin təhriki ilə Arzu Cabbarova qarşı şantaj əməliyyatının iştiraçısı olub, bu əməliyyat isə iş adamının ölümü ilə nəticələnib: “Arzu Cabbarovun işində Bayram (Polis rəisinin müavini Bayram İsmayılov-red.) mənə dedi ki, bu işdən sənə 7 min manat pul ayıracağam. Bundan artıq nə istəyirsən? Dedim mən ailəmdən çəkinirəm, dedi, artıq məsləhət olunub, sənin üçün gecdir...”

Xanım bildirir ki, polisdə onun barəsində dələduzluqla bağlı şikayət olub. Ona bildiriblər ki, cinayət işi açılmaması üçün onların iş adamı ilə bağlı əməliyyatlarında iştirak etməlidir. Ona Arzu Cabbarovun və digər 3 nəfərin telefon nömrəsini veriblər. Plana əsasən, Yeganə Yusifova Arzu Cabbarovu görüşə çağırmalı, görüş zamanı video çəkilməli və bu çəkilişlərin yayımlanmaması üçün iş adamından külli miqdarda pul tələb edilməliymiş.

Y.Yusifova iddia edir ki, bu əməliyyatda iştirak etdiyinə görə polislər ona 7 min manat pul verəcəklərini, həmçinin dələduzuluq işini bağlayacaqlarını bildiriblər: “Biz yataq otağına keçib əlaqəyə başlayan zaman polis əməkdaşı Feyruz müəllim telefon əlində içəri girdi. Mərhum çarpayıdan durdu və polisin üzərinə hücum çəkərək bildiridi ki, mən artıq sizin şantajlardan yoruldum. İntihar etmək istəyirəm əlinizdən. Feyruz onu vurdu və Arzu yıxıldı, ayağa qalxanda alnından daha iki yumruq vurdu. Arzu hirslənib söyüş söydü, qapının şüşəsini qırdı, bu zaman Feyruzun da əli kəsildi. Feyruzun ona gücü çatmırdı, o yerdən sol əli ilə şüşə parçasını götürüb iki dəfə Arzunun qoluna çəkdi, daha sonra qoluna soxub möhkəm çəkdi. Bu zaman onu qan götürdü”.

Qeyd edək ki, polis əməkdaşı Etibar Yaqubov təcili yardım maşını ilə Arzu Cabbarovu xəstəxanaya aparıb. Yolda o ailə üzvlərinə səsli mesaj göndərib: “Aqil, məni doğrayıblar, özünü xəstəxanaya çatdır, tez. Damarımı kəsiblər, özünü çatdır...” Arzu Cabbarov bundan az sonra xəstəxanada keçinib.

Y. Yusifova deyir ki, polis rəsinin müavini Bayram İsmayılov onu izahat yazmağa məcbur edib ki, mübahisə zamanı A.Cabbarov özünə xəsarət yetirib. 

Qadın üzərində xəsarət izləri tapılsın deyə polis əməkdaşlarının onu döydüklərini deyir: “Ekspert gəlirdi, amma ortada nəticə yoxdu, məni döydülər ki, guya məni rəhmətlik döyüb...”

Yeganə Yusifovanın qalmaqallı açıqlamalarının davamı ilə videoda tanış olmaq olar:




Oxşar Xəbərlər

Xəbər lenti