Türkiyədə Ərdoğan erkən prezident seçkilərinə gedir:Qərb onu, yoxsa müxalifəti dəstəkləyəcək? – Təhlil

Türkiyədə Ərdoğan erkən prezident seçkilərinə gedir:Qərb onu, yoxsa müxalifəti dəstəkləyəcək? – Təhlil

 

Stanislav Tarasov

regnum.ru, 19.04.2018

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan məlumat verib ki, respublikada 2019-cu il noyarbrın 3-ə nəzərdə tutulan parlament və prezident seçkiləri erkən – 2018-ci il iyunun 24-də keçiriləcək. O, Milliyyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalının seçkiləri planlaşdırılmış vaxtdan qabaq keçirmək təklifinə belə reaksiya verib. Lakin hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) sıralarında bu haqda müzakirələr çoxdan gedir.

Yada salaq ki, Baxçalı öz partiyasının 2019-cu il prezident seçkilərində namizəd irəli sürməkdən imtinası və Ərdoğanın bir də seçilməsinə dəstəyi haqda bildirəndən sonra ƏİP və MHP "Xalq koalisiyası” formalaşdırıb.  Bunu da qeyd edək ki, Ərdoğan hələ bu yaxınlarda erkən seçkilər keçirmək imkanını rədd etmişdi. Amma məsələ burasındadır ki, ölkədə ictimai-siyasi əhvali-ruhiyyənin təyinini daim həyata keçirən Türkiyə sosioloqları fəaliyyətdəki prezidentin yetərincə yüksək reytinqini qeydə alırlar. Vətənsevərlik və millətçi əhvali-ruhiyyənin yüksəlişində iki əsas səbəbin adı çəkilir: Suriyanın şimalında Afrində keçirilən "Zeytun budağı” əməliyyatının cari yekunları və ölkə iqtisadiyyatının yüksəlişi. İqtisadi artım 2017-də 7,4% təşkil edib. Lakin  Suriyada, bir də elə bütünlükdə bölgədə hadisələrin gedişi göstərir ki, 2019-cu il noyabrın 3-ə doğru "müzəffər savaş” haqda elan edilən siyasi effekt buxarlana bilər. İqtisadiyyatda isə güc toplayan mənfi amillər – büdcə kəsiri, inflyasiya, özəl biznesdə borcun artması, türk lirəsinin dəyərsizləşməsi  artıq bu gün öz təsrini göstərir. Ekspertlərin dəyərləndiməsinə görə, "Türkiyədə formalaşan iqtisadi qeyri-müəyyənlik siyasi risklər də törədə bilər”.

Habelə xatırlatmaq gərəkdir ki, Ərdoğan bu gün hətta millətçilərlə alyansda da 50%-i zorla toplayır. O, 2017-ci ilin aprelində prezident idarəçiliyinə keçidi nəzərdə tutan konstitusiyaya düzəliş üzrə referendumda səs çoxluğunu böyük çətinliklə əldə etməyə nail olub. Prezident əvvəllər onu fəal dəstəkləyən kürdlərin səsini indi itirib. O, millətçilərlə alyansda hərəkət etməyə məcburdur, amma hakim partiya əvvəllər seçkilərdə müstəqil çıxış edərdi. Son sorğulara görə, ƏİP təkbaşına yalnız 40%-ə ümid bəsləyə bilər. Və millətçilərin qələbə üçün Ərdoğana gərəkən əlavə 10-15%-i gətirib-gətirməyəcəyi müəmma olaraq qalır. Xüsusən də MHP-də "Yaxşı partiya”nı doğuran parçalanma baş verdiyinə görə.

Hətta bütün əlamətlərə görə, ƏİP-in qurucularından biri, Türkiyənin 11-ci prezidenti, ölkədə və hüdudlarından qıraqda təcrübəli siyasətçi nüfuzuna malik olan Abdulla Gül seçkiqabağı mübarizəyə girişə bilər. Belə bir şey olsa, Gül təkcə nəinki hakim partiya elektoratının önəmli bölümünü özünə doğru çəkər, həm də ümumiyyətlə onu parçalaya bilər.

Milli Hərbi Kollecin professoru və Brukinqs institutunun baş elmi əməkdaşı Ömər Taşınar hesab edir ki, "Bu, Ərdoğanı ciddi narahat edir, çünki seçkilərin ikinci raunduna səbəb olar və Gül Cümhuriyyət Xalq Partiyası (CXP) və kürdyönlü Xalqların Demokratik Partiyasının dəstəyinə (XDP) ümid edə bilər”.

Düzdür, müxalifət erkən seçkilərin keçirilməsini dəstəkləməklə, CXP başçısı Kamal Kılıcdaroğlunun sözlərinə görə, elə bir alyans yaratmaq niyyətini bildirib ki, "ƏİP quylansın və idarəçiliyinə son qoyulsun”. İstisna deyil ki, "Yaxşı Partiya” lideri Meral Akşener Türkiyə prezidenti postuna müxalifətin namizədi kimi irəli sürüləcək. Lakin "Yaxşı Partiya” hələlik yalnız ikinci tur halında "Səadət Partiyası” və "Demokratik partiya” ilə ittifaq qurmaq imkanı haqda bildirib. Qeyd edək ki, yeni sistemə əsasən, namizəd prezident kürsüsünü tutmaqdan ötrü birinci turda 50%+1 səs toplamalıdır.

Və sonra. Erkən seçkilər ölkədə tətbiq edilmiş fövqəladə vəziyyətdə  keçiriləcək. Avropa Komissiyası Türkiyədə qanunun aliliyi sahəsindəki durum haqda narahatlığını məhz indi ifadə etməyə başlayıb. O, Türkiyədə qanunun aliliyi, insan haqları və özəl fikrin sərbəst ifadəsi  sahəsində durumun əsaslı şəkildə pisləşdiyini qeydə alır. AK fövqəladə durumun ləğvini tələb edib. Buna görə də istisna etmək olmaz ki, Brüssel qarşıdakı erkən seçkilərin legitimliyini tanımaqdan imtina edəcək. Hazırda isə AB "mövcud durumda” Türkiyənin AB-yə daxil olması üçün danışıqların yeni mərhələsi imkanını nəzərdən keçirmir ki, bu da müxalifətin əlinə oynayır. Bununla yanaşı, Ərdoğanın Türkiyənin NATO-ya üzvlüyünü bildirərək insan haqları və demokratiya prinsiplərini gözləmək üzündən narahat olmağa az meyllənən ABŞ-ı ən önəmli tərəfdaş göstərməklə Qərb istiqamətində effektli oynamaq imkanı var. Bu cür durumda əmin olmaq mümkün deyil ki, Ərdoğanın reytinqi həmişə yüksək olacaq. Türkiyədə hər şey baş verə bilər.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti