RÜSTƏM İBRAHİMBƏYOV ONA OLAN HÜCUMLARA CAVAB VERDİ:"Bəziləri yaranmış vəziyyətdən istifadə etməyə çalışır" (FİLMİN TAM VERSİYASI)

RÜSTƏM İBRAHİMBƏYOV ONA OLAN HÜCUMLARA CAVAB VERDİ:"Bəziləri yaranmış vəziyyətdən istifadə etməyə çalışır" (FİLMİN TAM VERSİYASI)

 

Tanınmış azərbaycanlı dramaturq Rüstəm İbrahimbəyovun ssenari müəllifi və prodüseri olduğu "Qafqaz triosu” filmi son günlər Azərbaycan mediasının üzərinə yeridiyi, diqqətdə saxlamağa çalışdığı əsas mövzuya çevrilib.

Xatırladaq ki, geniş ictimaiyyət bu filmdə millətimizi aşağılayan detalların olduğu barədə ilk dəfə məşhur kinorejissor Ayaz Salayevin "Bakinski raboçiy” qəzetində dərc olunan tənqidi məqaləsindən və Prezidentin köməkçisi Əli Həsənovun da hər kəsi bu məqaləni oxumağa çağırışından sonra xəbər tutdu…

Hazırda filmdəki mövqeyinə görə, Rüstəm İbrahimbəyov Azərbaycanda rəsmi və qeyri-rəsmi səviyyədə ən sərt şəkildə tənqid hədəfinə çevrilib.

Marqlıdır, bəs, Rüstəm İbrahimbəyov özü bu haqda nə deyir? Torpağını işğal etmiş bir düşmənlə savaş halında olan millətini aşağılamağa onu nə vadar edib?

Strateq.az "Qafqaz triosu”nun tam versiyasını, eləcə də dünya şöhrətli dramaturqumuzun öz "Facebook” səhifəsində məsələyə aydınlıq gətirmək məqsədiylə yazdığı qeydini oxuculara təqdim edir:

***

"Qarabağ faciəsinə dəfələrlə münasibətimi bildirmişəm. Əksər azərbaycanlılar kimi, hesab edirəm ki, Ermənistanın ərazi iddiaları milyonlarla insanın taleyində əksini tapmış dəhşətli nəticələrə gətirib çıxarıb. Xalqımın acısını hiss edirəm və əminəm ki, gec və ya tez Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. 

Bununla belə, Ermənistan rəhbərliyini və təcavüzkar milliyyətçi qruplarını ölkəmizə qarşı cinayətlərdə ittiham etsəm də, baş verən hadisələrdə bütün erməni xalqını təqsirli hesab etmirəm və hər bir ermənini düşmən kimi qəbul etmirəm.

Bu, uzun illərdir davam edir və məhz buna görə məni "ermənipərəstlikdə” ittiham edirlər. Bəziləri bunu bu təcavüzün xalqımızı düçar etdiyi iztirablara görə ədalətli qəzəblə edirlər. Digərləri yaranmış vəziyyətdən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışır, pafoslu-vətənpərvər bəyanatlarının hakimiyyətdəkilərin diqqətini cəlb edəcəyinə və təqdir ediləcəyinə ümid edirlər.

"Qafqaz triosu” filmi 2015-ci ildə çəkilib və çətin ki, kinoşünas Ayaz Salayev ona bu qədər gec baxıb. Filmin səthi-siyasiləşdirilmiş təhlili və mənim ünvanıma filmdə bəhs edilən tarixdən çox-çox kənara çıxan ittihamlar Salayevin məqaləsinin ya "sifarişli” olduğu, ya da məhz bu gün üzərinə diqqət çəkmək üçün ona lazım olduğu barədə qənaət yaradır.

Filmdə baş verənlərin mənası kobud və qərəzli şəkildə təhrif edilib; faktları dəyişdirən və diqqəti ikinci dərəcəli hadisələrə çəkən coşğun tənqidçi əsas şeyi görməyib: baş qəhrəman azərbaycanlı Fərhadın xeyirxah davranışı onun uşaqlıq dostunun, Bakı ermənisinin yanlış baxışlarını dəyişdirir.

"Qafqaz triosu” filminin müdafiəyə ehtiyacı yoxdur. Mən filmi görməyənlər üçün öz müəllif fikrimi açıqladım.

Yeri gəlmişkən, çoxlarını inandıra bilməsəm, təəccüblənmərəm. Mənim yaradıcılıq həyatım belə alınıb ki, ssenarim əsasında çəkilmiş ilk film, "Bir cənub şəhərində” Azərbaycan xalqına böhtan elan edilib və orada bəhs edilən hekayənin geniş tamaşaçı kütləsi tərəfindən təqdir olunması üçün illər tələb olunub. Azərbaycanın hüdudlarından kənarda şöhrət qazanmış digər nəsr və kino-teatr əsərlərim də ciddi tənqidə məruz qoyulub. Ölkəmizdə Azərbaycan Demokratik Respublikasının faciəvi taleyinə həsr olunmuş ilk tamaşa – 1982-ci ildə mənim pyesim əsasında qoyulmuş "Ultimatum”tamaşası Azərbaycanın qabaqcıl tarixçiləri tərəfindən hamılıqla pislənib və bağlanıb.

Bizdə hakimiyyətin ideoloji məqsədləri ilə üst-üstə düşməyən istənilən fikir düşmən fikir hesab olunurdu və olunur. Amma zaman keçir və kəskin tənqidə məruz qalan şeylərin çoxu artıq qəbul olur. Məsələn, yaxın keçmişdən bəri respublika mətbuatında ermənilərin Azərbaycana sıxlaşan səfərləri razılıqla qarşılanır. Bu, nəhayət, nə vaxtsa Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasına nail olacağımızın, beynəlxalq normalara uyğun olaraq, Qarabağ ermənilərinin də Azərbaycan vətəndaşı kimi qayıdacağının dərk edilməyə başladığını göstərir. Və istənilən ermənini düşmən elan edənlər istər-istəməz yerli əhalinin düşmən münasibəti ilə əlaqədar Azərbaycan ərazisində ermənilərin yaşamasının qeyri-mümkün olduğunu iddia edən ideoloji düşmənimizə kömək edirlər.

"Qafqaz triosu” filmi bu dəlilə etiraz edir, düşmən ölkələrin nümayəndələri arasında normal insani münasibətlərin mümkün olduğundan bəhs edir. Və mən inanıram ki, bu gün müxtəlif səbəblərdən bu açıq-aşkar həqiqəti qəbul etməyənlər gec və ya tez onu dərk edəcəklər”.



Oxşar Xəbərlər

Xəbər lenti