Paşinyan Saakyanı devirməyi planlaşdırır - POLİTOLOQ ŞƏRHİ

Paşinyan Saakyanı devirməyi planlaşdırır - POLİTOLOQ ŞƏRHİ

 

Natiq Miri: "Paşinyan Qarabağdakı erməniləri hakimiyyət əleyhinə qaldırmaqla, Saakyan rejimini süpürüb atmaq niyyətindədir"

İyunun 1-də Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə separatçı rejimin xüsusi xidmət orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanıb. Belə ki, separatçı rejimin xüsusi xidmət orqanlarının əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetirib. Bu isə öz növbəsində, Xankəndidə məişət zəminində baş verən insidentin qısa müddət ərzində böyüyərək kütləvi hal almasına gətirib çıxarıb. Verilən son məlumatlara görə, hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.

Bundan başqa, o da qeyd olunur ki, separatçı rejimin başçısı Bako Saakyan xüsusi xidmət orqanlarının əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb edən izdihamı sakitləşdirmək məqsədiylə iyunun 2-də təhlükəsizlik şurasının iclasını keçirib. Lakin bu da etiraz aksiyalarının səngiməsinə səbəb olmayıb. Əksinə, analitiklər, həmçinin erməni siyasətçiləri iddia edirlər ki, bir müddət əvvəl Ermənistanda baş verən kütləvi hərəkat artıq Qarabağa sirayət edib və bu olaylar separatçı rejimin başçısı Bako Saakyanın istefasına səbəb ola bilər. Məsələn, Xankəndidəki etiraz aksiyasının faciə ilə nəticələnə biləcəyini vurğulayan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, Paşinyan, Sarkisyan, Koçaryan və digərləri Qarabağda vəziyyəti nizamlamaq üçün addım atmalıdır. Onun sözlərinə görə, Xankəndidə aksiya keçirən etirazçılar separatçı rejimin "kəşfiyyat xidməti" və "polis rəhbərliyinin" istefasını tələb edir: "Bu isə rejimin təhlükəsizliyi ilə bağlı mövcud struktura ağır zərbə vura bilər". Elə bu səbəbdən də Ter-Petrosyan Paşinyanı bu məsələdə "3-cü tərəf" olmağa səsləyib və bildirib ki, Saakyanı bu məsələdə tək qoymaq olmaz: "İrəvanda baş verənlərin Qarabağda baş verməsi yolverilməzdir. Çünki biz müharibə vəziyyətindəyik və daxildə baş verə biləcək hər hansı qığılcım faciəvi nəticələrə gətirib çıxara bilər".

Yeri gəlmişkən, qeyd edək ki, Xankəndidəki etiraz aksiyasını şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Nikol Paşinyan Qarabağda öz adamını separatçıların başına gətirmək istəyir: "Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanı dəyişmək istəyir. Bako Saakyan keçmiş prezident və baş nazir Serj Sarkisyanın adamıdır. Bu isə Paşinyan üçün hər an təhlükə yarada bilər. Ermənistanda siyasi ab-havanı həm də Dağlıq Qarabağdakı vəziyyət müəyyənləşdirir. Yaxın tarix də bundan xəbər verir. Zamanında Levon Ter-Petrosyan prezident olanda da onun əsas opponentləri məhz Qarabağdakı separatçılar idi və elə onu devirənlər də Qarabağdan gələnlər oldu. Əgər Paşinyan keçmiş şefinin bu səhvindən gərəkli nəticə çıxarıbsa Dağlıq Qarabağda Bako Saakyanı sakitcə öz tərəfdarı ilə dəyişməyə çalışacaq. Əks halda Serj Sarkisyan – Bako Saakyan cütlüyü gələcəkdə Paşinyanın hakimiyyətini laxlada bilər".

Bu arada, Ermənistanın yeni hökumətinin proqramının hazır olduğunu və 7 iyunda parlamentin müzakirəsinə çıxarılacağını bildirən Elxan Şahinoğlu proqramın əsas tezislərini diqqətlə oxuduğunu, lakin orada yeni bir şeyin olmadığını deyib: "Məsələn, proqramın xarici siyasət və Dağlıq Qarabağ hissələrində bunlar yazılıb: "Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə cavabdehdir", "Danışıqlarda bizim üçün Dağlıq Qarabağın statusu əsasdır", "Dağlıq Qarabağ təmsilçiləri danışıqlarda iştirak etməlidirlər", "Ermənistan hökuməti beynəlxalq aləmdə erməni soyqırımının tanınması siyasətini aparacaq", "Rusiya ilə müxtəlif sahələrdə strateji tərəfdaşlıq davam edəcək". Proqramda ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyindən də danışılır. Üstəgəl proqramın ana xətlərindən biri də Ermənistanın Gürcüstan və İranla əməkdaşlığını dərinləşdirməsinin vacibliyinin göstərilməsidir. Uzaq Çin, Hindistan və Yaponiya ilə siyasi, iqtisadi ələqələrin inkişafı vacibliyi də unudulmayıb". Politoloq hesab edir ki, bütün bu maddələr Nikol Paşinyanın devirdiyi Serj Sarkisyanın proqramında da olub: "Guya Serj Sarkisyan Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəmirdi, yoxsa qonşuları Gürcüstan və İranla əməkdaşlığa önəm vermirdi? Bunlar hamısı olub, ancaq olduğu halda Ermənistan iqtisadiyyatını və Serj Sarkisyanın özünü xilas etməyib. Əsas proqram deyil, Paşinyanın atacağı addımlara Rusiyanın necə reaksiya verəcəyidir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Nyu-Yorkda günlər keçirib "BMT qətnamələri yerinə yetirilməlidir" təkrarlamaqdansa (onsuz da yerinə yetirmirlər və topu hər dəfə ATƏT-ə atırlar) Ermənistandakı və Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyib, buna uyğun gedişlər fikirləşməlidir".

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Natiq Miri isə bu qənaətdədir ki, separatçı rejimin başçısı Bako Saakyan Serj Sarkisyanın, o cümlədən Rusiya xüsusi xidmət orqanlarının adamı olduğundan Nikol Paşinyan yeni hökumətin başçısı kimi Qarabağla bağlı özünəməxsus siyasət aparır: "Doğrudur, hələlik bu, rəsmi olaraq açıqlanmasa da, bu bir gerçəkdir ki, Paşinyanın bir Qarabağ siyasəti var. Və onun siyasətini həyata keçirməsi üçün mütləq mənada Paşinyan hökumətinə bağlı bir erməninin Qarabağda qondarma rejimin başında olmasına ehtiyac var. Ona görə də Paşinyan Bako Saakyanı birbaşa hakimiyyətdən uzaqlaşdırmaq əvəzinə, müəyyən problemlər yaratmaqla Qarabağda yaşayan erməniləri hakimiyyət əleyhinə qaldırmaqla məxməri inqilab vasitəsiylə Saakyan rejimini süpürüb atmaq istəyir. Bu isə təbiidir. Çünki məhz bundan sonra Paşinyan öz adamını qondarma rejimin başına gətirməklə artıq mövqeyini təkcə Ermənistanda deyil, həm də işğal olunmuş ərazilərdə də möhkəmlətmək istəyir. Bununla da Paşinyan gələcəkdə Qarabağ siyasəti rəsmi olaraq ortalığa çıxdıqda ən azından Rusiyanın Qarabağ probleminə öz adamları vasitəsiylə təsir etmək imkanlarını məhdudlaşdırmaq niyyətindədir".

Natiq Miri bütün bunları nəzərə alaraq, separatçı rejimin başçısı Bako Saakyan əleyhinə olan etirazların davam edəcəyini bildirib: "Açığı, bunu təşkil etmək Paşinyan hökuməti üçün o qədər də böyük problem yaratmır. Çünki Qarabağda yaşayan ermənilər illərdir Bako Saakyan kimilərinin hərbi rejimi altında əziyyət çəkir. Bunun üzərinə sosial və istisadi problemləri də gəlsək, təbii ki, Qarabağda yaşayan erməniləri Bako Saakyan hökumətinə qarşı qaldırmaq Paşinyan iqtidarı üçün elə də böyük problem yaratmayacaq. Ümumiyyətlə, bu gün Paşinyan üçün problem yaradan və gələcəkdə onun üçün təhlükəyə çevrilə biləcək əsas amillərdən biri Serj Sarkisyana bağlı hərbçilərdir. Bildiyiniz kimi, bu hərbçilər həm Ermənistan Müdafiə Nazirliyində, həm də Qarabağ ərazisində mövcud olan hərbi xuntadan ibarətdir. Buna görə də artıq orduda bu yöndə təmizləmələrə başlanılıb. Belə ki, yeni müdafiə naziri təyinatından sonra baş qərargah rəisi dəyişdirildi və bu konteksdə artıq bir çox əsas strateji postlarda olan hərbçilər dəyişdirilməyə başlayıb. Hesab edirəm ki, eyni ssenarinin artıq Qarabağ cəbhəsinə də sirayət edəcəyi vaxt çox yaxındır. Ona görə də düşünürəm ki, Bako Saakyan hakimiyyətdən devrildikdən sonra növbə yerli hərbi xuntaya da gələcək. Fikrimcə, Paşinyan höluməti özlərinə sadiq olacaq hərbçiləri həmin mövqelərdə yerləşdirəcək. Başqa cür Paşinyan Dağlıq Qarabağdan əmin ola bilməz. Çünki bu insanların böyük əksəriyyəti Dağlıq Qarabağda narkotik plantasiyaları və silah satışına nəzarət edirlər. Onlar burdan qazanılan böyük pulların bir hissəsini isə bilavasitə Moskvaya - öz ağalarına ötürürlər. Ona görə də bu hərbçilər Rusiya ilə bağlı olduğu üçün Paşinyan onları tamamilə hərbi sistemdən silməlidir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti