8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ceyms Koyl
"The Hill” (ABŞ)
Dünyanın iyulun 16-a planlaşdırılan Tramp-Putin Helsinki sammitinə intizarına baxmayaraq, ABŞ və Rusiya arasında mühüm məsələlərə dair razılıq əldə ediləcəyi imkanları kövrəkdir. Doğrudur, milli təhlükəsizlik məsləhətçisi Con Bolton narahatlığa əsas görmür. Deyir ki, zirvənin uğuru nəticələrdən asılı deyil. Başqa sözlə, müvəffəqiyyət heç bir ölçüləbilən nailiyyətlə deyil, yalnız proseslə qiymətləndirilir. Bu, dünyaya daha çox Vaşinqtonun baxışıdır.
Rusiyanın 2016 seçkilərində müdaxiləsi gündəmdə olmayacaq. Donald Tramp dəfələrlə heç bir müdaxilənin baş vermədiyinə inandığını bəyan edib. CIA, FBI, NSA və Milli Kəşfiyyat direktoru daxil olmaqla, dörd əsas xüsusi xidmət rəhbərinin yekdil qərarına müxalif olmaqla. O, fakt olaraq Rusiyanın dövlət başçısı Vladimir Putinin müdaxilə etməmə barədə sözlərini misal gətirir.
2015-ci ilə dair Rusiya Milli Təhlükəsizlik Strategiyasında Putin Birləşmiş Ştatları Rusiyanın düşməni olaraq təyin edib. Tramp açıq düşmənin ehkamını öz hökumətinin sözü kimi qəbul edir.
Digər məsələlər də həll olunmalıdır, amma Amerika və Rusiyanın dünya miqyasında hədəfləri qarşılıqlı şəkildə bir-birinə ziddir.
Birləşmiş Ştatlar Suriyada prezidenti Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılmasını istəyir, Rusiya isə Əsəd hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə müdaxilə edib.
İranda Birləşmiş Ştatlar nüvə razılaşmasına dəstəyi geri götürüb, mollaların iqtidarını təcrid etməyə ümidlidir. İranın xarici işlər naziri Cavad Zərif isə bildirib ki, "İran və Rusiyanın regional məsələlərlə bağlı mövqeləri bir-birinə çox yaxındır”. 2017-ci ilin noyabrında Tehrana səfəri zamanı Putin Rusiya-İran münasibətlərinin "çox məhsuldar” olduğunu bəyan edib. İranın hərbi rəhbəri Məhəmməd Baqiri iki ölkə arasında yaxın hərbi əlaqələri təsdiqləyib.
Ukraynaya gəlincə, prezident Tramp Rusiyanı G7-yə geri çağıraraq, sanksiyaların zəiflədilməsini nəzərdə tutub. Bunu Kremldə alqışlamaq olar, çünki Rusiya öz təcavüzünə görə minimum zərər görəcək.
Müharibə zolağında, Rusiya ilə sərhəd boyunca ABŞ sülhməramlıları görmək istəyir. Putin bu tədbirə qarşı çıxarkən, sülhməramlıların yalnız Ukrayna ordusu və üsyançı qüvvələri ayırmalı olduğunu bildirir – bu halda, üsyançı bölgələr Moskvaya güvənərək müstəqil qalacaq.
Regionda baş verən digər münaqişələr də – Moldova, Gürcüstan, Azərbaycan – Ağ Evin radarına düşüb.
Türkiyədə Rusiya "S-400” raketlərini satmaqla yanaşı, qaz kəmərləri və nüvə stansiyalar inşa edir. ABŞ əksinə, "F-35” döyüş təyyarələrinin Türkiyəyə satışını ləğv etməyə çalışır.
Yaxın Şərqdə Tramp administrasiyası İsrail-Fələstin sülhü üçün bir plan təklif edir. Moskvaya səfər edən "HƏMAS” səlahiyyətliləri rusların Amerikan sülh planına qarşı çıxmasına dair razılaşdıqlarını bildirib.
Əlbəttə, ikitərəfli əlaqələrə ən yaxşı ümid – Rusiya prezidentinin Trampın Şimali Koreya prezidenti Kim Dzyan (Çen) Inla görüşünü dəstəkləməsidir. Rusiya Sinqapur zirvəsini tərifləsə də, gələcək ABŞ-Şimali Koreya danışıqlarının dəliyinə diplomatik açarını salmağa başlayıb.
Putinin sözlərinə görə, Kimin nüvə silahını təslim etməsindən qabaq Şimali Koreyanın "mütləq təhlükəsizlik zəmanəti” olmalıdır. Şimali Koreya və Çin rəsmiləri ilə görüşdə, Rusiyanın Şimali Koreyanın müvəqqəti addımlar atma qabiliyyətini məhdudlaşdırmağa çalışdığı görünür. Çünki Rusiya NATO-nun qərb sərhədində genişlənməsinə qarşı çıxarkən, şərqə üz tutan Amerikadan məmnun olmayacaq.
Amerika Venesuela rəhbərliyinə sanksiyalar tətbiq etməklə, onu antidemokratik yoldan döndərmək üçün təzyiq etməyə çalışır. Ancaq Rusiya Venesuelanı dəstəkləməyə davam edir. Prezident Nikolas Maduronun iki rus məsləhətçisi var: Denis Drujkov və Fyodor Boqorodski; onlar venesuelalılara "Petro” kripto valyutasını tətbiq etməyə kömək edib. "Time” jurnalının məlumatına görə, Putin şəxsən Venesuelanın Amerika sanksiyalarından yayınmasına kömək etmək üçün əməliyyat planına imza atıb.
Şimali, cənub, şərq və ya qərb, fərq etmir, Amerika və Rusiyanın mövqeləri üst-üstə düşmür. Ümid etmək qalır ki, iki supergüc gərginliyi azaltmaq üçün ortaq təməl tapacaq, amma kompromisə ümid azdır.
Tərcümə: Strateq.az