"Dövlət bunu jurnalistlərə edirsə, onların qələminə ehtiyac duyulanda susmamalıdırlar" — Deputat

"Dövlət bunu jurnalistlərə edirsə, onların qələminə ehtiyac duyulanda susmamalıdırlar" — Deputat

 

 

Milli Məclisin deputatı Jalə Əliyeva "Azadlıq Radiosu"na müsahibə verib.

Sozcu.info həmin  müsahibəni oxucularına təqdim edir:

– Jalə xanım, «Freedom House» təşkilatı son hesabatında Azərbaycanı növbəti dəfə «qeyri-azad ölkələr» sırasına salıb, prezident İlham Əliyevin adı Rusiya dövlət başçısı Vladimir Putinin adı ilə yanaşı çəkilir, hər ikisinin də siyasi azadlıqlarıboğduqları, opponentlərini təqib etdikləri, sıradan çıxardıqları deyilir. Siz hesabatdakı tənqidi fikirlər haqda nə düşünürsünüz?


– İlk dəfə deyil bəzi Qərb dairələrinin bu cür ittihamlarıyla qarşı-qarşıya qalırıq. Təəssüflər olsun ki, «Freedom House» da həmin təşkilatlardan biridir. Davamlı olaraq Azərbaycanın əleyhinə qərəzli fikirlər irəli sürür və ölkədə söz azadlığının olmadığını, azadlıqların boğulduğunu iddia edirlər.

Düşünürəm ki, bu iddiaların cavabını elə Azərbaycanın özündə, mətbuata yaradılan imkanlarda, sayı 5 minə yaxın olan nəşrlərdə axtarmaq lazımdır. Bu gün virtual məkanda, internet səhifələrdə «Freedom House» və onlara bənzərlər tərəfindən Azərbaycanla bağlı irəli sürülən fikirlərin çox azad şəkildə ölkəyə daxil olmasında axtarmalıyıq. Əlbəttə, plüralist cəmiyyətdə bu kimi hallar normal qarşılanır.

Daxildə və onun xaricində çox səbirli, dözümlü, tolerant siyasət həyata keçirən bir ölkəyə qarşı bu şəkildə davamlı iddiaların səslənməsi ürəkaçan deyil. Mən ziyalı, vətəndaş kimi danışıram. Bu ölkənin ağını qoyub qarasını daha çox qabartmaq, buna diqqət çəkmək əsla vətəndaş mövqeyi deyil.


– Siz Azərbaycan hakimiyyətinin səbrindən, dözümündən danışdınız. Yanvarın 19-da Bakıda mitinq keçirildi və daha sonra çox sayda insan polisə çağrıldı, onlardan mitinqdə iştirak edib-etmədikləri soruşuldu, bəzilərinə təzyiqlər oldu. Bu halda Azərbaycanda toplaşmaq, ifadə azadlığından danışmaq mümkündürmü?


– Çox absurd vəziyyətlərlə qarşılaşırıq. Hər dövlət qanunla idarə olunur. Bu qanunlar olmasa, vətəndaş istədiyi şəkildə hərəkət etsə, axı, bu, düzgün olmaz, bu sivil yox, cəngəllik qanunları ilə yaşayan toplum ola bilər. Burda qeyri-adi nəsə axtarılmamalıdır. Dünyanın hər hansı ölkəsində iğtişaş varsa, əhalinin sabitliyini, əmin-amanlığı pozmağa yönəlik hərəkətlər varsa, təbii ki, dövlət qurumları maraqlanırlar, əlaqədar olurlar.

Düşünmürəm ki, bu məsələ böyüdülməlidir. Dövlət birinci növbədə hər bir vətəndaşının təhlükəsizliyini qorumaqda məsuldur. Ona görə bir qrup vətəndaşın şəhidlərimizin anım günündə diqqət çəkməyə çalışması, ümumi axını pozmağa çalışması, süni yolla həmin toplantıya maneə yaratması yanlış mövqedir. Kaş ki onu başqa vaxt etməyə çalışaydılar, bunun üçün ayrılan yerlər var, orda etməyə çalışaydılar. Hesab edirəm ki, digər vətəndaşların Şəhidlər Xiyabanına gediş-gəlişini rahat təmin etmək üçün müəyyən ölçü götürülməliydi.


– Jalə xanım, mitinq yanvarın 20-də yox, 19-da – bir gün öncə olmuşdu. Mitinq təşkilatçıları və ya orda iştirak edənlər ertəsi gün keçirilən aksiyaya necə mane ola bilərdilər?


– Ayın 20-də də axı, belə bir hazırlıq olmuşdu, səhv etmirəmsə. Ziyarət sadəcə yanvarın 20-də olmur, bir neçə gün qalmış başlayır, uşaqlarımız, vətəndaşlarımız borclarını yerinə yetirməkdən ötrü Xiyabana üz tuturlar. Yanvarın 19-u da o günlərdən biri idi. İmkan daxilində elan verilir, vətəndaşlardan xahiş olunur ki, mümkün olduqca, o yoldan keçməsinlər. Buna rəğmən belə davranış şəhidlərimizin ruhu qarşısında bir o qədər ehtiramlı hadisə deyil.


– Söz azadlığından danışdınız. Bu günlərdə YAP-çı deputat Siyavuş Novruzov deyib ki, jurnalistlərə ev verilir, onlar da təhqir yazanlara cavab verməlidir. Sizcə, bu hakimiyyətlə bəzi – hakimiyyətdən ev alan media mənsubları arasında sövdələşmənin, öhdəliyin açıq bəyanı deyilmi? Bu halda hakimiyyətin KİV-lərəqayğısından danışmaq olarmı?


– Əvvəla, bu sualın birinci hissəsi ilə bağlı hörmətli həmkarıma müraciət etsəniz yaxşıdır. Mən dəqiq bilmirəm o, fikrini bu şəkildəmi ifadə edib və ya ifadə edibsə, deməli, arxasında bir fikir var. Mən Siyavuş müəllimin dediklərini şərh etmək istəmirəm, əlbəttə. Amma o, həmin sözləri o mənada demiş ola bilər ki, bu gün Azərbaycan dövləti, hakimiyyəti həqiqətən jurnalistlərə çox böyük diqqət, qayğı göstərir. Onlara binalar inşa edilir. Qarşılıqsız mənzillər verilir. Bunları sadalamağa ehtiyac yoxdur.

Ola bilsin, həmkarım o mənada deməyə çalışıb ki, axı, dövlət sizin qayğınıza qalır, siz jurnalistlərin, o binadan ev alan jurnalistlərin şəxsində həm iqtidar, həm də digər qəzetlərin müxbirlərinin adı var, onlara da bu dövlətdən pay düşüb. Sırf insani baxımdan yanaşılıb. Axı, dövlət bunu siz jurnalistlərə edirsə, sizin köməyinizə, qələminizə ehtiyac duyulanda siz də susmamalısınız.

Burda söhbət tək jurnalistdən getməməlidir, hər bir vətəndaşdan getməlidir. Bir vətəndaş öz ailəsində dövlətin bu qayğısını, himayəsini görürsə, əlbəttə, o da bunun əvəzini, cavabını haradasa, nə vaxtsa verməlidir. Bu da onun mövqeyidir, prinsiplərə sadiqliyidir. Hesab edirəm, burda anormal bir şey yoxdur. Yəqin Siyavuş müəllim də həmin şəkildə fikrini ifadə etməyə çalışıb.


– Bu, təmənnalı münasibət deyil?


– Söhbət təmənnadan getmir. Bizim özümüzün yanaşmamızdan gedir, bir vətəndaş, insan kimi deyirik. Ailəmizdə uşaqlıqdan belə bir fikir təlqin olunur, biz ömrümüz boyu valideynlərimizə borcluyuq. Bəyəm valideyn bizə təmənna ilə xidmət göstərib, layla oxuyub? Yaxşı övladıqsa, özümüzü valideynə borclu sayırıq, onlar dünyasını dəyişəndən sonra da qarşılarında borcumuzu yerinə yetirməyə çalışırıq. Vətən də elə anadır. Ona görə məsələyə bu prizmadan yanaşıram. Oldu, çox sağ olun…



Oxşar Xəbərlər

Xəbər lenti