Prezident seçkilərinə start verilib?

 

İqtidar düşərgəsində qeyri-müəyyənlik hiss olunur

 

 


Prezident seçkilərinə bir ildən artıq vaxt qalsa da artıq bu prosesə start verilmiş saymaq olar. Çox maraqlıdır ki, hələlik müxalifətin bu prosesdə iştirak edib-etməyəcəyi məlum deyil. Müxalifətin prezident seçkilərinə qatılıb-qatılmayacağına növbəti saylarımızada aydınlıq gətirməyə çalışacağıq. Hələlik isə qeyd edək ki, prezident seçkiləri ilə bağlı əsas proseslər iqtidar düşərgəsində baş verir.

Dövlət başçısı İlham Əliyevin seçkilərdə yenidən iştirakı ilə bağlı hər-hansısa hüquqi məhdudiyyət yoxdur. Eyni zamanda dövlət başçısının reytinqi kifayət qədər yüksəkdir və onun seçkidə iştirakına da, qələbəsinə mane ola biləcək hər hansısa bir amil hazırda mövcud deyil. İqtidar düşərgəsindən səslənən fikirlər isə bir qədər fərqlidir.

Məsələn,  Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, Aydın Hüseynov "Report”a müsahibəsində bəyan edib ki, Prezidentliyə namizəd Yeni Azərbaycan Partiyasının qurultayında müəyyənləşir. Nizamnaməyə uyğun olaraq qurultay 2018-ci ildə keçiriləcək.

Deputat daha sonra bildirib ki, "Azərbaycan xalqı birmənalı olaraq bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etməsini istəyir və buna alternativ görmür.

Hakim partiyanın rəhbərliyinə daxil olan deputat birmənalı şəkildə deyir ki,növbəti seçkilərdə YAP-ın yeganə namizədi prezident İlham Əliyevdir.

Ancaq ondan fərqli olaraq Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov Birinci vitse-prezident Mehriban xanım Əliyevanı da prezident olmağa layiqli insan hesab edir. Aydın Hüseynovdan fərqli olaraq Eldar İbrahimov növbəti seçkilərdə hakim partiyanın namizədinin Mehriban xanım Əliyevanın da namizəd ola biləcəyinə işarə edib. Eldar İbrahimov belə də deyib ki, Yeni Azərbaycan Partiyası rəhbərliyi məsləhət bilsə, Mehriban xanım Əliyeva Azərbaycan prezidentliyinə namizəd ola bilər.

Qeyd edək ki, bir qədər əvvəl isə Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov son müsahibəsində Mehriban xanım Əliyevanın seçkilərdə iştirak etməsinə çox müsbət baxdığını və Birinci vitse-prezidentin namizədliyi üçün bütün dəstəyi verməyə də hazır olduğunu bəyan edib. Sabiq prezident bəyan edib ki, Mehriban xanımın namizədliyi irəli sürülərsə, onun Prezident seçilməsinə dəstək üçün açıq şəkildə mətbuatla xalqa müraciət edə bilər.

İqtidar düşərgəsindən səslənən bu fikirlərə politoloq Xəqani Cəfərlinin mövqeyini öyrəndik. Politoloq ilk öncə onu qeyd etdi ki, istər Aydın Hüseynov, istərsə də Eldar İbrahimov iqtidarın qərarlarına təsir etmək gücü olmayan adamlardır. Buna görə də, Aydın Hüseynov və ya Eldar İbrahimovun prezidentliyə namizədliklə bağlı fikirlərinin ciddi önəmi yoxdur. Sabiq prezident Ayaz Mütəllibova gəlincə, bu şəxs mövcud hakim dairənin siyasətinin müəyyən olunmasına heç bir təsiri olmayan adamdır.

Hakim partiyanın namizədinin kim ola biləcəyinə dair sualımıza cavab olaraq politoloq X.Cəfərli bəyan etdi ki, YAP-ın namizədi qarşıdakı altı ayda postsovet məkanında və Azərbaycanda baş verən proseslərdən asılı olacaq. Dövlət başçısı İlham Əliyevlə yanaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da YAP-ın namizədi olmaq şansını yüksək qiymətləndirən politoloq X.Cəfərli hesab edir ki, hətta Mehriban xanım növbəti prezident olsa belə, bu İlham Əliyevin siyasi səhnədən tam çəkilməsi demək olmayacaq.

Həqiqətən politoloqun fikirləri ilə razılaşmamaq mümkün deyil. Əgər növbəti prezident İlham Əliyev deyil Mehriban xanım Əliyeva olsa, bu İlham Əliyevin siyasətdən tam çəkilməsi demək olmayacaq. Əksinə, İlham Əliyev siyasi qərarların qəbulunda söz sahibi olan iki əsas şəxsdən biri olaraq qalacaq. Buna görə də növbəti seçkilərdə hakim partiyanın namizədinin kim olacağından asılı olmayaraq ciddi dəyişiklik gözlənilmir. Ən azından bu dəyişikliklər üçün bu gün sosial sifariş yoxdur. Əgər, sosial sifariş olarsa bu zaman həmin dəyişikliklər gündəmə gələ bilər.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti