Prezident İlham Əliyevin Qoşulmama HərəkatınınƏlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatında”çıxışı

Qoşulmama Hərəkatı (QH) heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı hesab olunur. 1955-ci ildə İndoneziyada keçirilən Bandunq konfransında prinsipləri işlənib hazırlanan QH –nın Birinci Sammitinin hazırlıq mərhələsi 1961-ci il 5-12 iyun tarixlərində Misirin Qahirə şəhərində keçirilmişdir. 1961-ci ildə Yuqoslaviyanın Belqrad şəhərində 25 ölkə başçısının iştirakı ilə Yuqoslaviya prezidenti İosif Broz Tito, Hindistanın ilk baş naziri və prezidenti Cəvaharial Nehru, Misir prezidenti Camal Abdel Nasir, İndoneziya prezidenti Sukarno, Qananın ilk baş naziri və prezidenti Nkrume Kvamenin təşəbbüsü ilə yaradılmışdır. “Qoşulmama Hərəkatı” istilahı ilk dəfə olaraq 1976-cı ildə Hərəkatın 5-ci konfransında qüvvəyə minmişdir. QH, BMT təşkilatı üzvlərinin təxminən 2/3, dünya əhalisinin 55 faizini təşkil edir.
Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul edilmişdir.  Azərbaycanın sədrliyi dövründə bu qurumun qlobal çağırışlarla bağlı mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək dəyərləndirilir. Ölkəmiz Qoşulmama Hərəkatına üzv olduğu və bu nüfuzlu təsisata sədrlik etdiyi dövrdə təşkilatın prinsiplərinə sadiqliyini daim nümayiş etdirib. Dövlətimizin başçısı çıxışlarının birində bu barədə deyib: “Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir”                    Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürmüş və yenidən yekdil qərarla sədrliyimiz 1 il daha uzadılmışdır. Bu, ölkəmizə olan inam, etibar eyni zamanda rəsmi Bakının bütün dünya üçün təhlükəsaçan pandemiya ərəfəsində yüksək səviyyədə fəaliyyətinin nəticəsi idi.
Azərbaycan sədrliyinin koronavirus(COVİD-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq,ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Əlbəttə bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı,qətiyyəti və siyasi iradəsi də mühüm rol oynadı. Bu dövrdə Azərbaycan qlobal liderlik rolunu öz üzərinə götürdü,qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı  təbliğ edən ilk ölkələrdən oldu. Belə ki,məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Belə ki, 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi ideyasını reallaşdırdı. Bundan başqa, Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazasının yaradılmasına dəstək göstərdi. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edib. Bütün bunlarla bərabər, Azərbaycan “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını vurğulayıb, eyni zamanda, bu cür məsələnin beynəlxalq diqqəti çəkməsi məqsədilə respublikamız BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün dövlətlərin peyvəndlərə bərabər və universal çıxışının reallaşmasına dair qətnamə irəli sürüb və həmin qətnamə yekdilliklə qəbul edilib.
Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər gedir. İnstitusional davamlılığa doğru atılan bu addımlarla növbəti sədrlərə mütləq uğurlu bir miras qoyulacaqdır.
Bu ilin martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da artmasından xəbər verir. Bu tədbirin beynəlxalq gücü və mötəbərliyi 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, baş nazirlərin, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlərin və s. rəsmi statusa malik vəzifəli şəxslərin burada iştirakı da göstərir. Azərbaycan Qoşulmama Hərəkatının inkişafına və beynəlxalq arenada onun nüfuzunun artmasına uğurlu töhfələr verir. Çox müsbət haldır ki, demək olarq ki, bütün çıxışçılar Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyinə görə Prezident İlham Əliyevə və Azərbaycana minnətdarlığını bildiriblər. Zirvə görüşündə postpandemiya dövründə qlobal əməkdaşlığın, xüsusilə gənclər üçün lazımi şəraitin yaradılmasının və onların arasında əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb. Bunun üçün institusional tədbirlərin görülməsinin önəmli olduğu qeyd edilib. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən bir sıra təşəbbüslər irəli sürlüb. Bunlardan Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edən Parlament Şəbəkəsinin yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü qeyd etmək yerinə düşər. Həmçinin Azərbaycanın gənclərlə iş sahəsində – 2022-ci ilin iyulunda Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi və Hərəkatın Gənclər Şəbəkəsinin təsis olunması ilə bağlı təşəbbüsləri də təqdirəlayiqdir.
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə yuxarıda qeyd edilən məsələlərlə yanaşı Azərbaycan tərəfindən edilən yardımlar mövzusuna da toxunulmuşdur.Cənab İlham Əliyev qeyd etmişdir ki, “Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik.Yuxarıda qeyd etdiyim mart sammitində mən, həmçinin Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdim. Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırdı.”
Görüşdə BMT –də ciddi islahatlar aparılmasının vacibliyi və BMT TŞ-da Qoşulmama Hərəkatına bir daimi yer verilməli olduğu vurğulanmışdır. Həmçinin bildirilir ki, riyakar və ikili standart yeridən, tarixən müstəmləkəçi və sayısız cinayət səbəbkarı olan dövlətlər öncəliklə öz ölkələrindəki narahatedici meyllərlə mübarizə aparmalıdırlar.
Görüş zamanı İlham Əliyev Azərbaycanın haqlı davasına da toxunmuş, bildirmişdir ki, Qoşulmama hərəkatına üzv olan ölkələr işğal zamanı  və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. 2020-ci və 2022-ci illərdə Qoşulmama hərəkatı ölkələri BMT TŞ-da Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını alıblar.

Mahru Rəcəbova
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}