Şabran rayonunda 39 kilometrlik yol yenidən qurulur

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda bu il iki layihə həyata keçiriləcək.

Agentlikdən verilən məlumata görə, 39 km uzunluğa malik və IV texniki dərəcəyə uyğun yenidən qurulan Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolu Şabran həyata keçirilməsi planlaşdırılan layihələrdən biridir.

Uzun müddət istismar olunması və əsaslı şəkildə təmir olunmaması yol boyu 8 yaşayış məntəqəsində yaşayan 11 mindən çox əhalinin gediş-gəlişini xeyli çətinləşdirirdi. Məhz bu nəzərə alınaraq sözügedən yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətli yenidənqurma işlərinə start verilib.

Layihə çərçivəsində hazırda yol boyu yararsız qrunt 1-3 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə yararlı material verilərək əks-dolğu işləri aparılır və 10 metr enində yeni yol yatağı inşa olunur. Həmçinin tikinti işləri zamanı yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədi ilə 35 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə aparılır.

Yol boyu süni qurğularda 24 metr uzunluqlara malik 2 avtomobil körpüsünün və 1 dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası, ardınca asfaltlanma işlərinin aparılması planlaşdırılır. Yeni asfalt-beton örtük 2 laydan ibarət olmaqla və yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla ümumilikdə 230 min kvadratmetrdən çox sahəyə döşənəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tikinti işlərindən sonra yol boyu nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili məqsədi ilə zəruri yol nişanlarının və məlumatverici lövhələrinin quraşdırılmasını, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işlərini aparacaq.

39 km-lik Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolunda tam müasir yol infrastrukturunun yaradılması yük və sərnişin daşımasını asanlaşdıracaq, vətəndaşların Şabran rayon mərkəzinə, burdan isə M1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını tez bir zamanda və xarab olmadan istər qonşu rayonlarının, istərsə də paytaxt Bakının bazarlarına daşınmasına imkan yaradacaq.

Qeyd edək ki, Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolu rayon ərazisində bu il reallaşdırılması nəzərdə tutulan iki layihədən biridir. Hər iki layihənin icrası 13 yaşayış məntəqəsinin 17 mindən çox əhalisinin yüksək keyfiyyətlə yenidən qurulacaq 65 km avtomobil yolundan rahat şəkildə istifadə etməsinə imkan yaradacaq.




Oxşar Xəbərlər

Xəbər lenti