QƏDİM FÜZULİ BU GÜN

İşğaldan azad olunmuş tarixi ərazilərimizdən biri də Füzuli rayonudur. Bu gün Füzuli rayonu özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, təşəbbüsü ilə işğaldan azad edilmiş bütün bölgələrimizdə olduğu kimi, Füzuli rayonunda da böyük tikinti-quruculuq və bərpa işləri həyata keçirilir. 
Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci il qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 
İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmri ilə baş tutmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsiişğaldan azad edilmişdir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Digər sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi “Füzuli Şəhəri Günü kimi qeyd olunmuşdur.
Dövlət başçısı  2021-ci il yanvarın 15-də Şuşa və Füzuliyə səfər edərkən Füzuli-Şuşa avtomobil yolunun və Füzuli Beynəlxalq Hava Limanının layihələrinə də start vermişdir. Həmin il oktyabrın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə hava limanının açılış mərasimi baş tutmuşdur. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın və digər bölgələrimizin, eyni zamanda, dünya ilə əlaqələrinin daha genişləndirilməsinə imkan verəcək. Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu olan "Zəfər yolu"nun çəkilməsi qürurverici amillərdəndir.
Müharibə dövründən ağır itkilərlə çıxan Füzulinin son bir neçə il ərzində görkəmi tamamilə dəyişib, yenilənib. Görülən məqsədyönlü tədbirlər nəticəsində müharibənin ağır fəsadları demək olar ki, tamamilə aradan qaldırılıb. Rayonun ən ucqar kəndlərində belə infrastrukturun yenilənməsi, yeni salınmış qəsəbələrin qaz, işıq, su ilə təmin olunması, qəsəbə və kəndlərə yüksək keyfiyyətli yeni yolların salınması əhali tərəfindən razılıqla qarşılanır. Bir müddət öncə dövlət başçısının sərəncamı ilə Zobucuq adlanan ərazidə 2104 ailəlik 5 qəsəbə salınıb. Təmiz havası, saf suyu, yaşamaq üçün normal şəraiti olan həmin qəsəbələrdə məktəb, tibb məntəqəsi, klub, kitabxana, müxtəlif xidmət sahələri var. Əhali onlara göstərilən xidmətdən razıdır. Onlar bütün bunlara görə, Prezident İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirirlər. 
Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi.
Kərəm Mehdiyev                                                                                 Suraxanı rayonu, N.Rəfiyev adına 104 N-li tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti