Dünən, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.
Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir».
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
2001-ci il 9-10 noyabrda Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.
Müstəqil dövlətin yaranması, formalaşması üçün zəruri olan amillərdən biri də həmin dövlətin ərazisində məskunlaşmış xalqın və ya xalqların vahid ideologiya ətrafında birləşməsi, bu ideologiyanın əsaslarını özləri üçün qəbul etmələridir.
Tarixin bütün dönəmlərində çətinliklərlə üzləşmiş, ən ağır sınaqlara düçar olmuş Azərbaycan xalqı da zaman-zaman bu cür dolanbaclı, taleyüklü məqamlarla üz-üzə dayanıb. Lakin milli birliyi, kökünə, milli-mədəni xüsusiyyətlərinə bağlılığı Azərbaycan xalqının tarixin ağır sınaqlarından üzüağ çıxmasına yardım edən başlıca amillərdən olub. Zaman-zaman ölkəmizə, torpaqlarımıza göz dikən yadellilərə, xalqımıza qənim kəsilən düşmənlərə qarşı mübarizədə xalqımızı əyilməz edən, ayaqda saxlayan milli birlik, həmrəylik, qarşılıqlı yardımlaşma olub. Təbii ki, birliyin formalaşması və davamlı olması üçün hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi duymalı, milli dəyərlərimizin, ənənələrimizin yaşadılmasında maraqlı olmalıdır.
Yusif İbrahimov
Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Sozcu.info