8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İmtahanların gedişinə nəzarət edə bilmək üçün sadəcə "Açıq qapı”dan içəri baxmaq kifayətdir
Sumqayıt Dövlət Universitetində "Açıq qapı” günlərinin keçirilməsi artıq bir neçə müddətdir ki, ənənə halını almışdır. Bunda əsas məqsəd isə, universitetdə aparılan tədris prosesinin və ilk növbədə əlbəttə ki, imtahanların şəffaflığını, tələbələrin elmi biliklərinin qiymətləndirilməsində obyektivliyi təmin etməkdir.
SDU-da 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına dair növbəti belə "Açıq qapı” günü dünən, yanvar ayının 22-də keçirildi. Hər zaman olduğu kimi, bu dəfə də tədbirdə universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, Qeyri-Hökumət Təşkilatları və KİV nümayəndələrinin iştirakı təmin olunmuşdu. O cümlədən, təmsil etdiyimiz "Yeni Sözçü” qəzetinin əməkdaşı Anar Abbasov da SDU-da keçirilən "Açıq qapı” günündə iştirak etmiş və bu nəzarət mexanizminin effektivliyinin birbaşa şahidi olmuşdur. Əməkdaşımız deyir ki, tələbələrin bilik səviyyəsinin yüksəldilməsi, ixtisaslara dərindən yiyələnməsi SDU-nun rektoru professor Elxan Hüseynovun daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. O cümlədən universitetdə imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı məqsədyönlü tədbirlər aparılır. Həmçinin əməkdaşımız qeyd etdi ki, imtahanlar zamanı daxil olan şikayətlərin operativ araşdırılması, vaxtında həll edilməsi məqsədi Təhsil naziri cənab Ceyhun Bayramovun müvafiq əmrinə əsasən universitetdə imtahan qərargahı fəaliyyət göstərir. Eyni zamanda da universitetin əməkdaşlarından ibarət rəsmi qaydada təyin olunmuş qeyri-ixtisasdan olan nəzarətçilər və imtahan rəhbərləri tərəfindən imtahanların gedişinə ciddi nəzarət edilir. Əməkdaşımız "Açıq qapı” gününün digər iştirakçıları ilə birlikdə bilavasitə imtahan prosesini müşahidə etmiş, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanmışdır. Bu məqsədlə əməkdaşımız bəzi tələbələrlə həmsöhbət olmuş, onlara müvafiq suallar ünvanlamışdır. Tələbələr imtahanların gedişindən razı qaldıqlarını bildirmiş, şəffaflıq və obyektivliyin tam təmin edildiyini təsdiq etmişlər.
Bu gün Sumqayıt Dövlət Universitetində imtahanlarda şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə tətbiq edilən yeniliklərdən biri də aldıqları qiymətdən narazı qalan tələbələrə həmin qiymətləri yüksəltmək imkanının verilməsi ilə bağlıdır. Belə ki, Elmi Şuranın müvafiq qərarı ilə, imtahanda aldıqları qiymətdən narazı qalan tələbələr xüsusi yaradılmış apelyasiyasına müraciət edərək, həmin fəndən şifahi dialoq və ya test formasında təkrar qiymətləndirmədən keçə bilərlər. Ən maraqlısı da budur ki, təkrar qiymətləndirmə zamanı tələbənin qiyməti yalnız yüksələ və ya dəyişməz qala bilər. Yəni, əgər tələbə,hətta imtahanda olduğundan daha zəif cavab verərsə belə, onun ilkin aldığı qiymət artıq heç bir halda aşağı salınmayacaq.
Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov nümayəndə heyəti ilə imtahanların gedişini izləmək üçün Tədris Metodik Mərkəzdə, auditoriyalarda, yazı işlərinin kodlaşdırılması otağında oldular. Şura üzvləri imtahan bitdikdən sonra yazı işlərinin şifrələnməsi, müəllimlərin imtahanın nəticələrini yoxlamaları prosesini də izlədilər və bu proseslərdə obyektivliyin şahidi oldular. Eyni zamanda qonaqlarmüasir avadanlıqlarla təchiz edilmiş laboratoriya və zəngin elektron kitabxanada oldular.
Həm də bütün bu proseslərdə obyektivliyin təmin olunması üçün, imtahanların gedişinə universitetin rektoru professor Elxan Hüseynov şəxsən özü nəzarət edir.
Yeri gəlmişkən, Sumqayıt Dövlət Universitetində əməkdaşımız Anar Abbasovun diqqətini cəlb edən daha bir məqam olmuşdur ki, bu da həmin ali təhsil ocağında qocaman pedaqoqların zəngin təcrübə və elmi potensiallarından tam səmərəli şəkildə istifadə olunması ilə bağlıdır. Bildiyimiz kimi, Azərbaycanda bir çox ali məktəblərdə 70 yaşından sonra müəllimlər artıq yarımştat statusunda çalşmağa davam edirlər. Bu isə təbii ki, daha səmərəli fəaliyyət üçün stimul kimi qəbul edilə bilməz. Lakin Sumqayıt Dövlət Universitetində əksinə, daha çox dünyanın aparıcı universitetlərinin təcrübəsindən yararlanaraq, qocaman müəllim və professorların daha məhsuldar işləmələri üçün müvafiq şərait yaradılır və onların potensiallarından həm tələbələr, həm də öz həmkarları maksimum yararlanırlar.
A.Rövşənoğlu,
"Yeni Sözçü"qəzeti