DÖVLƏTİN MİLYONLARINI TALAYANLAR… – Hesablama Palatasının açıqlamasına niyə reaksiya verilmir?

DÖVLƏTİN MİLYONLARINI TALAYANLAR…

 

Nazim Bəydəmirli: "Açıqlanan 75 milyon səmərəsiz xərcləmələrin heç onda biri deyil”

Əkrəm Həsənov: "Hesablama Palatası müraciətləri Baş Prokurorluğa yox, elə Dövlət Təhlükəsizlik Xidmətinə göndərsin”

Dünən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında bildirib ki, 2019-cu ildə Azərbaycanda büdcə xərclərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab olunur. Həmin xərclər 75 milyon manat məbləğində qiymətləndirilib.

"Səmərəsiz xərclər il ərzində ayrılan vəsaitin vaxtında istifadə edilməməsi, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalması, daha az xərclə alına biləcək mal və xidmətlərin alınmaması, dövlət vəsaitinin istifadəsi zamanı dövlət alışları üzrə bağlanmış müqavilələrin münasib şərtlərinin seçilməməsi, dövlət proqramlarında müəyyən edilmiş hədəflərə nail olunmaması (və yaxud qismən nail olunması) ilə bağl xərclərdir. Hesab edirik ki, bu sahədə nəzarətin gücləndirilməsi üçün büdcə qanunvriciliyində qeyri-effektiv planlaşma və yaxud qeyri-effektiv xərcləmə kimi anlayışların tanınmasına və buna uyğun məsuliyyətin müəyyən edilməsinə ciddi ehtiyac var”,- deyə Palata sədri qeyd edib.

Hesablama Palatasının sədri V. Gülməmmədovun açıqlamasında səmərəsiz xərclərin 75 milyon manat olduğu qeyd olunsa da, heç bir qurumun adının açıqlanmaması və konkret hansı qurumun dövlət büdcəsindən ayrılan nə qədər vəsaiti səmərəsiz xərcləməsi məlum deyil. Əslində,  dövlət büdcəsi xalqa məxsus olduğu üçün büdcədən ayrılan hər bir manatın şəffaf hesabatı olmalıdır. Amma təəssüf ki, bizdə hələ şəffaf sözü elə söz olaraq qalır. Nəinki Hesabalama Palatası, əksər dövlət qurumları şəffaf hesabat vermir.

V. Gülməmmədov "bu sahədə nəzarətin gücləndirilməsi üçün büdcə qanunvriciliyində qeyri-effektiv planlaşma və yaxud qeyri-effektiv xərcləmə kimi anlayışların tanınmasına və buna uyğun məsuliyyətin müəyyən edilməsinə ciddi ehtiyac var” deyir. Belə çıxır ki, elə indiyə kimi bu sahəyə zəif nəzarət olub deyə, dövlət qurumlarının rəhbərləri, nazirlər, məmurlar büdcə vəsatini talayıblar. Əslində, nəzarətin zəif olduğu ortadadır,  yoxsa varidatı miyonlar, hətta milyardlarla ölçülən nazirlər, məmurlar hər kəsdən fərqlənməzdilər.

"Hesablama Palatası Azərbaycanda "dişsiz” qurumlardan biridir”

Diaspor sədri sirri açdı: keçmiş deputat Bəydəmirli SSRİ DTK-nın ...

Hesablama Palatasının sədri V. Gülməmmədovun açıqlamasına münasibət bildirən keçmiş deputat Nazim Bəydəmirli Hurriyyet.org-a deyib ki, Hesablama Palatası Azərbaycanda "dişsiz” qurumlardan biridir: "Çox təəssüf edirəm ki, müxtəlif anlayışları qarışdırırlar. Əslində, Hesablama Palatası haqqında qanun özü dəyişdirilməlidir, onun səlahiyyətləri artırılmalıdır. Mən burada günahı heç onlarda da görmürəm. Əslində, Hesablama Palatası haqqında qanunda belə yazılır, yəni özlərinin təşəbbüsü ilə olunan hər hansı bir yoxlamanı edə bilməzlər. Mərkəzi icra hakimiyyəti icra orqanlarını nəzərdə tuturam, heç birini yoxlaya bilməzlər. Adətən onların yoxlanışları o dövrlərə təsadüf edir ki, həmin qurumun rəhbərini ya işdən çıxardırlar, ya da başqa yerə göndərilir. Belə demək  olarsa, "gözdən düşür”. Milli Məclisə tabe olan qurum olaraq bu qurum əslində, büdcədən ayrılan vəsaitlərin səmərəli xərclənməsinə birbaşa cavabdeh qurumlardan biridir. Ancaq açıqlanan 75 milyon gözlə görünən səmərəsiz xərcləmələrin heç onda biri deyil. Azərbaycanda mənimsəmlərin əsasən obyekti dövlət əsaslı vəsait qoyuluşlarıdır. Dövlət əsaslı vəsait qoyuluşları müxtəlif qurumlar tərəfindən həyata keçirilir, hansılar ki, tenderləri keçirirlər və sifarişçidirlər. Məlum olur ki, o qurumların rəhbərlərinə yaxın olan şirkətlər, hansı ki, ailə üzvləri birbaşa iştirakçısı, təsisçisi və idarəçiləri olan şirkətlər dövlət tenderlərini udurlar və hər il bir neçə dəfə, həm büdcə qəbul olunan, həm də hesabat verilən zaman Hesablama Palatası müxtəlif rəy açıqlayır. Rəylər də dediyim kimi, növbətçi rəylər kimi qiymətləndirilməlidir. Əslində, ölkədə olan problemlər heç də Hesablama Palatasının professional olub-olmamağından irəli gəlmir. Yəni səlahiyyətləri yoxdur. Milli Məclisin sədrliyinin yaxud komitənin rəyi, tapşırığı olmadan Hesablama Palatası hətta Milli Məclisin deputatının sorğusunun əsasında yoxlama keçirə bilmir. Yəni belə bir nonses var”.

"Əsaslandırma gətirmək üçün bu qurum istifadə olunur”

"Bəs, belə bir səlahiyyətsiz qurumu niyə saxlayırlar” sualına N. Bəydəmirli belə cavab verdi: "Dediyim kimi, gözdən pərdə asmaq üçün, bir də ki, vurulmuş nazirləri yaxud çıxarılmış məmurların sonradan fəaliyyətinin "ağardılması”, yəni ona haqq qazandırmaq üçün ki, guya, bunlar belə mənimsəmələrlə məşğul idi. Yəni ona görə, bunlar çıxarılıb, işdən azad olunub. Əsaslandırma gətirmək üçün bu qurum istifadə olunur. Mən hesab edirəm ki, bu qurum tam yenilənməlidir. Ümumiyyətlə, Milli Məclisə son seçkilər də bir daha sübut etdi ki, Milli Məclis özü ictimai fikirdə legitim deyil, seçkidə total saxtakarlıqla seçildi. Onun da bir qurumu heç vaxt cəmiyyətdə söz sahibi ola bilməz. Yəni onun rəylərinə fikir vermək bir o qədər də lazım deyil”.

"Yoxlayıcı qurumların özləri korrupsiya ilə məşğul olan qurumlardır”

 Bəydəmirlinin sözlərinə görə, Hesablama Palatası adətən rəylərini hüquq-mühafizə orqanlarına, əsas Baş Prokurorluğa göndərir:"Bir birinə ötür-ötürlə həmin qurumlarda növbəti rüşvət yığımı baş verir. Yəni birmənalı olaraq yoxlayıcı qurumların özləri korrupsiya ilə məşğul olan qurumlardır, yoxlama qurumları daha çox korrupsiyalaşıb. Bu, maddi maraqlar üzərindən həyata keçirilir. Ona görə, mən cənab prezidentdən bir sitat gətirərəm ki, ( o zaman demişdi) Azərbaycanda yoxlamaların 90%-i maddi və merkantil maraqlardan irəli gəlir. Total korrupsiya olan yerdə yoxlamaların heç birinin ictimai fikirdə etibarlılığı yoxdur. Bu mənada Milli Məclisin özünün etibarlılığı ən aşağı səviyyədə olduğuna görə ictimai maraq doğurmursa, onların orqanın hər hansı bir fəaliyyəti də maraq doğura bilməz. Yəni inam, etibar qazana bilməz”.

"Hesablama Palatasının gördüyü işin nəticəsi yoxdur”

Borclu vətəndaşların sosial vəziyyəti yaxşılaşacaq” – Əkrəm ...

Hüquqşünas Əkrəm Həsənov da Hurriyyet.org-a Hesablama Palatasının sədrinin açıqlaması ilə bağlı öz fikirlərini bölüşüb: "Aydındır ki, Hesablama Palatası səmərəsiz xərclərlə bağlı özü ölçü götürə bilməz. Onun vəzifəsi odur ki, Baş Prokurorluğa bu bardə müraciət etməlidir, məlumatları Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərməlidir. Həmin idarə artıq araşdırma, istintaq aparmalıdır və bunun səbəblərini müəyyənləşdirməlidir. Yəni niyə belə olub? Bunu bilə-bilə edib? Kim edib? Təbii ki,  konkret şəxslər cəzalandırılmalıdır. Amma mən sizinlə razıyam ki, indiyə kimi Hesablama Palatası əvvəlki illərdə də belə hallar müəyyənləşdirib və mən bildiyimə görə, Baş Prokurorluğa müraciət edib, amma biz bunun nəticəsini görməmişik. Buna görə də Hesablama Palatası artıq belə müraciətləri Baş Prokurorluğa yox, elə Dövlət Təhlükəsizlik Xidmətinə göndərsin. Çünki praktika göstərir ki, həmin Xidmətin anti-korrupsion fəaliyyəti daha səmərəlidir, nəinki Baş Prokurorluğun. Belə çıxır ki, Hesablama Palatasının gördüyü işin nəticəsi yoxdur. Bəlkə də nəticə olub. Odur ki, bəlkə də hansısa bir məmura qarşı bir işə başlayırlar, amma bu özü də korrupsiya yolu ilə həll olunur”.

 "Mən təəccüblənirəm ki, niyə ad çəkilmir?”

Ə. Həsənov vurğuladı ki, heç bir idarənin, şirkətin toxunulmazlıq hüququ yoxdur: "Əslində,  o idarələrin, qurumların adları açıqlanmalıdır. Çünki o dövlət büdcəsinin, xalqın puludur, xalq da bilməlidir. Bəzən əvvəllər deyirdilər. Amma indi mən təəccüblənirəm ki, niyə ad çəkilmir? Çəkməlidirlər.  Büdcə vəsaitini səmərəsiz xərcləyənlər haqqında  mütləq ölçü götürülməlidir. Bu, korrupsiya cinayətləridir”.

"Qanunda çox şey nəzərdə tutmaq olar, amma heç olana da riayət etmirlər”

"Təbii  ki, "nəzarətin gücləndirilməsi üçün büdcə qanunvriciliyində qeyri-effektiv planlaşma və yaxud qeyri-effektiv xərcləmə kimi anlayışların tanınmasına və buna uyğun məsuliyyətin müəyyən edilməsinə ciddi ehtiyac var” fikri ilə razıyam, amma dövlət təşkilatları heç bu gün olan məsələlərə də riayət etmirlər. "Tutaq ki, "Dövlət satınalmaları haqqında” olan qanuna görə, hər bir dövlət qurumu illik planını dərc etməlidir. Dövlət satınalmaları haqqında orqanın internet saytında qeyd olunub. Bu, özü planlaşmadır da. Amma saytlarda yoxdur. Kim onu edir ki? Etmirlər. Qanunda çox şey nəzərdə tutmaq olar, amma heç olana da riayət etmirlər”,-deyə hüquqşünas əlavə etdi.

Şamo EMİN, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti