8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rahib Hüseynov bir sıra sirrlərin üstünü aça bilər
Ölkə mediasının əsas gündəm mövzularından biri "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Arif Əsgərovun rəhbərliyi dövründə QSC-də marketinq şöbəsinin rəisi olmuş, baldızı oğlu Rahib Hüseynovun həbsindən, eləcə də Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirililməsindən sonra yaranmış vəziyyətdir. Bu da səbəbsiz deyil. Çünki, Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilməsindən sonra Arif Əsgərov nazir müavini postunu itirib. Rahib Hüseynovun həbsi isə göstərir ki, üç il əvvəl üstü ört-basdır edilmiş cinayət işi indi yenidən gündəmə gəlməklə yanaşı bu iş üzrə artıq istintaq ilk həbslər də keçirib.
Qeyd edək ki, hələ üç il əvvəl də o zaman "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin marketinq şöbəsinin rəisi və eyni zamanda QSC-nin sədri Arif Əsgərovun ən yaxın adamı olan Rahib Hüseynovun 50-yə yaxın iş adamını aldadaraq onların, bəzi məlumatlara görə 48, bəzi məlumatlara görə isə 70 milyon manatını mənimsəməsi ilə bağlı cinayət işinin açılması haqqında məlumatlar mediada yer alsa da, rəsmi qurumlar məsələyə aydınlıq gətirməmişdilər. İndi isə "Yeni Sözçü” qəzetinin "Araşdırma Qrupu”nun əldə etdiyi təkzibedilməz məlumatlar göstərir ki, həqiqətən o zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi açılsa da, 2014-cü ilin fevralında istintaq hərəkətlərinə son verilib. Məlumata görə, o zaman şikayətçilərin əksəriyyətinin pulu qaytarılıb və onlardan şikayətçi olmadıqları haqqında ərizə alınıb. Pulu qaytarılmayanlara isə "yağlı” vədlər verilib və onlardan şikayətçi olmadıqları haqqında ərizə alınıb. Bundan sonra isə cinayət işinə xitam verilib. Ancaq verilən "yağlı” vədlərin reallaşmaması, Arif Əsgərovun yüksək vəzifəli dövlət rəsmisi kimi mövqelərini itirməsi istintaqın yenidən başlanmasına və üç il əvvəldən fərqli olaraq həbslərə səbəb olmasına imkan verib. Yeri gəlmişkən qeyd edək ki, bu dəfə cinayət işi Daxili İşlər Nazirliyinin başqa bir idarəsi, Baş istintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsi tərəfindən aparılır.
Arif Əsgərovun və onun hamisi sabiq nəqliyyat naziri Ziya Məmmədovun artıq təsir gücünün qalmaması istintaqın bu dəfə həqiqətləri üzə çıxaracağını söyləməyə imkan verir. Bu isə o deməkdir ki, DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsi tərəfindən aparılan cinayət işi bu dəfə nəticəsiz qalmayacaq. Hətta Arif Əsgərovun qohumlarının həbsi "Azərbaycan Dəmir Yolları” QSC-yə sıçrayacağı gözlənilir.
"Yeni Sözçü” qəzetinin "Araşdırma Qrupu”nun əldə etdiyi məlumatlar da göstərir ki, DİN Baş istintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsi tərəfindən aparılan cinayət ilə bağlı Arif Əsgərovun baldızı oğlanları Rahib İsmayıl oğlu Hüseynov və Emin İsmayıl oğlu Hüseynovun həbsi tezliklə "Azərbaycan Dəmir Yolları” QSC-yə sıçrayacaq. Məsələ ondan ibarətdir ki, Rahib Hüseynovun bəzi insanlardan külli miqdarda pul alması istintaqla təsdiqlənib. İstintaq onu da müəyyən edib ki, bu şəxslər çöx böyük məbləğli pulları Rahib Hüseynova bu şəxsin "Azərbaycan Dəmir Yolları” QSC-də aparıcı mövqe tutmasına görə veriblər. Belə ki, Rahib Hüseynov "Azərbaycan Dəmir Yolları”nın o vaxtkı sədri Arif Əsgərovun ən yaxın qohumu kimi QSC-nin mərkəzi aparatında yüksək vəzifəli şəxs olub. Rahib Hüseynovun Arif Əsgərovla ailə bağı olması "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində olan bəzi vəzifəli şəxslərin onunla əlbir olmasına səbəb olub. Məhz bu işbirliyi bəzi sahibkarları Rahib Hüseynova milyonlarla manat və ya milyonlarla ABŞ dollarını etibar etməsinə səbəb olub. Əldə etdiyimiz məlumata görə o zaman "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində olan bəzi vəzifəli şəxslərin adları da Rahib Hüseynovla bərabər cinayət işində keçib. Ancaq həmin vaxt cinayət işinə xitam verildiyi üçün buşəxslər mövqelərini qoruya biliblər.Məlumata görə, o zaman "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində Rahib Hüseynova ən yaxın şəxslərdən biri Tarif Siyasəti və Marketinq İdarəsində rəis müavini olmuş Hüsaməddin Məlikov olub. Hal-hazırba bu şəxsin "Azərbaycan Dəmir Yolları” QSC-nin Yük və Kommersiya şöbəsinin müdir müavini olması haqqında məlumatlar var. Hüsaməddin Məlikov həm də "Azərbaycan Dəmir Yolları” QSC-i sədrinin birinci müavini Əlirza Süleymanovla yaxın şəxs kimi tanınır. Qeyd edək ki, Əlirza Süleymanovla Arif Əsgərovun dostluğu hələ tələbəlik illərinə, onların hər ikisi Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda oxuduğu gənclik illərinə dayanır. Onları isə yalnız tələbəlik və eyni müəssisədə işləmək birləşdirmir. Arif Əsgərovla Əlirza Süleymanovu tez-tez eyni məkanda, "Yurd” restoranında görmək olar. Bəzi məlumatlı şəxslər "Yurd” restoranı Əlirza Süleymanova aid olduğunu iddia edirlər. Bu məlumatı araşdırmağa çalışacağıq. Hələlik isə qayıdaq DİN Baş istintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsi tərəfindən aparılan cinayət işi ilə bağlı məqamlara. Məlumata görə, Rahib Hüseynov xalasının həyat yoldaşı Arif Əsgərova mesaj göndərib ki, əgər üç əvvəl olduğu kimi onun azadlığa çıxmasını təmin edə bilməsə sahibkarlardan pulların hansı məqsədlə və hansı şəraitdə alınmasını açıqlayacaq. Bununla bağlı "Yeni Sözçü” qəzetinin "Araşdırma Qrupu”nun əldə etdiyi məlumata görə, Rahib Hüseynov "Azərbaycan Dəmir Yolları” QSC-nin tenderlərində iştirakı adı ilə yüz min manatlarla, bəzən isə isə bir neçə milyon manat və ya dollar pulunu aldığı sahibkarlara qiyməti on manat olan "Vertu” markalı mobil telefonu və Azerselin 211-lə başlayan telefon nömrəsini verib, təhlükəsizlik məqsədi ilə onunla ancaq bu telefondan danışmaları haqqında tapşırırmış. Məlumata görə, Rahib Hüseynov Novxanı kəndindəki dəbdəbəli bağ evində tez-tez ziyafətlər təşkiledirmişvə sahibkarları şirnikləndirmək üçün həmin tədbirlərə dəvət edirmişlər. Bu ziyafətlərdə "Azərbaycan Dəmir Yolları” QSC-nin idarə və şöbə müdirlərinin, eləcə Arif Əsgərovun oğlu Elnar Əsgərov, Cavid Qurbanovun oğlu Şəmşirli Şəmşir kimi yüksək vəzifə sahiblərinin övladlarının iştirakı sahibkarları gördükləri işin ciddiliyinə inandırmağa xidmət edirmiş. Məlumatlara görə, Rahib Hüseynovun bağ evindəki ziyafətlərin əsas iştirakçılarından biri də Hüsaməddin Məlikov olub. O zaman bu şəxs Tarif Siyasəti və Marketinq İdarəsində rəis müavini kimi "Azərbaycan Dəmir Yolları” QSC-nin tenderlərin qaliblərinin müəyyən olunmasında əsas söz sahiblərindən biri olub. Məlumata görə, Hüsaməddin Məlikov ölkə daxili və beynəlxalq yük daşımalarda əsas söz sahiblərindən də biri olub. Onun Rusiya Dəmir Yolları ASC-də yüksək vəzifə tutan Petronku soyadlı bir tələbə yoldaşı ilə bərabər işbirliklərinin olması haqqında iddialar var. Bütün bu iddialar araşdırmamızın mövzusudur və DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsi tərəfindən aparılan cinayət işi çərçivəsində həqiqətlərin üzə çıxması üçün media mənsubu olaraq əlimizdən gələni etməyə çalışacağıq. Araşdırmada adları çəkilən qurum və şəxslərin mövqelərini də dinləməyə hazırıq. Əlbəttə onların deyiləcək sözləri varsa...
"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu